• çərşənbə axşamı, 19 mart, 06:22
  • Baku Bakı 8°C

Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir

12.11.19 17:45 1755
Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib. İnkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq iqtisadiyyatda əldə edilmiş sıçrayış Azərbaycanın keyfiyyətcə yeni, modernləşmə mərhələsinə qədəm qoymasına səbəb olub. Ardıcıl həyata keçirilən islahatların iqtisadi potensialı daha da möhkəmləndirməsi sayəsində Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkələr sırasında yer alıb.
"Ən islahatçı” ölkə imicini qazanan Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadiyyatın inkişaf dinamikasını saxlamağa müvəffəq olub.
Bu ilin fevral ayında Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət Başçısı ötən son 3 ilin göstəricilərini dəyərləndirərkən 2017-ci ili iqtisadi sabitləşmə ili, 2018-ci ili dərin iqtisadi islahatlar ili adlandıraraq, 2019-cu ili həm böyük sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi qiymətləndirdi.
2017-ci ildə iqtisadi sahədə atılan addımlar 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verdi. Sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından 2019-cu il əvvəlki illərdən fərqləndi. İlin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada baş verən köklü və sistemli dəyişikliklər ölkə Başçısının cari il ərzində təqdim etdiyi iki sosial paket əhalinin maddi durumunun yaxşılaşmasına xidmət etdi. Bir-birinin ardınca atılan sosial paketlər yüksək səviyyədə reallaşması ölkədə sosial inkişafı, sosial rifahın yüksəldilməsini təmin etdi. Təkcə 2019-cu ildə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırıldı, iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi.
İqtisadi sabitləşmə ilindən böyük sosial islahatlar dövrünə addımlayan Azərbaycanda həyata keçirilən müstəqil siyasət, dərin islahatlar, yüksələn reytinq, kompleks islahatlar, möhkəm iqtisadi təməl 2020-ci ildə inkişafın davamlılığına təkan verdi. Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının formalaşdırdığı möhkəm təməl sayəsində Azərbaycan müstəqillik tarixində ən böyük büdcə layihəsinin hazırlanmasına zəmin yarandı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlayarkən Azərbaycan 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idisə, son 15 ildə bu ehtiyatlar 27-28 dəfə artırılıb. Bu da büdcə xərclərinin 39,5 faizinin sosial sahəyə ayrılmasına, yəni sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılmasına səbəb olub. 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub. Ən əsası isə dövlət büdcəsi ölkənin regionlarının sosial-iqtisadi inkişafı, regionlarda yaşayan əhalinin əmək vərdişlərinə uyğun iqtisadi fəaliyyət sahələrinin dirçəldilməsinə şərait yaradacaq. Belə ki, 2020-ci ildə 200 minə yaxın yeni iş yerinin yaradılması məşğulluq probleminin həll edilməsinə yeni təkan olacaq. Nəzərə alsaq ki, yeni iş yerlərinin böyük əksəriyyəti regionlarda açılacaq, bu ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların bəhrəsinin sübutu, dövlətin iqtisadi qüdrətinin yüksəlməsinin daha bir təzahürüdür.
Qürurverici haldır ki, 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək, əməyin ödənişi, təqaüdlər, sosial müavinətlər, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Bu da bir daha təsdiq edir ki, müstəqil Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə addımlayacaq. Ölkənin artan iqtisadi qüdrəti, aparılan ciddi iqtisadi islahatlar sosial islahatların dərinləşməsi bunun proqnozunu verir.
Pərvin KƏRİMZADƏ
Milli Məclisin deputatı
banner

Oxşar Xəbərlər