• cümə axşamı, 09 may, 02:40
  • Baku Bakı 15°C

Cavan yaşdan “ahıl” statusu alan həmkar

21.09.18 17:46 1318
Cavan yaşdan “ahıl” statusu alan həmkar
21 sentyabrda Mətbuat Şurasının və Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist Rauf Ağayevin 60 illik yubileyi keçirilib. Tədbirdə professor Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "Azərişıq" QSC-nin mətbuat katibi Tanrıverdi Mustafayev, "Azərsu" QSC-nin mətbuat katibi Anar Cəbrayıllı, tanınmış jurnalist İlqar Həsənov, mətbuat nümayəndələri, R.Ağayevin tələbə yoldaşları və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Rauf Ağayevi təbrik edərək, onun jurnalistlik fəaliyyətdən söhbət açıb: "Bu il sözün həqiqi mənasında, yaddaqalan tədbirlərin qeyd olunduğu ildir. Belə bir dövrdə R.Ağayevin 60 illik yubileyini qeyd etmək çox gözəldir. Çox təəssüf hissi ilə qeyd edim ki, bəzi jurnalistlər yeni dövrün tələbləri ilə ayaqlaşa bilmirlər. İndiki dövrdə az sayda qələm sahibi var ki, dövrün tələblərinə uyğunlaşıb əvvəlki dövrlə bu gün arasında körpü rolunu oynayır. Rauf Ağayev də həmin jurnalistlərdən biridir. O, jurnalistikanın standartlarını bilən, onun qayda-qanunlarına əməl edən müasir dövrün texnologiyasını mənimsəmiş şəxslərdən biridir. Onun jurnalistikadakı fəaliyyəti haqqında nə qədər danışılsa, azdır”.
"Rauf elə cavan yaşlarında da ahıl idi. Bu, onun yazılarında hiss olunurdu” deyən Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə R.Ağayevin artıq "ahıl yaşa" qədəm qoyduğunu vurğuladı və tədbirin sonunda onu Mərkəzin üzvlüyünə təntənəli surətdə qəbul edəcəklərini bildirdi: "Rauf cavanlığında da ahıl, müdrik insan olub. Bu, onun fəaliyyətində də hiss olunur. Bizim nəsil jurnalistlər demək olar ki, bir-birini tanıyırdı. Hamı bir-birinin yaradıcılığından xəbərdar idi. Bu gün böyük fərəhlə Raufun işığına yığışmışıq”.
Məzahir Süleymanzadə rəhbərlik etdiyi qurumun adından Ağayeva qızıl qələm də hədiyyə etdi və vurğuladı ki, bu, son vaxtlar hamıya verilən "Qızıl qələm" deyil, əsl qızıl qələmdir və qələmi qızıl olanlara verilir.
R.Ağayevin müəllimi, jurnalistikanın ağsaqqallarından olan Cahangir Məmmədli onun təhsil aldığı illərdən, onların xüsusi fəallığı ilə seçilən qrupundan danışdı.
Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət də səbəbkarı təbrik edərək, onun haqqında fikirlərini bölüşdü: "Mən həvəslə sizin "Bakı-Baku” qəzetini oxuyurdum. Həqiqətən də bu qəzet keyfiyyətli jurnalistika məhsulu olaraq diqqətimi çəkib. R.Ağayev şəxsən mənim üçün bir mayakdır. Buna görə də hər zaman nə isə yazanda, onun kimi şəxsiyyətlərin oxuyacağını nəzərə alaraq daha diqqətli oluram. Onu təbrik edir, qələminin daim iti olmasını diləyirəm. Çünki bizim Rauf bəy kimi jurnalistlərə həmişə ehtiyacımız var”.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Rəhimoğlu çıxış edərək Rauf Ağayevi 60 illik yubileyi münasibəti təbrik etdi. Yubilyarın tələbə yoldaşları da oxuduqları və çalışdıqları illərdən qalan xatirələri tədbir iştirakçıları ilə bölüşdülər.
Həmçinin digər jurnalistlər də çıxış edərək, yubilyarın həyat yolundan, fəaliyyətindən və Azərbaycan jurnalistikasında tutduğu mövqedən bəhs etdilər.
Rauf Ağayev qonaqlara dəyər verib gəldikləri üçün təşəkkür etdi: "Yaşım 60 olsa da, mən özümü 22-23 yaşında hiss edirəm. Heç vaxt evdən çıxanda güzgüyə baxmıram. Çünki güzgüyə baxmayanda, elə bilirəm universiteti hələ təzə bitirmişəm. Dəyər verib gələn bütün dostlara təşəkkür edirəm və istəyirəm sözü oğlum Məmməd Ağayevə verim. Qoy mənim əvəzimdən o danışsın”.
Məmməd Ağayev bütün uğurlarında atasının imzasının olduğunu dedi: "Atamın 60 illik yubileyində iştirakım borc, dostumun 60 illik yubileyində iştirak isə şərəfdir. Bu günə qədər atdığım hər addımda, dediyim hər kəlmədə onun imzası var. Qazandığım uğurların tək ünvanı atamdır. İnsanlar həmişə ilk addımı atmaqdan çəkinirlər. Mənim, ilk addımımın astanasında yaşadığım qorxunu məğlub edən dostum, atamdır. Dediyim bütün sözlərdə sənin haqqın var. Bundan sonra da deyəcəyim bütün sözlərdə sənin haqqın olacaq. Mənim bütün sözlərimin özəyi səndədir. Təbrik edirəm, 60 illik yubileyin mübarək”.

Günel Azadə

banner

Oxşar Xəbərlər