Dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biri
Müasir dünya təcrübəsinə
əsasən, insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən
biridir. Dünya Bankı və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan tədqiqatlar
göstərir ki, son dövrlərdə əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə
çarpacaq dəyişikliklər baş verir. Bu, özünü iqtisadiyyatda aksentin fiziki
kapitaldan insan kapitalına yönəldilməsində göstərir. Hazırda inkişaf etmiş ölkələrdə
insan kapitalının həcmi artıq 75 faizə çatır.
Bunu əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev Dünya Bankının Bakıda təşkil etdiyi "Azərbaycanda İnsan Kapitalı üzrə” Forumunun
açılışı zamanı çıxışında bildirib.
Nazir S.Babayev əmək,
məşğulluq, sosial təminat sahələrində aparılan islahatları qeyd edib. O, diqqətə
çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli
Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST”
mərkəzlərinin yaradılması işləri davam edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan "DOST” layihəsi dövlət
sosial xidmətlərinin geniş bir hissəsinin "bir pəncərə”dən operativ, şəffaf və
vətəndaş rahatlığı prinsipi əsasında, sadələşdirilmiş prosedurlarla təqdim
olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğuna nail olunması hədəfinə xidmət
edir. Nəticədə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik,
pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə (cəmi 124 xidmət üzrə) təkmil
və sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsinə və modernləşdirilməsinə nail olunacaq.
S.Babayev "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq
Strategiyası”nın əsas istiqamətlərini, "İşsizlikdən sığorta haqqında”, yeni "Məşğulluq
haqqında” Qanunları qeyd edib. O, dövlət məşğulluq xidmətlərinin müasir
tələblərə cavab verən, elektron texnologiyaların geniş tətbiqinə əsaslanan yeni
modelinin formalaşdırılması, əmək bazarının inkişafı, əmək münasibətlərinin
leqallaşdırılması, işçi qüvvəsinin keyfiyyətininin yaxşılaşdırılması istiqamətində
işlərin aparıldığını deyib.
Dövlət məşğulluq siyasətinin mötəbər
beynəlxalq təşkilatlarla, xüsusilə Dünya
Bankı, Beynəlxlaq Əmək Təşkilatı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı və digər
təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində
formalaşdırılaraq həyata keçirildiyini deyən nazir Azərbaycanda insan
kapitalına yönəldilən vəsaitin cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş
investisiyalar kimi qəbul olunduğunu, dayanıqlı iqtisadi artımın əsas şərtlərindən
birini təşkil etdiyini deyib.