• cümə, 26 Aprel, 05:31
  • Baku Bakı 16°C

Ödəniş vasitələrinin yeni mərhələsi - bitkoinlər

06.12.17 11:00 3124
Ödəniş vasitələrinin yeni mərhələsi - bitkoinlər
Son dövrlər "bitkoin” haqqında xəbərlərə rast gəlirik. Demək olar ki, hər kəs bundan danışır, sosial şəbəkədə müxtəlif məzmunlu fikirlər paylaşılır. Maraqlıdır, bəs bu "bitkoin” nədir? Böyük şirkətlər bu texnologiyanı mənimsəməyə başlayıblar
Mediada blokçeyn və kriptovalyuta mövzusunun təbliğ olunmasında fəal iştirak edən tanınmış jurnalist Nicat Dağlar deyir ki, bitkoin yeni dövrün ödəniş vasitəsidir və bizim bildiyimiz ənənəvi kağız və dəmir pullardan fərqlənir. Çünki sadəcə elektrondur, əldə deyil: "İnsanlar bu kriptovalyuta ilə maraqlanırlar, amma daha da dərinliyinə gedib, hansı texnologiyaya əsaslandığını bilmək istəmirlər. Həmin texnologiyanı mənimsəmədən kriptovalyutanın istər üstünlükləri, istərsə də riskləri barədə məlumatsız olurlar. Texnologiya blokçeyn adlanır. Blokçeyn blokların zənciri deməkdir. Bu texnologiya demək olar, bütün dünyanı əhatə edərək irəliləyir. Yəni bir çox böyük şirkətlər bu texnologiyanı mənimsəməyə başlayıblar. Həmçinin dövlətlər bir sıra sahələrdə bu texnologiyanın tətbiqinə keçirlər. Təbii ki, indi insanlara maraqlı gələcək ki, bu blokçeyn nədir? Belə izah edə bilərəm ki, bu texnologiya kağız üzərində olan bir çox sənədləri, arxivdə qalan kağız materialları, həmçinin kağız puldan istifadəni yavaş-yavaş sıradan çıxaracaqdır. Bütün bu kimi kağız sənədləri elektronlaşdırıb böyük bir baza yaradır. Bu qlobal bir reyestrdir. Biz çox istərdik ki, insanlarımız bunu mənimsəməyə başlasınlar. Mən şəxsən özüm bu sahə ilə maraqlanıram. Və çalışıram ki, bütün yeniliklərdən xəbərdar olum”.
Müsahibimiz qeyd edir ki, Azərbaycanda ilk dəfə olaraq "Azərenerji” blokçeyn texnologiyasını araşdırıb, öyrənməyə başlayıb. Araşdırmaya müəyyən mütəxəssislər cəlb olunub: "İnanıram ki, digər bütün qurumlarımız da tədricən bu texnologiyaya keçəcəklər. Kriptovalyuta da blokçeyn texnologiyasının tərkib hissəsidir. Kriptovalyuta ödəniş vasitələrinin tarixən keçdiyi inkişaf mərhələsində növbəti səhifədir. Yəni bu daha modern dövrün tələbidir. Hər şey getdikcə dəyişib inkişaf edir. Bu gün baş verən texnoloji inkişaf əlbəttə ki, ödəniş vasitələrinə də öz təsirini göstərməli idi. Dünyanın ilk kriptovalyutası bitkoindir. Bu gün bir çox koin növləri mövcuddur və bitkoin də onlardan ən populyarıdır”.
"Azkoin” layihəsi
Nicat Dağlar "Azkoin” layihəsindən də danışdı: "Azərbaycanda yaxşı bir pilot layihə ortaya qoyulub. Bu, "Azkoin” adlanır. Hansı ki, dünyada ilk dəfə adında ölkə adı əks olunan kriptovalyuta layihəsidir. Hazırda bir sıra ölkələr var ki, bizdən sonra onlar da öz adlarına uyğun koinlər dövriyyəyə buraxmağı düşünürlər. Azərbaycan bir sıra işlərdə ilklərə imza atıb. Bu zaman sual yaranır ki, niyə kriptovalyuta sahəsində də öncüllərdən olmayaq? Söhbət onda deyil ki, biz günü sabah bunu tətbiq etməyə başlayaq. Yəni 2-3 ilə Azərbaycan da bu prosesə tam qoşulmalıdır. "Azkoin” üzərində təkcə yerli deyil, həm də bu sahədə ixtisaslaşmış yüksək səviyyəli xarici mütəxəssislər çalışıb. Bu, çox nəhəng layihədir və burada böyük bir komanda işləyir.Artıq smartfonlar üçün rəqəmsal cüzdanlar da hazırdır. Android proqramları üçün nəzərdə tutulan cüzdanları çox asanlıqla Google Play-dən yükləmək mümkündür”.
