• bazar, 15 Dekabr, 23:58
  • Baku Bakı 6°C

Cıdır düzündə havalandı Xanın səsi...

22.05.21 09:30 7528
Cıdır düzündə havalandı Xanın səsi...
Bu gün o gün idi - arzularımızın, dualarımızın gerçəkləşdiyi gün...
Nə qədər çətin, məşəqqətli illər yaşasaq da, sonda haqq qalıb gəldi. Bəlkə də yuxumuza, heç bir dəfə də olsun görmədiyimiz Cıdır düzü girəndə hər birimiz hansısa küncə çəkilib ah-nalə çəkmişik, özümüzdən xəbərsiz qəlbimiz qan-yaş töküb.
Amma əyilməmişik. Başımızı dik tutub düşmənin gözünün içinə baxaraq qələbəmizin uzaqda olmadığını diktə etmişik. Dedik və elə də etdik.
Qarabağ Azərbaycandır! Nida!.. Elə bu mesajla da hər şeyin əsası qoyuldu - düşmən qorxu, narahatlıq içində bizim müzəffər ordumuzun gələcəyi günləri saymağa başladı.
Və o gün yetişdi...
Qalib ordumuzun Sərkərdəsi, cənab İlham Əliyevin ətrafında hər birimiz yumruq olduq, dəmir yumruq. Elə bir yumruq ki, düşmənin başını əzdi, belini bükdü. Bir vaxt bərk-bərk tutuşub yallı gedən əlləri dibindən qıran, yallı yaylığını yas dəsmalına çevirən yumruq!
Bir də çətin ki, yallı gedələr, bir vaxt yad torpağında şənlik edənlər.
Çünki bu qalibiyyət yalnız döyüş meydanında qazanılmadı. Qalib Ali Baş Komandan öz gücü, qüdrəti ilə bütün dünyaya səs saldı.
Səlist nitqi, hər kəslə öz dilində danışmağı - bir sözlə, hər şeyi öz üzərinə götürdü - həm komandan oldu, həm jurnalist, həm siyasətçi...
Bu qədər əziyyətin bəhrəsini görmək də bir başqa, ifadəolunmaz hisslər yaratdı hər birimizdə. Hamımız əyləşdik televizorun qarşısında. Və səssiz, hərəkətsiz izlədik. Qürurla, fəxarətlə, böyük zövqlə.
Dilimizdə əzbərə çevrilən "Qarabağda, Şuşada keçirək bu günləri, o torpaqlarımızda səslənsin Xanın səsi” kəlmələri həqiqətə çevrildi o gün...
Bu, yalnız qələbə festivalı deyildi, həm də ölkəmizdə yaşayan millətlərin birliyinin bariz nümunəsi idi.
Həm də o gün bir müdrik atanın oğluna etdiyi vəsiyyətin gerçəkləşdiyi gün idi. Festivalın hər bir saniyəsi bizi bizdən alıb göyün yeddinci qatına aparırdı; gözlərimiz yaşla dolmuşdu o gün. Amma artıq bu göz yaşları kədərdən yox, sevincdən, fəxarətdən süzülürdü yanaqlarımızdan.
Göz yaşlarımız müqəddəs suya çevrildi. Çünki həmin göz yaşlarında neçə-neçə şəhid, qazi analarının sevinc göz yaşları vardı. O göz yaşlarında şəhidlərimizin ruhunun rahatlığı vardı.
Artıq yalnız sevincdən ağlayacağıq!
İndi bütün dünya bizdən danışır! Bütün dünya bizim qüdrətimizin, gücümüzün şahidi oldu!
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandanımız!
Qarabağ Azərbaycandır!
Nicat Dilqəmli,
BDU-nun Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi
banner

Oxşar Xəbərlər