• cümə, 26 Aprel, 23:46
  • Baku Bakı 22°C

Daşınmaz əmlakın kadastrı sistemi inkişaf edəcək

16.07.16 10:18 1820
Daşınmaz əmlakın kadastrı sistemi inkişaf edəcək
Bu günlərdə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Proqramda qanunvericilik bazasının təkmilləşdirilməsi və hüquqi təminat, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılması, texniki və funksional modernləşdirmə və kadr siyasəti ilə bağlı bir çox məsələlər əks olunub. Bəs ümumilikdə bu proqram daşınmaz əmlak sahəsində hansı yenilikləri vəd edir?
Milli Məclisin İqtisadi siyasət komitəsininüzvü, milət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, kadastr sisteminin qurulması çox vacibdir. Çünki kadastr sistemini qurmaqla, onu elektron xidmətə keçirməklə bu sahədə problemlərin həllinə nail olmaq mümkündür: "Bu yaxınlarda ölkə başçısı torpaqla əlaqədar müəyyən narahatçılığını bildirdi. Dedi ki, məmurlar torpaqları alırlar, amma istifadə olunmur, buna görə də kənd təsərrüfatı təyinatlı torpaqlar istifadəsiz qalır. Kadastr xidmətinin də işi ondan ibarətdir ki, Azərbaycanda bu sahədə qeydiyyat aparılsın, istifadə olunub-olunmamaq məsələsi öz həllini tapsın. Kadastr xidməti əsasən bundan ötrüdür. İstənilən vaxt, istənilən nöqtədə istənilən əmlak, torpaq sahəsinə baxırsan ki, hansı vəziyyətdədir, istifadə olunurmu, satılıbmı? Bu xidmət bizdə çox kobud şəkildə aparılırdı. İndi bu xidmətin yenidən qurulması istiqamətində işlər aparılır. Bu sistemin vacib olduğunu düşünürəm. Ona görə bunu tez bir zamanda yaratmaq lazımdır”.
V.Əhmədov deyir ki, geniş şəkildə hazırlanan proqramda bir çox məsələlər öz əksini tapıb: "Burada qeydiyyat yalnız şəxsi mülkiyyətə aid olmayacaq. Sovet vaxtından qalan, fəaliyyət göstərməyən müəssisələr, təsərrüfat obyektləri də var. Bütün bunların kadastrını çıxarmaq lazımdır. Ona görə də fəaliyyətsiz olan bu kimi obyektlərin istifadəyə cəlb edilməsi istiqamətində məqsədli işlər aparılır. Proqram 4 il ərzində nəzərdə tutulub. Lakin daha tez gerçəkləşdirilməsi üçün işlər görülməlidir. Amma elektron sistemin yaradılması elə də asan məsələ deyil. Bu, bir qədər vaxt aparan prosesdir. Çünki müəyyən sənədlər tələb olunur, müxtəlif proseslər aparılmalıdır”.
Millət vəkilinin sözlərinə görə, proqramda iki məsələyə diqqət yetirmək lazımdır. Onlardan biri kadastr məsələsində ən çətin proses olan əmlakın, torpağın qiymətləndirilməsidir: "İkincisi də bunların inventarizasiyasını aparmaq lazımdır. Çünki bu məsələ ilə vaxtında Əmlak Məsələləri Dövlət Komitəsi, ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsiməşğul oldu. Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda ölkə başçısının göstərişi ilə bu məsələ ilə bağlı iş apardı. Yəni hələlik inventarizasiya axıra qədər aparılmayıb ki, dəqiq müəyyənləşmə olsun. Bu hesablanma başa çatdırılmalıdır ki, qiymətləndirmə də aparılsın. Qiymətləndirmə mexanizmi hələ açıqlanmayıb. Qiymətləndirmə ilə bağlı müxtəlif metodlar var. Beynəlxalq qiymətləndirmə ilə yanaşı, respublikanın qiymətləndirmə cəmiyyətləri də var. Düşünürəm ki, əsas diqqəti bu iki məsələyə ayırmaq lazımdır”.
Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev deyir ki, bu proqram torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması, mülkiyyət hüquqlarının qeydiyyatı və mühafizəsi sistemlərinin təkmilləşdirilməsi, daşınmaz əmlakla bağlı münasibətlərin hüquqi bazasının yeni səviyyəyə çatdırılması və daşınmaz əmlakla bağlı bir çox məsələləri əhatə edir: "Proqramda bu sahələrin dünya standartlarına uyğunlaşdırılması əsas hədəf kimi göstərilir. Proqramın icrası zamanı bir sıra kütləvi xarakterli işlərin görülməsi nəzərdə tutulur. Məsələn, bütün əmlakların inventarlaşdırılması və onların əsasında elektron bazanın yaradılması gözlənilir. Bütün əmlaklar üzrə kadastr məlumatları həmin sistemdə çəmləşəcək. Bir sözlə, bütün əmlaklar haqqında məlumatlar bir elektron bazada yerləşdiriləcək”.
Ekspert bildirdi ki, proqramda rieltor institutunun inkişaf etdirilməsinə dəstək göstərilməsi də öz əksini tapıb: "Bazarda əmlak münasibətlərini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Ən vacib məsələlərdən biri isə mülkiyyət sahəsində hüquqi bazanın dünya standartlarına uyğunlaşdırılmasıdır. Ümumilikdə proqram bir çox istiqamətləri əhatə edir və bu işə cəlb ediləcək qurumlar əhəmiyyətli dərəcədə işlər görməlidirlər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər