Dədə Qorqud yurdunun yeni yadigarı - Fotolar
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun "Naxçıvan Muxtar
Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və
pasportlaşması işinin təşkili haqqında” 06 dekabr 2005-ci il tarixli Sərəncamından
sonra Naxçıvan Muxtar Respublikasının ərazisində 1200-dən artıq abidə qeydə
alınmışdır. Bu abidələrdən biri də Şahbuz rayonunun Külüs kəndi yaxınlığında
olan Əyrək yaşayış yeri idi. 2020-ci ilin may ayında aparılan axtarışlar zamanı həmin yaşayış
yerinin yaxınlığında qədim qəbiristanlıq da aşkar olunmuşdur. Əyrək və Səkrək.
Dədə Qorqud dastanında xatırlanan bu igidlərin birinin adı ilə bağlı yurd yeri
Naxçıvanın qərb ucunda, o biri isə şərq ucundadır. Bəli ərənlər bu dünyadan
köçüb getmiş, onların yurd yerləri və məzar daşları bizə yadigar qalmışdır. Əyrək
yaşayış yerinin və Əyrək nekropolunun əyilmiş, dağılmış daşlarına baxdıqca Dədəm
Qorqudun bu sözləri yada düşür:
Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl
aldı, yer gizlədi.
Fani dünya kimə qaldı.
Gəlimli-gedimli dünya,
Son
ucu ölümlü dünya.
Əyrək nekropolu Külüs kəndinin
qurtaracağında, Keçiliyə gedən yolun sol tərəfində, təpənin ətəyində yerləşir.
Nekropoldakı əksər qəbir daşları naxışsız olsa da, burada olan qoç daşı, üzərində
insan və heyvan təsvirləri olan sinə daşları, heykəl formasında hazırlanmış
monumental abidələr ulu tariximizin bir parçasını özündə əks etdirmişdir. Böyük
qaya parçasından ustalıqla yonulub hazırlanan qoç daşı ulu türk əsgərinin qürur
dolu əzəmətini özündə əks etdirir.
Naxçıvanda qoçşəkilli qabartma təsvirlər
Eneolit dövrünə aid Ovçular təpəsi
yaşayış yerindən, Erkən Tunc dövrünə aid gil qoç fiqurları Kültəpə və Maxta
Kültəpəsi yaşayış yerlərindən məlumdur. Araşdırmalar göstərir ki, xırdabuynuzlu
heyvandarlıq hələ Neolit dövründən – e.ə. VII minillikdən başlayaraq ulu əcdadlarımızın
iqtisadiyyatında mühüm yer tutmuşdur. Zamanla Azərbaycanda yaşayan tayfalar
arasında həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlara sitayiş yaranmış,
onların heykəlləri hazırlanmış və bu heykəllərdən qəbir daşları kimi də istifadə
olunmuşdur.
Qəbir daşlarından birinin üzərində
əllərini sinəsi üstündə çarpazlayan insan obrazı təsvir edilmişdir. Qeyd etmək
istəyirik ki, bu tip təsvirlər və heykəllər İran Azərbaycanında və Azərbaycan Respublikasının
ərazisində e.ə. birinci minillikdən başlayaraq geniş yayılmış və türk xalqları
ilə bağlı olduğu söylənmişdir. Bu tip qəbir daşları qədim türk tayfaları olan
Skiflərdə də geniş istifadə olunmuş və XIX əsrədə belə Mərkəzi Asiyanın türk
xalqları arasında geniş yayılmışdır. Əyrək nekropolunda aşkar olunan qəbir daşı
isə Orta əsrlərə aiddir. Ümumiyyətlə, bu tip abidələrdə əlində qab tutan insan
təsvirləri haqqında, xüsusilə insanın əlindəki qab haqqında müxtəlif fikirlər
söylənmişdir. Bəziləri bunun su qabı, bəziləri isə o dövrdə qiymətli olan metal
qabı kimi dəyərləndirilmişdir. Apardığımız araşdırmalar göstərir ki, qəbir
daşları üzərində olan təsvirlər insanların axirət dünyası ilə bağlı müəyyən məna
ifadə etmişdir. Buna görədə ehtimal edirik ki, bu su qabı insanın ölüm şərbəti
içməsinə işarədir.
Maraqlıdır ki, digər bir qəbir
daşında yenə də bir əlində bir qabı tutan, digər əli ilə atın yüyənindən
yapışan sxematik insan təsviri var. Ümumiyyətlə, at Azərbaycan xalqının
mifologiyasında mediator – vasitəçi rolunda təsvir olunur. O, yeri, göyü və o
biri dünyanı bir-biri ilə əlaqələndirən mifoloji varlıqdır. Nağıllarımızda qəhrəmanlarımızın
at üstündə yeraltı dünyaya getməsi ilə bağlı epizodlar da az deyil. Şübhə
etmirik ki, bu qəbir daşı üzərindəki təsvir ölüm şərbətini içərək atının yüyənindən
tutan mərhumun dünyasını dəyişməsinin metaforik ifadəsidir.
Qəbir daşları üzərində Gəmiqayadakı
həyat ağacı təsvirlərinə bənzəyın rəsmlər də vardır. Bu isə əcdadlarımızın
minilliklərdən gələn inanclarının günümüzədək yaşadığını göstərməktədir. Bəzi qəbir
daşlarında ərəb qrafikası ilə kitabə var. Əyrək nekropolundakı qəbir daşlarının
stilistik xüsusiyyətlərini nəzərə alaraq onları hələlik VIII-XII əsrlərə aid
edirik. Ettimal ki, gələcək araşdırmalar daha dəqiq tarix deməyə imkan verəcək.
Bu daşlar bizim ulu tariximizin yadigarıdır. Bu maddi-mədəniyyət nümunələrini
qorumaq və yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Vəli Baxşəliyev,
AMEA-nın
müxbir üzvü, tarix elmləri doktoru,
professor