“Demokrat”ların antidemokratik qərarı və “yaş senzi” mitinqləri
05.02.21 11:07
1050
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa
rayonuna xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda
1992-ci ildə Şuşa
və Laçının erməni quldur dəstələri
tərəfindən işğal olunması faktına bir daha toxunaraq, qeyd etdi ki, "Şuşanın
1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi… O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə
gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı və o vaxtkı hakimiyyəti
yıxmaq üçün Şuşanı faktiki olaraq düşmənə təhvil verdilər… Şuşa və ondan bir neçə
gün sonra Laçının işğal altına düşməsi
nəticəsində o vaxtkı hakimiyyət hərbi çevriliş yolu ilə hakimiyyətdən
kənarlaşdırıldı və nəticədə AXC-Müsavat çütlüyü hakimiyyətə gəldi... Ondan
sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər
xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil veriblər…
və s”.
Bu çıxışın ardından bəhs olunan düşərgənin bir çox təmsilçiləri
özlərinin xaricdən idarə olunan çoxsaylı sosial şəbəkə ünvanlarında ölkə
prezidentinin səsləndirdiyi haqlı irada qarşı çıxaraq, Azərbaycan ziyalılarının
və ictimai fəalların 1992-ci ildə Milli
Məclisin binası qarşısında keçirdiyi
"yaş senzi mitinqləri”ndən görüntülər göstərərək "hakimiyyət uğrunda mübarizəni həmin dövrdə
AXC-Müsavatın deyil, YAP-ın aparması” iddiası ilə çıxış etməyə başlamışlar. Bununla bağlı hakim
partiyanın Siyasi Şurasının üzvü Musa Musayev fevralın 4-də həmin şəbəkə
ünvanlarından birinə müsahibə verərək YAP-çıların bəhs olunan etiraz
tədbirlərinə qalxmasının əsas səbəbləri haqqında öz əsaslı fikrini bildirdi.
Mən də bu günkü məqalədə həmin tədbirlərin iştirakçılarından biri kimi və YAP-ın
İdarə Heyətinin hazırda üzvü olaraq, bəhs olunan dövrdə cərəyan edən proseslər
haqqında bəzi fikirlərimi paylaşmaq istəyirəm.
* * *
2019-cu il noyabr ayının 21-də yazdığım və "facebook” səhifəmdə
paylaşdığım statusda qeyd etmişdim ki, 1990-cı il yanvarın 20-də Bakıda sovet
qoşunları tərəfindən törədilən qanlı hadisələrin səbəbkarı olan SSRİ və
Azərbaycan rəhbərliyini növbəti gün Moskvadakı daimi nümayəndəliyə gələrək açıq
formada ittiham edən Heydər Əliyev sonrakı günlərdə Kremlin ciddi təzyiqləri
altında öz doğma vətəninə - Azərbaycana qayıtdı. Həmin dövrdə Ayaz Mütəllibov
hökuməti Heydər Əliyevə Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun
22-də, yəni, Moskvadan qayıtdıqdan cəmi iki gün sonra o paytaxtı tərk edərək
Naxçıvana üz tutdu.
1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisi təşəbbüs
göstərərək Heydər Əliyevi həm Azərbaycan SSRİ Ali Sovetinə, həm də Naxçıvan
MSSR Ali Sovetinə deputat seçdi. MR Ali
Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasında Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından
"sovet” və "sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı
dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali
Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı
kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət
orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının müstəqil
dövlət rəmzləri haqqında analoji qərarlar qəbul edilsin.
Heydər Əliyevin təşəbbüsü ilə qəbul
edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı
proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin
sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin
Naxçıvana gəlişi ilə Azərbaycan xalqının milli azadlıq hərəkatının mərkəzi də
Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri faktiki olaraq Heydər Əliyev
oldu.
Sonrakı proseslərdə Heydər Əliyevin deputat
kimi nümayiş etdirdiyi ardıcıl və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın
müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi ardıcıl və
qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli
təklifləri onu tezliklə Azərbaycandakı milli azadlıq hərəkatının gerçək
liderinə çevirdi.
Milli azadlıq hərəkatının mərkəzinin
Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli
liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində
Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə
səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi
ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəallarının böyük bir qismi
Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına həqiqi
mütəşəkkillik, ardıcıllıq və vətəndaş birliyi ruhu gətirdi, Azərbaycan xalqı
milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən Mütəllibovun
kommunist rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev
Azərbaycan Ali Sovetindəki "demblok” nümayəndələrini də milli azadlıq hərəkatı
ideyası altında öz ətrafında birləşdirərək, yerli kommunist hökumətinin
iradəsini sındıraraq oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının
qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin
edilməsinə nail oldu. Bundan əvvəl Ümummilli Lider Azərbaycan rəhbərliyinin
SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə qoşulma cəhdinə də
hamıdan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı
çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni
ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum
keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.
