• çərşənbə axşamı, 19 mart, 13:11
  • Baku Bakı 8°C

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından həmsədrlərə çağırış

15.08.19 11:50 6074
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından həmsədrlərə çağırış
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk qrupunun həmsədlərinə məktub ünvanlayıb.
Trend-in məlumatına görə, məktubda deyilir:"5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, "Pan-Ermənistan” oyunlarının açılışına qatılıb. Açılış "mərasim”ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərinin ilhaq siyasəti yürütdüyünü təsdiq edir”- deyilən məktubda qeyd edilir ki, "Paşinyanın bu sayıqlamaları əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub".
Etiraz məktubunda həmçinin bildirilir ki, XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir: "N.Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın hərbi işğalını gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimayyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir. Paşinyan "Qarabağ Ermənistanın tərkib hissəsidir” deməklə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur. Ermənistan baş nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri, ATƏT-in Minsk qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”.
Qeyd edək ki, bu məktub ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı, Minsk qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin baş katibinə, Avropa Şurası, Avropa İttifaqının müvafiq qurumlarına və digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.
Məktubu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və s. imzalayıblar.

banner

Oxşar Xəbərlər