Bu müxalifətə görə utanırıq - Video

Bu müxalifətə görə utanırıq - Video

Siyasət
07 Oktyabr 2019, 19:20 2175
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov oktyabrın 6-da Azərbaycan Televiziyasında (AzTV) yayımlanan "Həftə” verilişinin qonağı olub. O, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərinə səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi bəyanat, xarici siyasətimizdə milli-dövlətçilik maraqlarının müdafiəsi və sair istiqamətdə sualları cavablandırıb.
 
Xarici siyasəti qurmaq üçün dövlətin lideri olmalıdır
 
Ə.Həsənov deyib ki, dövlət başçısı İlham Əliyev yürütdüyü siyasəti açıq və aydın dərk edən liderdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin yürütdüyü siyasətin təməlində ölkəmizin iqtisadi, siyasi, sosial, təhlükəsizlik maraqları dayanır: "Dövlətin maraqları təsnifatlandırılanda, qruplaşdırılanda əsasən dövlətin təhlükəsizlik maraqları, dövlətin özünü daxildən və xaricdən qaynaqlanan təhlükələrdən qoruması nəzərdə tutulur. Dövlət özünün bütövlüyünü, tamlığını və sərhədləri çərçivəsində suverenliyini qorumalıdır. Dövlət özünün iqtisadi maraqlarını qorumalıdır, əhalisinin firavan həyatının təmin olunması üçün xarici aləmlə, o cümlədən daxildə yürütdüyü siyasətdə sosial maraqları təmin etməlidir. Prezident İlham Əliyev deyəndə ki, bizim xarici siyasət milli maraqlarımıza söykənir, məhz Azərbaycan dövlətinin və xalqının bütün maraqlarını ifadə edir. Misal üçün, işğalçı Ermənistanla müqayisə aparsaq görərik ki, bu ölkənin dövlət olaraq maraqlar sistemi yoxdur. Bu sistemin olması üçün maraqları təmin etməyi bacarmalısan. Ermənistan xarici aləmdən tamamilə asılı dövlətdir. Bu dövlət ya diaspordan dilənçilik yolu ilə yığılmış vəsaitdən, ya da ayrı-ayrı dövlətlərin öz maraqları naminə Ermənistana yönəltdiyi pullardan asılıdır. Ermənistanın hazırda bütün dəmiryol, enerji, sənaye sistemləri erməni xalqına və dövlətinə məxsus deyil. Həmin sistemlər xarici dövlətlər və iş adamları tərəfindən özəlləşdirilibdir. Sadəcə, həmin müəssisələr Ermənistan ərazisindədir. Ermənistanın vahid xarici siyasəti də yoxdur. Çünki, bu xarici siyasəti qurmaq üçün dövlətin əzmi, iradəsi, imkanları, xüsusən də lideri olmalıdır”.
 
Azərbaycan dövləti və xalqı üçün qürur mənbəyi
 
Prezident İlham Əliyevin Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında səsləndirdiyi fikirlərə toxunan professor Ə.Həsənov bildirib ki, dövlət başçısı iki müstəvidə Azərbaycanın milli-dövlətçilik maraqlarını ifadə edib: "Dünyanın 40-dan artıq ölkəsini, analitik mərkəzlərini, alimlərini, ziyalılarını təmsil edən "Valday” klubu böyük nüfuza malikdir. Ölkə rəhbəri burada çıxış edərkən Azərbaycanın milli maraqlarını, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin mövqeyini olduqca konkret, aydın, prinsipial şəkildə ifadə elədi. Prezident İlham Əliyev "Valday” klubunun sessiyasında iştirak edən dövlət və hökumət başçıları qarşısında "Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməklə, bu məsələdə özünün prinsipial mövqeyini bir daha ortaya qoydu. İkinci müstəvi Rusiya-Azərbaycan münasibətləridir. İki ölkə başçısının görüşü zamanı onların əhval-ruhiyyəsinə, oradakı mühitə baxsaq, ortadakı bərabərhüquqluluq dərhal hiss olunurdu. Bundan bir neçə gün əvvəl Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilən sammiti zamanı Ermənistan baş naziri ilə Rusiya prezidentinin formal görüşünü xatırlayıb iki müstəqil ölkənin liderlərinin - prezidentlər İlham Əliyev və Vladimir Putinin son yüksək atmosferdə keçən görüşünü müqayisə edə bilərik. Prezident İlham Əliyev dünyada çox azsaylı liderlərdəndir ki, nə etdiyinin fərqindədir, etdiyi aydındır, xalqı tərəfindən kütləvi şəkildə dəstəklənir”.
 
