Cənubi Qafqazın ən güclü ordusu
Bu gün
Milli Ordumuzun 101 yaşı tamam olur. Hələ 1918-ci ilin may ayının 28-də qəbul edilən İstiqlal Bəyannaməsində
qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili
düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı
qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli
dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.
Beləliklə, az sonra, yəni 1918-ci
il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi
hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk
demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca hökumət
tərəfindən ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman verildi.
Az vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə
olundu.
1991-ci il oktyabrın 9-da Azərbaycan
Respublikasının Ali Soveti Milli Ordunun yaranması haqqında qanun qəbul etdi.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun
Silahlı Qüvvələr günü elan edildi.
Millət vəkili Elman Məmmədovdeyir ki, Milli Ordu hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirəcək gücə
malikdir: "Hər bir Azərbaycan vətəndaşı, o cümlədən azərbaycanlı adını daşıyan
hər kəs bugünkü Azərbaycan ordusu ilə fəxr etməlidir. Çünki ordumuz müdafiə,
döyüş qabiliyyətinə görə dünyanın ən güclü 50 ordusu arasında yer alır. Bu, beynəlxalq
təşkilatların açıqladığı statistik göstəricilərdir. Təbii ki, biz buna görə
milli ordumuzla daim fəxr etməliyik. Ordumuzun hər bir əsgəri, hər bir zabiti
öz məsuliyyətini dərk edir. Hərbiçilərimiz başa düşür ki, onlar vətən, xalqın
qarşısında ən müqəddəs vəzifəni yerinə yetirir. Bu gün torpaqlarımızın 20 faizi
işğal altındadır. Biz öz torpaqlarımızı erməni işğalından azad etməliyik. Həmçinin,
Azərbaycanın dövlətçilik ənənələri və təhlükəsizliyi qorunmalıdır. Bu, milli
ordunun qarşısında dayanan ən mühüm vəzifələrdir. Əminik ki, onlar öz vəzifə
borclarının öhdəsindən ləyaqətlə gələrək torpaqlarımızı işğaldan azad edəcək. Ordumuz
buna qadirdir. Milli ordunun hər bir əsgər və zabitinə bu çətin və şərəfli
yolda uğur arzulayır, onlara yeni qələbələr arzu edirəm. İnşallah xalqımızın
sevinəcəyi gün uzaqda deyil. Bu sevinci isə bizə yalnız Milli Ordu Ali Baş
Komandanın rəhbərliyi ilə bəxş edə bilər. Bayram münasibəti ilə bütün
hərbçilərimizi təbrik edirəm”.
Ehtiyatda polkovnik,
hərbi ekspert Şair Ramaldanovbildirdi ki,ordumuzun gücünə hər kəs bələddir: "Bu gün Azərbaycan
ordusunun 101 yaşı tamam olur. 101 il əvvəl yaradılan Milli Ordu 1993-cü ildə
Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da gücləndi. Qarabağ
müharibəsində düşmənin dayandırılması, atəşkəs rejimi ilə bağlı sazişin
bağlanmasından sonra Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu işinə
yenidən baxıldı. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu
siyahısındadır. Bu göstərici isə dünyada ən nüfuzlu beynəlxalq qurumların
qiymətləndirilməsidir və hesab edirəm ki, kifayət qədər böyük uğurdur. Bu
göstərici onu deməyə əsas verir ki, Azərbaycan ordusu ən güclülər arasındadır.
Əgər bu gün milli ordumuz dünyanın ən güclüləri arasındadırsa, bu, Azərbaycan
xalqı və Ali Baş Komandanımızın sayəsindədir. Dövlət başçısı, Ali Baş Komandan
olaraq Azərbaycan ordusunun ən müasir silahlarla təchiz edilməsi ilə bağlı
göstərişlər verib. Ötən il ordumuzun 100 illiyi tamam olurdu. Bu münasibətlə
möhtəşəm parad təşkil olundu. O paradda Azərbaycan ordusunun hansı gücə malik
olduğu bütün ictimaiyyətə təqdim olundu. Bu gün milli ordumuz ən böyük
beynəlxalq yarışmalarda iştirak edir və bizim hərbiçilərimiz o yarışmalarda
Azərbaycanı layiqincə təmsil edir. Artıq irimiqyaslı təlimlərin keçirilməsi
ənənəvi hala çevrilib. İl ərzində bir neçə dəfə Azərbaycan ordusu irimiqyaslı
təlimlər həyata keçirir. 20-25 minlik ordu ilə təlim keçmək həqiqətən də yüksək
səviyyədə peşəkarlıq tələb edir. Bu təlimləri idarə etmək yüksək səviyyəli
qərargah və komandir heyəti tələb edir. Azərbaycan ordusunda belə təlimlər
keçirilirsə, deməli, kifayət qədər güclüdür. Bildiyiniz kimi, milli ordu
çoxsaylı beynəlxalq təlimlərdə iştirak edir. Həmçinin, ordumuz müxtəlif
sülhməramlı tədbirlərdə də iştirakçı qismində yer alır. Hərbiçilərimiz öz
peşəkarlığına görə daima seçilməyi bacarırlar. Azərbaycanın hərbçi
mütəxəssisləri haqqında ABŞ tərəfindən Əfqanıstanda film çəkilib. Sözügedən
film tədris filmi kimi nümunə kimi göstərilir. Hazırda Azərbaycan Türkiyə ilə
yanaşı Gürcüstanla birgə beynəlxalq tədbirlərdə iştirak edir. Hesab edirəm ki,
bizim hərbi mütəxəssislərimiz hansı təlimlərdə və yarışlarda iştirak etməyindən
asılı olmayaraq, hər zaman öz xüsusi bacarıqlarına görə seçiliblər. Bu isə onu
deməyə əsas verir ki, Azərbaycanın Silahlı Qüvvələri nəinki müasir hərbi
silah-sursata malikdir, o cümlədən ordumuzda bu silahları idarə edəcək peşəkar
sərkərdə və kadrlar var. Bu gün Azərbaycanın xüsusi təyinatlı hərbi təhsil
sistemi Heydər Əliyev tərəfindən yaradılan Cəmşid Naxçıvanski adına lisey və
Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyası kadr hazırlayacaq gücə malikdir.
Düşünürəm ki, biz daima öz hərbi potensialımızı artırmalıyıq. Bununla bağlı
cənab prezident də dəfələrlə bildirib ki, Azərbaycan müasir silah və sursatla
təmin olunacaq. Çünki biz müharibə şəraitində yaşayan dövlətik və öz
torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bunun üçün isə hərbi gücümüzü
daha da artırmalıyıq. Ölkəmizin iqtisadi inkişaf dinamikası və maliyyə
imkanları artdıqca Azərbaycan ordusunun inkişafına şərait yaranır. Müdafiə naziri general-polkovnik Zakir
Həsənov dəfələrlə bildirib ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmrini
yerinə yetirməyə hazırdır. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, Milli
Ordu Azərbaycan xalqının qürur yeridir. Hərbiçilərimizə və şəhidlərimizə olan
ehtiram onu göstərir ki, Azərbaycan xalqı öz ordusuna böyük dəyər verir”.
Şəbnəm Mehdizadə