Beləliklə, bütün bu proseslərin nəticəsi
olaraq kommunistlərin təkidlə həyata keçirmək istədiyi həm "yenilənmiş SSRİ
müqaviləsi” layihəsi, həm də nüfuzdan düşmüş yerli kommunist hökumətinin özü
iflasa uğradı. Cəbhə-Müsavat dairələri ölkədə kommunist rejiminin mövcud
acınacaqlı vəziyyətindən istifadə edərək əvvəl Ayaz Mütəllibovu istefa ərizəsi
yazmağa məcbur etdi, sonrakı dövrdə isə
onun təkrarən hakimiyyətə qayıtması cəhdinə silahlı müqavimət göstərərək,
ölkənin kommunist hökumətini bütövlükdə devirdi və hakimiyyəti ələ keçirdi.
Həmin dövrdə milli-demokratik hərəkat rəhbərləri azadlıq və demokratiya
prinsiplərinə, respublikada yenicə yaranmaqda olan milli birlik və ədalətli
seçki normalarına zidd hərəkət edərək, Heydər Əliyev kimi təcrübəli bir liderin
demokratiya və milli azadlıq mübarizəsi istiqamətindəki xidmətlərinə qarşı çox
ədalətsiz bir gediş etdilər. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində
AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə
baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta
parlamentdən onunla telefon əlaqəsi yaradılmasına ciddi mane oldular.
Cəbhəçilər "öz namizədlərinin sədr seçilməsinin hansısa doqquz xarici dövlətlə
razılaşdırılması” barədə cəfəng fikirlər səsləndirərək hakimiyyət iddialarını
qeyri-demokratik yolla reallaşdırdılar.
Göründüyü kimi, Heydər Əliyevin nüfuzu və xalq
hərəkatının təsirindən bəhrələnərək Mütəllibovun kommunist rejimindən
qurtulandan və ölkədə siyasi situasiyaya nəzarəti tam ələ aldıqdan sonra
"demokratik” cəbhə düşərgəsini təmsil edən dairələr davamlı olaraq özlərinin
təlqin etdiyi demokratiya və insan hüquqları normalarına zidd hərəkətlər etməyə
başladılar. Xüsusən də, Azərbaycan xalqının böyük etimadını qazanmış Heydər
Əliyevi və onun yaratmağa hazırlaşdığı Yeni Azərbaycan Partiyasını gələcəkdə
özlərinə ciddi rəqib sayaraq, AXC-Müsavat başbilənləri bütün vacib işlərini bir
kənara qoyub onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə başladılar. Elə
həmin dövrdə də o müdhiş antidemokratik "yaş senzi” müddəasını ölkə Konstitusiyasına
daxil edərək, Heydər Əliyevin növbəti prezident seçkilərindəki iştirakını
əngəllədilər. Bu azmış kimi, 1992-1993-cü illərdə antidemokratik üsullarla,
silahlı cəbhəçilərin vasitəsilə bir neçə dəfə Naxçıvanda dövlət çevrilişinə,
Ali Məclis sədri kimi Heydər Əliyevin
fiziki varlığına son qoymağa cəhd göstərdilər.
Beləliklə, 1992-ci ilin
aprel-may aylarında Milli Məclis qarşısında ölkə ziyalılarının, geniş ictimaiyyətin və YAP təşəbbüs qrupu
üzvlərinin (həmin dövrdə YAP hələ təsis olunmamışdı) toplaşdığı bir neçə
həftəlik etiraz aksiyaları keçirildi. Bu aksiya bu gün bəzilərinin iddia etdiyi
kimi, YAP-çıların hakimiyyət uğrunda mübarizəsi deyildi, əksinə ölkə ictimaiyyətinin
özlərini demokrat adlandıran kəsimin konstitusiyaya antidemokratik bir müddəa
daxil etməsinə qarşı qaldırdığı etiraz aksiyası idi. Bu etiraz məhz özlərini
"demokrat” adlandıraraq, əslində antidemokratik yollarla hakimiyyəti ələ
keçirən, sonrakı dövrdə isə ölkə konstitusiyasına belə bir biabırçı "yaş senzi”
məhdudiyyəti daxil edərək, Heydər Əliyev kimi nüfuzlu rəqiblərini prezident
seçkilərindən kənarda saxlamaq istəyən dairələrə qarşı çevrilmişdi. Odur ki,
ölkə prezidenti tamamilə haqlı olaraq qeyd edir ki, bəhs olunan dövrdə
qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən və hakimiyyət
uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün və hələ də Moskvadan müvafiq
komanda gözləyən mövcud kommunist rejiminin fəaliyyətsizliyinin nəticəsi idi
ki, 1992-ci ildə Şuşa və Laçın işğal olundu. Bunun ardınca, AXC-Müsavat cütlüyünün
bir illik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə,
milli-vətəndaş birliyi ideyasına böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi
həddinə sürükləndi və nəticədə Şuşa və Laçının ardıca Kəlbəcər və digər
Azərbaycan torpaqları erməni hərbi birləşmələri tərəfindən işğal olunmağa
başlandı.
