• cümə, 26 Aprel, 19:56
  • Baku Bakı 22°C

“Cənub axını” qayıdır?

22.05.18 21:00 1002
“Cənub axını” qayıdır?
Bir vaxtlar Rusiyanın himayəsi ilə ərsəyə gətirilən "Cənub axını” layihəsi yenidən müzakirə mövzusuna çevrilib. Məsələni Bolqarıstan prezidenti Rumen Radev ötən gün Moskvaya səfəri zamanı qaldırıb. Bolqar prezident Rusiya qazının Qara dəniz vasitəsilə birbaşa nəqlinin reallaşa biləcəyinə ümidvar olduğunu bəyan edib. Moskvada Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşən Radev bildirib ki, enerji daşınmalarının təhlükəsizliyi tək Bolqarıstan üçün deyil, bütövlükdə Avropa İttifaqı üçün əhəmiyyət kəsb edir: "Bu səbəbdən, mən ümid edirəm ki, bizim hökumətlər Rusiyadan Qara dəniz vasitəsilə Bolqarıstana qazın nəqli məsələsində anlaşma əldə edəcəklər”. Bolqarıstan prezidenti vurğulayıb ki, Rusiya hər zaman energetika sahəsində, xüsusən də təbii qaz, neft və atom yanacağının daşınmasında Bolqarıstanın strateji tərəfdaşı olub.
Lakin bolqar prezidentinin arzusunu Rusiya ekspertləri bölüşmürlər. Onların qənaətinə görə, buna səbəb Bolqarıstanın əsas fiqur kimi etibarsız və müstəqil siyasət aparmaq qabiliyyətinin, eləcə də, "Türk axını”nın reallaşma imkanlarının yüksək olmamasıdır. "Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində "UralSib”in aparıcı analitiki Aleksey Kokin bildirib ki, Rusiya Ukraynadan yan keçməklə Avropaya gedib çıxacaq alternativ marşrutların inşasında maraqlıdır: "Lakin Bolqarıstan bu təklifi qaldırmaqda gecikib. Belə ki, artıq ortada konkret layihə var. Söhbət "Türk axını” layihəsindən gedir”.
Başqa bir ekspert, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki, Rusiya hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov isə hesab edir ki, Rusiyadan Bolqarıstana marşrut avropalı istehlakçılar üçün iqtisadi cəhətdən daha mənfəətlidir: "Lakin "Cənub axını” layihəsinin ləğvindən sonra Sofiya ilə hər hansı bir yeni layihə barədə heç kim sadəcə, danışmaq belə istəməz. Bolqarıstan əvvəllər göstərib ki, müstəqil dövlət deyil və bu da o deməkdir ki, onunla danışmağın mənası yoxdur. Ən yaxşısı Brüssellə birbaşa danışıqlar aparmaq gərəkdir. Məhz Avropa İttifaqı yeni layihənin reallaşmasına təminat verə bilər. Məhz bundan sonra boru xəttinin qoyulması ilə bağlı texniki məsələləri müzakirə etmək olar. Mahiyyət etibarilə hazırda Avropa ilə bütün əlaqələr "Şimal axını-2” layihəsi üzərində qurulub. Gələcəkdə Avropaya nəql olunacaq bütün layihələrin taleyi məhz onun reallaşmasından asılı olacaq. "Şimal axını-2” istismara veriləcəyi halda, Sofiya Brüsselə bu kəmərdən yararlanmaq barədə müraciət edə bilər. Bolqarlar üçün bu qaz kəmərinin Almaniyanın lobbiləşdirməsi əlverişlidir”.
Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabr ayında "Avropa İttifaqının qeyri-konstruktiv mövqeyi”ni əsas gətirərək "Cənub axını” layihəsi üzrə işləri dayandırıb və "Türk axını” layihəsinin həyata keçiriləcəyini elan edib. "Cənub axını” layihəsi Bolqarıstan, Serbiya, Macarıstan ərazisinə qaz nəqlini nəzərdə tutur.
"Şimal axını” layihəsi isə sürətlə davam edir. Rusiya prezidenti Vladimir Putin ötən gün Almaniya kansleri Angela Merkellə bu məsələni geniş müzakirə edib. Putin bildirib ki, Rusiya təbii qazının qonşu Ukraynaya verilməsi "Şimal axını-2” kəmər layihəsinin başa çatmasından sonra da davam edə bilər. V.Putin deyib ki, Ukraynaya qazın verilməsi, iqtisadi baxımdan sərfəli olduğu halda davam edəcək. Lakin Merkel deyib ki, Almaniya hətta "Şimal axını-2” layihəsinin icrasından sonra da Ukraynanın tranzit ölkə kimi roluna inanır. O əlavə edib ki, Almaniya bunun reallaşdırılmasına dəstək verə bilər. Öz növbəsində ABŞ dövlət katibi köməkçisinin müavini, departamentdə enerji siyasəti üzrə ekspertSandra Oudkirk Berlinə səfəri zamanı ölkəsinin "Şimal axını-2” qaz kəmərinə qarşı olduğunu, bu layihənin Rusiyanın Avropada "məkrli nüfuzu”nu gücləndirəcəyinə görə, sanksiyalarla üzləşə biləcəyini vurğulayıb. "Bu layihənin dayandırılmasından ötrü diplomatik yollarla bacardığımız qədər təsir göstəririk”, - deyən diplomat onu da əlavə edib ki, Konqres hökumətə, lazım gələndə Rusiyanın oxşar layihələrinə sanksiya qoymaq səlahiyyəti verib. "Bu kəmər layihəsinə sanksiya riski getdikcə daha da artır. Layihə gerçəkləşməsəydi, sevinərdik”, – o vurğulayıb. Kəmərin tikintisində iştirak edən şirkətlər artıq Almaniyanın Baltik sahilində hazırlıq işlərinə start veriblər. Almaniyadakı zavodlar isə artıq minlərlə polad borunun istehsalına başlayıblar. Oudkirkin fikrincə, bu layihə ona görə təhlükəsizlik sarıdan narahatlıq yaradır ki, qaz tranziti Ukraynadan yan keçəcək. Ukrayna isə tranzit haqqından çox asılıdır. Bundan başqa, Rusiya bu kəmər vasitəsilə həssas hərbi region sayılan Baltik dənizində yüksək texnologiyaya söykənən monitorinq və dinləmə avadanlığı quraşdıra bilər. Oudkirk Birləşmiş Ştatların Avropaya maye qaz ixracını artırmaq istədiyi üçün bu kəmərə qarşı çıxmasına dair səslənən iddiaları da rədd edib.

Azər
banner

Oxşar Xəbərlər