Müxalifət xalqın yanında deyil, dövlətçiliyin qarşısında oldu
 
Professor qeyd edib ki, Prezidentin iradəsi Azərbaycan xalqının iradəsinə, xalqın dəstəyinə söykənir. Ə.Həsənovun sözlərinə görə, dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, onun siyasətinin təməlində Azərbaycan xalqının dəstəyi, iradəsi və maraqları dayanır. Prezidentin köməkçisi deyib ki, məhz buna görə də ölkə rəhbəri İlham Əliyev Rusiyaya səfəri çərçivəsində keçirdiyi görüşlərdə, səsləndirdiyi fikirlərdə çox inamlı və qətiyyətli olub. Ə.Həsənov Azərbaycan müxalifətinin milli dövlətçilik maraqlarından çıxış edə bilməməsinə də toxunub: "Biz Prezident İlham Əliyevlə, onun yürütdüyü siyasətlə, aydın, qətiyyətli, prinsipial mövqe ilə nə qədər qürur duyuruqsa, bir o qədər də Azərbaycan müxalifətinin qeyri-vətənpərvərliyi ilə hər zaman xəcalət çəkirik. 1994-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanın neft strategiyasını müəyyən edib dünya siyasətinin müstəvisinə çıxaranda, ölkəmizin gələcək inkişafı və dövlət müstəqilliyinin təminatı üçün ciddi bir resursu yox idi. Ümummilli lider "Əsrin müqaviləsi”ni resurs kimi Azərbaycan dövlətinin gələcək inkişafının təməlinə qoydu. Həm də müstəqilliyin əlavə qarantı kimi meydana qoydu. Sonrakı tarix göstərdi ki, "Əsrin müqaviləsi”ndən başlayan Azərbaycanın yeni neft strategiyası ölkəmizin bugünkü müstəqil siyasətinin təməlində dayanırdı. Prezident İlham Əliyev ona görə qətiyyətli siyasət yürüdür, prinsipial mövqe nümayiş etdirir ki, o, bir tərəfdən xalqın dəstəyinə sahibdir, digər tərəfdən Azərbaycan özünü tam təmin edən dövlətə çevrilibdir. 1994-cü il hadisələrinə fikir versək görərik ki, Azərbaycan müxalifəti hansı addımlara yol verib. O zaman müxalifət meydanlara çıxıb dövlətini və dövlətçiliyini müdafiə edən xalqın yanında deyil, dövlətçiliyin qarşısında oldu. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında silahlı dəstələr Azərbaycan dövlətini Heydər Əliyevin ortaya qoyduğu milli birlikdən çəkindirmək, "Əsrin müqaviləsi”ni pozmaq istəyirdi. Azərbaycan dövlətini dünyada öz müstəqil sözünü söyləmək imkanından məhrum eləmək istəyirdi. Azərbaycanı yenə də ayrı-ayrı xarici aktorların təsiri altında saxlamaq istəyirdilər. Hazırda Ermənistan necədirsə, Azərbaycanı da təxminən o cür dövlət etmək istəyirdilər”.
 
Dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edənlər
 
Prezidentin köməkçisi Azərbaycan xalqının vətənpərvər, iradəli, əzmli olduğunu diqqətə çatdıraraq təəssüflə qeyd edib ki, müxalifətimiz utanc vericidir. Onun fikrincə, ATƏT-in bu yaxınlarda Varşavada keçirilən tədbirlərində yalnız Azərbaycan müxalifəti orada öz dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edib: "O tədbirlərdə yalnız Azərbaycan müxalifəti və Azərbaycandan qaçıb xarici ölkələrin ayrı-ayrı bucaqlarında özlərinə isti yer tapan və anti-Azərbaycan fəaliyyətə qoşulmuş insanlar ölkəmiz əleyhinə çıxışlar edib, sanksiyaların tətbiq edilməsini tələb ediblər. Onlar Azərbaycan xalqına qarşı bu və ya digər tədbirlərin görülməsini tələb edirlər. Biz bir tərəfdən əzmkar, iradəli, vətənpərvər xalq olmağımızla qürur duyuruq. Digər tərəfdən də Azərbaycanın antixalq, qeyri-vətənpərvər müxalifətinin olmasından təəssüflənir, xəcalət hissi keçiririk”.
 
Müxalifət Azərbaycan xalqı tərəfindən boykot edilib
 
Ə.Həsənov deyib ki, xalqın iradəsini, dövlətin maraqlarını ifadə etməyən istənilən fəaliyyət iflasa məhkumdur: "Bu insanlar 26 ildir Azərbaycan xalqının nəinki etimadını qazana bilmirlər, əksinə, öz ətraflarının da etimadını itirirlər. Onların ətraflarında olanlar qaçıb dağılışıblar. Aparıcı müxalif siyasi partiyalara baxın, görün orada kimlər qalıb. Zamanında Azərbaycanın milli azadlıq, xalq hərəkatlarında iştirak edən liderlərin heç biri onların ətrafında deyil. Bunlar Azərbaycan xalqının potensialından, mövcud imkanlarından istifadə etmir, xalqın maraqlarına xidmət edən siyasət yürütmürlər. Məhz bu səbəbdən də 26 ildir onlar müxalifətdədirlər. əminəm ki, Azərbaycan xalqı onlara layiq olduğu yeri bundan sonra da göstərəcəkdir. Nə qədər ki, Azərbaycan xalqı ilə müxalifətin maraqları, həyata keçirdiyi siyasət üst-üstə düşməyib, onlar belə rəzil, yazıq vəziyyətdə qalacaqlar və keçirdikləri istənilən tədbir xalq tərəfindən boykot olunacaqdır. Faktiki olaraq Azərbaycan müxalifəti Azərbaycan xalqı tərəfindən boykot edilib. Onlar bunun fərqində olsalar da, olmasalar da bu, belədir. Hər bir ictimai-siyasi fəaliyyətin qiymət meyarı onun əhəmiyyətliliyi ilə ölçülür. Əks halda, onlar bu səviyyədə müxalifətçilik ilə rəzil vəziyyətdə yaşamaqda davam edəcəklər”.
 
Belə liderə qalib gəlmək müxalifətə nəsib olmayıb
 
Prezidentin köməkçisi sonda vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqının qürur mənbələrindən biridir: "Müxalifət etiraf etsə də, etməsə də, bu, belədir. Keçirilən sorğuların nəticələri göstərir ki, Prezident İlham Əliyevin hazırkı dəstəyi ona müstəqil, prinsipial, qətiyyətli, xalqın maraqlarını ifadə edən siyasət yürütməyə imkan verir. Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin təməlində insan, vətəndaş amili, xalqın maddi-mənəvi, milli maraqları dayanır. Belə liderə qalib gəlmək müxalifətə nəsib olmayıb, bundan sonra da olmayacaq”.
 
Rufik İSMAYILOV