Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub
18.11.19 18:04
2488
Görkəmli ədibin
nəslinin davamçıları 68 ildən sonra ulu babalarının evini ziyarət ediblər
Görkəmli ədib və ictimai xadimi Cəlil
Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri
ilk dəfə Azərbaycana gəliblər.
Dahi mütəfəkkirin nəticəsi və onun oğlu Fəxri
xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarlarını
ziyarət ediblər. Noyabrın 18-də onlar C.Məmmədquluzadənin ev-muzeyinin təmirdən
sonra açılışında iştirak ediblər.
Açılışda ilk çıxış edən Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin
dünya mütəfəkkirləri ilə eyni səviyyədə olduğunu vurğulayaraq onun kimi fədakar
insanların, mütəfəkkirlərin, söz xadimlərinin Azərbaycan ədəbiyyatına verdiyi töhfədən
danışdı: "Cəlil Məmmədquluzadə dünya ədəbiyyatının klassikləri ilə eyni dəyərə
malik, layiq bir dramaturqdur. Çünki o, Azərbaycan ədəbiyyatı üçün çox böyük
işlər görüb. Cəlil Məmmədquluzadənin adını daşıyan ev-muzeyi Bakı Şəhər
Mədəniyyət İdarəsi tərəfindən yenidən təmir olunub. Muzeydə yeni ekspozisiyalarla
tanış olma imkanı əldə edəcəyik. Biz burada Mirzə Cəlilin yaradıcılığı, irsi
ilə yenidən tanış olacağıq”.
Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar isə çıxışında
qeyd etdi ki, muzeyin təmir prosesində yaxından iştirak edib: "Ulu öndər Heydər
Əliyev Moskvaya gedəndən sonra bu muzeyə kifayət qədər diqqət yetirilməmişdi. O
zaman mən bununla bağlı bir material hazırlamışdım. H.Əliyev Moskvadan geri
döndükdən sonra bu muzeyə diqqət artdı. Bu muzey yenidən bərpa olundu. Hər dəfə
buraya gələndə iftixar və fərəh hissi ilə bərabər, çox kədərli hisslər keçirirəm.
Bu muzeydə Cəlil Məmmədquluzadə həyatının ən kədərli anlarını yaşayıb. Ömrünün
son illərində xəstə olub. Təqiblərə məruz qaldığı illərdə sonuncu dəfə burda
kamança çalmağı sanki gözümün qarşısında canlanır. Soyuq otaqları isitmək üçün
o, əlyazmalarını sobaya ataraq yandırıb. Sənətkarımızın həyat yoldaşı Həmidə
xanım qeyd edirdi ki, yandırılan kağızların nə qədər dəyərli və qiymətli
olduğundan xəbərdar olsa da, əlindən heç nə gəlməyib. Yazdığı əlyazmalarını
yandırmağa məcbur olan dramaturq otaq isinəndən sonra "indi uşaqlar rahat yata
bilərlər” deyərək rahatlıq tapırdı. O ocaq bu gün də yanaraq bizləri isidir.
Tək onun balalarını deyil, özünü ədəbiyyata həsr edən hər bir Azərbaycan
alimini, yazarını, ziyalısını isidir”.
AMEA-nın vitse-prezidenti,
deputat, akademik İsa Həbibbəyli Cəlil
Məmmədquluzadə ilə bağlı tədqiqat işi apardığını, ilk dəfə 25 yanvar 1992-ci
ildə onun 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin övladları
Midhət Cavanşiri və İren Cavaşiri ilə Tehran şəhərində görüşdüyünü və onlarla
əlaqələr yaratdığını vurğuladı. Qeyd etdi ki, 1998-ci ildə Fransanın paytaxtı
Paris şəhərində Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu
Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşmək
imkanı əldə edərək onunla əlaqə qurub: "Cəlil
Məmmədquluzadənin ev-muzeyinin bu dəfəki açılışında ən böyük hadisə onun nəslinin
davamçılarının iştirakıdır. Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadə sovet
ordusunun tərkibində həkim kimi İrana gedib və bir daha geri qayıtmayıb. Onun nəvəsi
və nəticəsi bu mərasimdə iştirak edirlər. Mirzə Cəlil nəslinin davamçıları
hazırda İranda, Polşada, Fransada və İrlandiyada yaşayırlar. 68 illik fasilədən
sonra ilk dəfə Mirzə Cəlilin nəslinin nümayəndələri doğma vətənə, torpağa