Hazırda bitkoinin belə yüksək qiymətləndirilməsi ona olan maraqla əlaqədardır, deyən Nicat Dağlar düşünür ki, getdikcə proseslər öz axarına düşdükdən sonra koinlər stabil dəyər alacaqlar: "Bəzi iqtisadçılar dövlətin bu işin arxasında dayanmadığını vurğulayırlar. Bu təbiidir, çünki hələ ki bu sistem yenidir. Məncə, müəyyən müddətdən sonra dövlət də bu işin arxasında olacaq. Bu, unikal kodlarla idarə olunan bir sistemdir. Və həmin kodlar bir smatfonda və ya kompüterdə yox, milyonlarla kompüterin birləşdiyi qlobal bazada yerləşəcək”.
Elektron pulqabınız ancaq sizin barmaq izinizi tanıyacaq
Müsahibimiz koinlərin təhlükəsizliyindən də danışdı: "Kriptovalyutada bütün kodlar unikaldır. Ona müdaxilə etmək, dağıtmaq mümkün deyil. Elektron pulqabınız da kodla işləyir. Əgər başqası sizin hesaba girmək istərsə, dərhal bütün məlumatlar bloklanır. Bu bloku yalnız sizin bildiyiniz informasiyalara əsasən açmaq olar. Yəni sizdən icazəsiz kimsə sizin hesabı sındırsa belə, çox irəliləyə bilməyəcək. Ən son təhlükəsizlik qaydası isə barmaq izi olacaq. Elektron pulqabınız ancaq sizin barmaq izinizi tanıyacaq. Hər şey yavaş-yavaş tənzimlənəcək. Bütün dövlətlərin təhlükəsizlik orqanlarının bu sahə üzrə fəaliyyəti olacaq”.
Jurnalist bildirir ki, bu gün birjalarda kifayət qədər azərbaycanlı var ki, bitkoinlərdən istifadə edir: "Söhbət ondan getmir ki, azərbaycanlılar 10 min dollar verib bitkoin alırlar. İnsanlar bitkoinin özünü yox, qəpiyini alırlar. Bu qəpik "satoşi” adlanır. Bir bitkoinin tərkibində 100 min satoşi var. Bizimkilər satoşi alır. Və bitkoinin dəyəri qalxdıqca, onun qəpiyinin də dəyəri yüksəlir. İnsanlar 2-3 gün ərzində satoşiyə qoyduğu pulun 25-30 faizini qazanırlar. Bunu da qeyd edim ki, təkcə bitkoinə pul qoymurlar, hazırda yeni yaranan bir neçə koinlər var ki, inkişaf etmək mərhələsindədirlər. Və onlar çox ucuzdurlar”.
Hazırda bu valyuta növü investorların marağını cəlb edə bilir
İqtisadçı Rəşad Həsənovbildirir ki, bitkoinin Azərbaycan iqtisadiyyatına təsirindən danışmaq üçün tezdir: "Düzdür, müəyyən fərdi şəxslər onun alışı və satışını onlayn formada həyata keçirə bilirlər. Və investisiya məqsədi ilə də yatırımlar olur. Lakin həmin yatırımlar iri həcmli deyil. Bu baxımdan da valyutanın bizim iqtisadiyyata təsirindən danışmaq hələ tezdir. Amma ümumilikdə götürəndə, bitkoinlər son illərin ən məşhur valyuta formalarından biri sayılır. Ancaq bu valyutanın konkret qurum və dövlət olaraq güvənilir bir təsisçisi olmadığından, bəzi hallarda onun etibarlılığı və dayanıqlığı ilə bağlı şübhələr ortaya çıxır. Hətta bunu deyənlər arasında Nobel mükafatı laureatı olan iqtisadçılar da var. Və Avropa Mərkəzi Bankı, Federal Ehtiyat Sistemi dəfələrlə bu istiqamətdə öz xəbərdarlıqlarını açıqlayıblar. Valyuta faktiki olaraq iqtisadi dayağa malik deyil. Onlayn bazarda ticarət əməliyyatlarında əvəzedici vasitə olaraq istifadə edilir. Belə olduğu təqdirdə də müəyyən risklərin olması başa düşüləndir”.