21 noyabr 1992-ci il -
Azərbaycanda YAP-ın və sivil müxalifətçilik ənənəsinin yaranma tarixi
Mövcud hakimiyyətin yarıtmaz siyasətinin nəticəsi
olaraq, gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını, yaxınlaşan milli
fəlakəti hamıdan qabaq duyan və buna müqavimət göstərməyi qarşılarına məqsəd
qoyan bir qrup vətənpərvər ziyalı bəhs olunan dövrdə bir araya gələrək, 1992-ci
il oktyabrın 16-da Heydər Əliyevə müraciət ünvanladı. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu
fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün xalqı, sağlam düşüncəli
bütün qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir ümumxalq partiyasının
yaradılması və ona rəhbərlik etməsi məsələsinə münasibət bildirməyi Heydər
Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə
daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş
qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən bir lider olaraq Heydər
Əliyev əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin
tələblərini cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra -
oktyabrın 24-də "Səs” qəzetində ölkə ziyalılarının müraciətinə Heydər Əliyevin
cavabı dərc olundu. Bu, əslində adi bir cavab deyildi, Azərbaycanın mövcud
fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən
ciddi bir milli fəaliyyət proqramı idi.
Sonrakı prosesləri,
hörmətli oxucuların yadına salmaq istəyirəm: Heydər Əliyevin qurub-yaratdığı və
demək olar ki, bütün geniş iclas salonlarını inşa etdiyi Bakı şəhərində onun
adı ilə yaradılan partiyaya qurultay keçirməyə yer və imkan verilmədi. Odur ki, ölkənin dörd bir yanından Naxçıvan şəhərinə
axışan ziyalılar, partiya qurucuları soyuq və şaxtalı 21 noyabr günündə Yeni
Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı təsis etdilər. Cəmi 7 ay
sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə ümumxalq partiyasının sədri,
Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı.
Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi
potensialı hakimiyyət ətrafında səfərbər edilərək Azərbaycanı sonrakı labüd
iflasdan xilas etdilər.
Heydər Əliyev 1993-2003-cü illərdə
Azərbaycan Respublikasının Prezidenti kimi xalqına arxalanaraq və YAP sədri
kimi partiyasının kadr potensialına söykənərək özünün zəngin dövlətçilik
təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli, müdrik,
effektli idarəçilik həyata keçirdi. Azərbaycanın dövlət müstəqilliyini və milli
inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi
plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı normalarını dönməz hala
gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın
dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və
lideri kimi həkk etdi.
Ulu Öndərin haqq dünyasına qovuşmasından keçən son 17 il ərzində
Azərbaycanda onun siyasi varisi- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən qətiyyətli siyasət, görülmüş nəhəng işlər, qazanılmış böyük uğurlar
və qələbələr Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanır və tam
dəstəklənir. İlham Əliyevin qətiyyətli
iradəsi və rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanmış İkinci Qarabağ
müharibəsi noyabrın 10-da qalibiyyətlə başa çatdı və son əlli ildə dünyada
yaşanan müharibələr içərisində "qısa müddət ərzində çox böyük effektli sonluqla
yekunlaşan müasir müharibə nümunəsi” kimi tarixə düşdü.
Mövcud müharibə nəticəsində
Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT və s. kimi
təşkilatların "sülhyaratma dəhlizləri”ndə düyünə salınmış Dağlıq Qarabağ
münaqişəsi və işğal problemini öz gücü ilə həll etmişdir. 30 ilə yaxın bir müddətdə erməni işğalı altında
tapdanan tarixi torpaqlarımızın və yüzlərlə yaşayış məskənlərimizin geri
qaytarılması, ev-eşiyindən didərgin salınmış yüz minlərlə vətəndaşımızın öz
doğma yurd-yuvasına qayıdışına şərait yaradılması müstəqillik dövründə
xalqımızın verdiyi bütün şəhidlərin ruhuna ciddi bir təsəlli hədiyyəsi hesab
oluna bilər!
İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin qətiyyətli
rəhbərliyi altında, bir daha bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və
qələbə əzmini, lazımi anda öz dövləti ətrafında birləşmək bacarığını və Vətən üçün canını qurban vermək
iradəsini nümayiş etdirdi. Bu gün tam
məsuliyyətlə və qürur hissi ilə söyləmək olar ki, Müzəffər Ali Baş Komandan-
Prezident İlham Əliyevin erməni işğalçılarına qarşı Qarabağda həyata keçirdiyi
VƏTƏN MÜHARİBƏSİ tariximizin əsl qəhrəmanlıq səhifələri kimi əsrlər boyu
xalqımızın yaddaşına həkk olunaraq, milyonlara həqiqi qürur hissi yaşadacaqdır!
İkinci Qarabağ müharibəsindən sonra keçirilən ictimai
sorğuların nəticələri də göstərir ki, xalqın dəstəyi ölkə Prezidenti və YAP
sədri kimi cənab İlham Əliyevə müstəqil, prinsipial və milli maraqları ifadə
edən qətiyyətli siyasət yürütməyə hərtərəfli imkan verir. Belə liderə və onun
müzəffər partiyasına qalib gəlməksə heç bir qüvvəyə, ələlxüsus da radikal
qüvvələrə nəsib olmayıb, bundan sonra da olmayacaq.
Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu
Öndərin söylədiyi müdrik bir kəlamı - "zaman hər şeyi öz yerinə qoyur”
ifadəsini bir daha təsdiq edir.