qayıdıblar. Bu gün onlar ulu babalarının evində olacaqlar. Bu gün Mirzə Cəlilin
qəbrini ziyarət ediblər. Məncə, bu, günün əlamətdar hadisəsidir. Cəlil
Məmmədquluzadə əsərlərini bu evdə yazıb. 1922-ci ilin sentyabrından 1932-ci il
yanvarın 4-ə qədər burada yaşayıb. Bu evin ona verilməsində Nəriman Nərimanovun
böyük xidməti olub. O, Mirzə Cəlili burada məskunlaşdırıb, bu evin birinci
mərtəbəsi "Molla Nəsrəddin” mətbəəsi olub. "Molla Nəsrəddin” jurnalı burada çap
olunub, ikinci mərtəbəsi isə onun evi olub. Mirzə Cəlil özünün məşhur "Dəli
yığıncağı” əsərini məhz bu evdə yazıb. Nəinki bu əsər, eyni zamanda onun bir
çox hekayələri burada yazılıb. "Molla Nəsrəddin” jurnalının 1921-ci ildən 1931-ci
ilə qədər çıxan bütün nömrələri burada hazırlanaraq, burada çap olunmuşdu. Bura
görkəmli yazıçılar Mirzə Cəlillə görüşə gəliblər. Nəriman Nərimanov, Nəcəf bəy
Vəzirov, Üzeyir Hacıbəyovla bu evdə görüşüblər. Bu ev, sözün əsl mənasında Azərbaycan
mədəniyyətinin, ictimai fikrin böyük mərkəzlərindən birinə çevrilib. Mirzə
Cəlil Azərbaycan ziyalılarını öz ətrafında birləşdirən "Molla Nəsrəddin”
məktəbi, tənqidi realizm məktəbi yaratmış böyük mütəfəkkirimizdir. Onun adı
dünyanın böyük klassikləri ilə yanaşı çəkilir”.
İ.Həbibbəyli qeyd etdi ki, C.Məmmədquluzadə
Azərbaycan xalqının milli iftixarıdır: "Azərbaycan Demokratik Cümhuriyyətinin
qurulması, müstəqillik əldə etməsi, müstəmləkədən xilas olması Mirzə Cəlilin
idealları idi. Onun yaradıcılığı bu amala xidmət edirdi. Prezident İlham
Əliyevin sərəncamı ilə ölkəmizdə böyük ədibin 150 illik yubileyi geniş qeyd
olunur. Klassiklərimizə, o cümlədən Cəlil Məmmədquluzadəyə münasibətdə əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ehtiram və hörmət hissi İlham Əliyevin
sərəncamı ilə bu gün böyük layihələrlə davam edir. Bu layihələrin içərisində
Cəlil Məmmədquluzadə ev-muzeyinin açılışı xüsusilə əlamətdardır. Vaxtilə ulu öndərimizin
açıb Azərbaycan xalqına təqdim etdiyi bu muzey yenidən bərpa olunaraq xalqımızın
istifadəsinə verilir”.
Cəlil Məmmədquluzadə nəslinin davamçısı, dahi
yazıçının nəticəsi Martin Cavanşir çıxışında babası haqqında ümumi
məlumatlarının olduğunu vurğuladı: "Amma onun bu qədər əhəmiyyətli şəxs
olduğunu təsəvvürümə gətirə bilmirdim. İlk dəfədir ki, Azərbaycana gəlirəm.
Bura həm müasirdir, həm də ənənələrə bağlı bir ölkədir”. Daha sonra o, 68 ildən sonra ilk dəfə Cəlil Məmmədquluzadə şəcərəsinin
nümayəndələrinin vətənə gəlməsinin necə bir hiss olmasından danışdı.
Bildirildi ki, onlar Mirzə Fətəli
Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə Cəlil Məmmədquluzadəyə həsr
edilmiş elmi-mədəni tədbirlərə qatılacaq, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun kollektivi ilə görüşəcəklər.
Təəssüf hissi ilə qeyd edək ki, Martin
Cavanşiri və oğlu Pşemislav Cavanşiri Cəlil
Məmmədquluzadənin yazdığı əsərlərdən, onun yaradıcılığından xəbərsiz idilər.
Onlara bu barədə sual verildikdə isə, tərcüməçi "bu barədə sual verməyin” deyərək,
nəslin davamçılarını mətbuat nümayəndələrindən uzaqlaşdırmağa çalışırdı.
Çıxışlardan sonra Cəlil Məmmədquluzadənin
ev-muzeyi ziyarət edildi. Ədibin 1922-1932-ci
illərdə yaşayıb yaratdığı mənzilin təmirinə 2018-ci ilin may ayından
başlanıldığı bildirildi. Sahəsi 185
kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda
ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən
5000-dən çox eksponat toplanıb.