Müsahibimiz deyir ki, hazırda mövzunun aktuallığını əsaslandıran mühüm məqam son günlərdə kriptovalyutanın qiymətində müşahidə olunan bahalaşmadır: "Bütövlükdə götürəndə, bu valyuta dünyanın marağını üzərinə çəkə bilib. Bir sıra maliyyəçilər hesab edir ki, gələcəyin əsas valyuta növüdür. Həqiqət ondan ibarətdir ki, hazırda bu valyuta növü investorların marağını cəlb edə bilir. Və faktiki olaraq ona bazarda tələb yüksəkdir. Bitkoinlərin dövriyyəsi təxminən 144 milyarda qalxıb. Bu da onu deməyə əsas verir ki, köpüklərin formalaşması ehtimalı çox yüksəkdir. Belə qısa müddətdə bu qədər bahalaşma son olaraq qiymətin korreksiyası ilə nəticələnə bilər. Və korreksiya zamanı da böyük itkilər yarana bilər”.
Bu pul vahidi ilə bağlı informasiyalılıq kifayət qədər məhduddur
Ekspert elektron pulun ölkəmizdə istifadəsindən də danışdı: "Azərbaycanda istifadə məsələsinə gəlincə isə, faktiki olaraq bu valyuta növünü əldə etmək mümkündür. Onlayn formada alışı və satışını həyata keçirən şirkətlər var. Amma buna baxmayaraq bu pul vahidi ilə bağlı informasiyalılıq kifayət qədər məhduddur. Belə bir şəraitdə kriptovalyutaya olan marağın azlığı başa düşüləndir. Mərkəzi Bank isə bu istiqamətdə ehtiyatlıdır. Hələlik bu valyuta növünün rəsmi ödəniş vasitəsi kimi qəbul edilməsi haqqında qərarı yoxdur. Həmçinin bu kriptovalyutanın tədavülünün təşkil olunması üçün qanunvericilik bazası da mövcud deyil. Amma düşünürəm ki, növbəti illərdə bu istiqamətdə müəyyən addımların atılması gözləniləndir”.
İqtisadçı bildirir ki, əgər bu pul vahidi dünyada qlobal trendə çevrilərsə, Azərbaycan da geri qalmamalıdır: "Böyük ehtimalla kriptovalyutanın digər növləri də daxil olmaqla, bitkoinlər dünyada ticarət dövriyyəsində və birjalarda əsas alətlərdən birinə çevrilərsə, bu zaman ölkəmizin də xarici ticarət tərəfdaşlarından bənzər təkliflərin səslənməsi mümkündür. Və Azərbaycan da ticarət əlaqələrinin gələcək taleyini risklərdən sığortalamaq məqsədi ilə bitkoinlərin tədavülü haqqında hüquqi bazanın formalaşması istiqamətində müəyyən addımlar atmalı olacaq”.
Qlobal iqtisadiyyatın yeni vasitəsi
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyir ki, bu, qlobal iqtisadiyyat üçün yeni bir vasitədir: "Azərbaycan kimi ölkələrin iqtisadiyyatına bu valyuta növünün necə təsir edəcəyi haqqında nə isə demək hələlik tezdir. Çünki qlobal iqtisadiyyat üçün bunun əhəmiyyəti, gələcəyi və digər bu kimi suallar cavabsız qalır. Bitkoin elektron ödəniş vasitəsidir. Və onun qısa müddətdə belə ciddi şəkildə dəyər qazanması və ya qiymətinin tez-tez dəyişməsi də göstərir ki, dünya iqtisadiyyatının aparıcı qüvvələri belə, bu valyuta haqqında konkret proqnoz vermək imkanında deyillər. Bitkoinin bu cür dəyər qazanması bir sıra mübahisələrə gətirib çıxarır. Bəziləri düşünür ki, o, zamanla avronu, dolları və bu kimi digər pul vahidlərini sıradan çıxaracaq. Amma əslində çox da dərinə getmədən, ötəri analizdən belə nəticəyə gəlmək olar ki, bu mümkün deyil. Belə bir vasitənin Azərbaycan kimi xırda ölkələrin iqtisadiyyatı üçün ciddi əhəmiyyət kəsb edəcəyi barədə hətta yaxın 5 ildə nə isə danışmaq qeyri-realdır. Azərbaycanda bitkoinlərə maraq müəyyən təbəqədən olan sahibkarlarda ola bilər”.
Günel Azadə

banner

Oxşar Xəbərlər