Deputat gəncləri Azərbaycanın təbliğində fəal olmağa çağırıb

Deputat gəncləri Azərbaycanın təbliğində fəal olmağa çağırıb

Cəmiyyət
15 Aprel 2017, 18:46 471
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, dəstəyi və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə universitetin tələbələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq, həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var.

O deyib ki, qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan Q.Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib.

Deputat qeyd edib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Q.Paşayeva "biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”- deyib: "Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik”.

O deyib ki, toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: "Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan asılı olanlar, hüquqlarını bilməyən qadınlar var. Savadlı cəmiyyət savadlı ana olması vacib şərtlərdəndir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi gücləndirməyə ehtiyac var”.

Q.Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək - gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili - "Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz" deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də fikirlərini bölüşüb.

"Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır" - deyən millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb: "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir".

Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb.