“Bu günün gəncləri tanınmağı “like”lara görə təyin edirlər”

“Bu günün gəncləri tanınmağı “like”lara görə təyin edirlər”

Müsahibə
10 Sentyabr 2019, 09:30 355
Bu günün tamaşaçısı kinodan çox seriala baxmağa üstünlük verir. Çünki burada hadisələr uzandıqca uzanır, davamlı olaraq insanları həyəcan içində saxlayır. Əgər serial reytinq gətirirsə və populyarlaşırsa, orada rol alan aktyorlara da pay çatır. Belə ki, onlar məşhurlaşır, tanınır və digər layihələrə gedən yollarında maneələr aradan qalxır. Serialların ərsəyə gəlməsində əsas ağırlıq rejissorların üzərinə düşür. Baxdığımız seriallarda yükün əsas hissəsini çiyinlərində daşıyan rejissorlar olsa da, elə ən az tanınan da onlar olur. Müsahibim, dram janrında nümayiş olunan serialların mahir rejissoru Şahin Qəhrəman kimi. Onun adı simasından daha məşhurdur. "Əgər Şahin Qəhrəmanın filmidirsə, onda baxmağa dəyər” deyirlər.  Şahin Qəhrəman ATV telekanalında yayımlanan "Səni ürəyim sevdi”, "Dəfnə  ağacı”, "Günəşim ol”, "Laləli saray”, "O gecə” seriallarının rejissorudur. İndi də "Bir qadın” serialı ilə tamaşaçıların görüşünə gəlir. "Kaspi”-nin qonağı olan rejissor bizimlə söhbətində yeni layihəsindən və serial cameəsində rastlaşdığı problemlərdən danışdı. 
 
- "Bir qadın” serialı nədən bəhs edəcək?
 
- Bu serial sırf qadınlara həsr olunub. Belə ki, serialda qaynana, gəlin, baldız, kürəkən, ailə zəminində baş verən hadisələr əks olunacaq. Adı "Bir qadın” olsa da, bu, bütün qadınlara şamil olunacaq bir hadisədir. Burdakı qadınların hər birinin ayrı-ayrı taleləri var. Ancaq hadisələr bir qadının taleyindən başlayır. Bir sözlə, tamaşaçılar bu serialın nəzdində sevgi, yalan, şər, haqsızlıqla qarşılaşan və çətin vəziyyətlərdən çıxış yolu tapan insanların yaşadığı hadisələrə şahidlik edəcəklər.   
 
- Niyə məhz qadınlar?
 
- Çünki seriala daha çox qadınlar baxır. Kişilər işdə olur və onların əksəriyyəti seriala o qədər də meyilli olmurlar. Biz hər yeni layihəmizdə müxtəlif mövzulara toxunuruq. Bu dəfə də "Bir qadın” deyib yola çıxmışıq, çünki bizə reytinqi qadınlar gətirir. Bu seriala başlamamışdan öncə düşündük ki, serial izləyici kontingenti olan qadınlar ən çox nəyə baxa bilər?  
 
- Layihədə iştirak edən aktyorlarla kastinq necə aparıldı? Sizin öncədən məlum bir aktyor heyətiniz var idimi?
 
- Uzun müddətdir ki, bu sahədə çalışırıq və artıq hansı aktyorun hansı potensiala malik olduğundan xəbərdarıq. Layihəyə başlayanda özlüyümüzdə kimlərlə çalışacağımızı müəyyənləşdirdik. Bazamızda teatrlarımızda çalışan aktyorların məlumatları var, onlara baxdıq və aktyor heyətimizi yoxlayıb, işə başladıq.  
 
 

- "Mən illərin sənətçisiyəm” deyib, kastinqdən imtina edənlər necə, olubmu?
 
- Peşəkar aktyorlar heç zaman o sözü demir. Bilir ki, əgər bir serial, yaxud film çəkilirsə, öncədən bu rol üçün sınaq çəkilişləri olmalıdır. Dünya kino sistemində də bu var. Film və serial öncəsi kastinq etmək bu sektorun yazılmamış qanunudur. Ola bilsin ki, faktura ssenariyə uyğun gəlsin, ancaq balaca bir səhnə ilə bu obrazın ona aid olmadığını görürük və bu da bizə istədiyimiz nəticəni vermir. Olub ki, epizodik rola dəvət etdiyimiz aktyor kiçik bir səhnəcikdən bir cümlə deyib və biz bu obrazın onluq olmadığını demişik. Son zamanlar isə aktyor seçimində bir az qəddar olmuşam. 
 
- Bəs qeyri-peşəkarlarla çalışmısınızmı?
 
- Qeyri-peşəkarlarla çalışmışıq və çalışırıq da. Paytaxt teatrlarımız çox deyil, orada fəaliyyət göstərən aktrisaların demək olar ki, hamısını tanıyırıq və bilirik ki, kimin potensialı nə qədərdir. Şükürlər olsun ki, bu gün seriallarımızın da sayı çoxdur. Onların hər biri bir teatrın aktyorunu çəkəndə, biz başqa aktyorlar, yeni simalar axtarmağa başlayırıq. Yaxşı aktyorların da yaşı, xarici görünüşü ssenariyə uyğun gəlmir. Bunun üçün istədiyimiz obrazı tapmaq üçün bəzən qeyri-peşəkarlara müraciət etmək məcburiyyətində qalırıq. İstədiyimiz simanın da bəzən səhnə danışığı, aktyor oyunu, plastikası zəif olur. Ona yenidən hazırlıq prosesi keçirik, serial qalır  kənarda, başlayırıq ona dərs keçməyə. Artıq daha peşəkarlarla işləyirik. 
 
- Qeyd etdiniz ki, aktyorları teatrlardan seçirsiniz. Bəzən deyirlər ki, teatr aktyorları seriallarda pafosla oynayır. Çünki teatr tamam fərqli bir mühitdir. Burada aktyor yüksək səslə danışmalıdır ki, zalda ən axırda oturan tamaşaçıya qədər səsi gedib çatsın. Film isə güclü səsi sevmir. 
 
- Əvvəllər belə hadisələrlə çox rastlaşırdıq, onda aktyora deyirdim ki, sən 36-cı sıra üçün danışmırsan, tamaşaçının əlində pult var, istəsə səsi özü artıracaq (gülürük). İndi çox şükür ki, teatr aktyorları seriallara çəkilir və onların da kifayət qədər təcrübələri var. Düzdür, bəzi aktyorlar hələ də teatral oynayırlar, ancaq şükür ki, sayları çox deyil.
 

 
- Adınız serial sektorunda məşhur olsa da, simanız o qədər də məşhur deyil. Aktyor kimi özünüzü sınamağı düşünmüsünüzmü?
 
- Heç zaman məşhur olmağa can atmamışam. İstəsəydim, çəkdiyim serialların hər hansı birində rol alardım. Açığı, bu barədə düşünməmişəm. Ola bilər ki, gələcəkdə nəsə olsun, amma bu gün üçün elə bir planım yoxdur.
 
- Halbuki, xarici görünüşünüz də buna imkan verir və sanki detektiv janrında olan bir obraz sizin əyninizə biçilmiş olar. 
 
- Məsələn, Elxan Elatlının ən çox sevdiyim "Qan ləkəsi” romanında yerli kəşfiyyatçımızın rolunu sevərək oynayardım. Əslində istəyirdim "Qan ləkəsi” romanının motivləri əsasında bir film çəkim. Bu layihə üçün əlimizdə maliyyə az olduğundan başlamadım. 
 
- Çox zaman "yerli seriallarımıza baxmırıq” - kimi fikirlər səslənir. Ancaq reytinqlərdə bunun əksini görürük, ən çox reytinqi elə yerli seriallarımız göstərir. Belə hallarda hansı reaksiyanı verirsiniz?
 
- Olur belə hallar. Deyirlər ki, biz yerli seriallara baxmırıq, ancaq sizin bu serialda aktyorun  filan xüsusiyyətlərini bəyənmirəm. Əgər baxmırsansa, sən bunu necə müqayisə edə bilərsən? Nəinki televiziyada, serialın bölümü "Youtube” kanalında yerləşdiriləndə, orda kifayət qədər baxış sayı olur. Həmin bölümün altından müxtəlif şərhlər yazılır, bacardığım qədər o şərhləri oxumuram. Özümü çox yaxşı tanıyıram və bilirəm ki, belə şeylərə çox sərt reaksiya verəcəm. Tənqidə qarşı deyiləm, ancaq bu işdə əziyyəti keçən insanları təhqir edirlərsə, o insanı tapıb mütləq cavabını verməsəm, özümü pis hiss edərəm. İlk dəfə seriallar başlayanda "Dəfnə ağacı” ilə böyük riskə girdik. Bildirdik ki, həmin saat çərçivəsi türk seriallarının başlama vaxtıdır. Həmin ərəfələr bizim tamaşaçılar daha çox türk və rus seraillarına baxırdı. Qorxurduq ki, bizim seriala baxmayacaqlar. Ancaq "Dəfnə ağacı” unudulmayan serialların siyahısına düşdü. Hətta o serialın davamını çəkməyimizi də istəyirlər. Bu gün seriallarımız kifayət qədər baxılır və sevilir. 
 

 
- Sizin üçün janr problemi varmı? Yoxsa siz yalnız drama köklənən rejissorlardansınız? 
 
- İlk dəfə  2012-ci ildə komediya filmi olan "Ögey ata”nı çəkmişəm. İndi ona film deməyə də dilim gəlmir. Filmdə ən azı 40 nəfər heyət olmalıdır. O dövrdə isə mən Fərda Xudaverdiyev, iki prodüser, montajçı ilə birlikdə heç 10 nəfər deyildik. Nə assistentim, nə işıqçım, nə ikinci rejissorum vardı. 2013-cü il martın 18-də çəkdiyimiz ilk kinokomediya kinoteatrda nümayiş olundu və kinoteatrın kassasının bizə aidiyyəti yox idi. Sonradan eşitdiyimə görə, bu kino 4 günə 60 min pul yığmışdı. Amma filmin büdcəsi 11 min manat idi.
 
- Bu gün də komediya filmləri çox satılır. Sizcə, bunun səbəbi nədir?
 
- Kinoteatrlarımızda nümayiş olunan yerli dram filmlərimizə baxın, onlardan hansı öz pulunu çıxara bilib? Tamaşaçılar daha çox gülməyə meyllidirlər. Bu bütün dünyada belədir. Kino sahəsində inkişaf etmək üçün ilk növbədə komediyadan başlamaq lazımdır. 
 
- Qardaşınız Sain Qəhrəman da tanınmış rejissordur. Bir ailədə iki rejissor necə yola gedir?
 
- Sain mənim böyük qardaşım və idealımdır. Biz onunla eyni məktəbi, eyni universiteti bitirmişik. Qardaşıma bağlıyam. Uşaq yaşlarımda belə oturub gözləyirdim ki, o nə vaxt gələcəksə, yeməyi onunla birlikdə yeyəcəm. Kiçik qardaşım isə atamın yolunu davam etdirir, o, xanəndədir. 
 

 
- Sizcə, rejissor olmaq üçün təhsil nə qədər önəmlidir?
 
- Təhsil aldığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mən yalnız müəlliməm Mahirə Yaqubovadan səhnə danışığı öyrənmişəm. Əgər rejissor aktyorun necə danışmalı, vurğunu harda vurmalı, sözü necə deməli olduğunu bilməsə, onun işində böyük bir boşluq yaranar. 2007-ci ildə Ələkbər Kazımovski mənə bir ssenari verdi və "bunu çək” dedi. Universitetdə ancaq nəzəriyyə oxuduğumuza görə təcrübəm yox idi. O zaman "Çəkirəm, haaa” verilişini hazırlayırdıq. İki-üç yerdə gizli kamera qoyduq və çəkməyə başladıq. Layihəni mənə verəndə, 3 gün həyəcandan yata bilmədim, çünki təcrübəsiz idim. İnternetdən araşdırdım, çəkilişlərə baxdım. Montajda gördüm ki, çox səhv etmişəm. Daha sonra sənədli filmlər çəkməyə başladım və illər ötdükcə biliklərimi təkmilləşdirdim, başqa layihələr işlədim. 
 
- Bəzən dünya, eləcə də yerli seriallarımızda baş rol ifaçısının serialı yarımçıq tərk etdiyinin şahidi oluruq. Sizin yaradıcılığınızda belə hallar olubmu? Olubsa, anlaşma siz, yoxsa yoxsa qarşı tərəfdən pozulub? 
 
- Layihədən gedən aktyor, aktrisa hər zaman özünü haqlı çıxarır, özünə sərf edən kimi danışır. Bir də görürsünüz ki, aktyor setə bəhanə ilə gəlir, gah deyir mənim tamaşam var, gah deyir məşqim var, qastrolum var, kursum var və bu bəhanələr bitmir. Biz də çalışdığımız qədər idarə edirik, amma alınmayanda alınmır. Olub ki, iş prosesində biz də bəzi qəhrəmanları dəyişmişik. Filmdə bu kimi bəhanələri anlamaq, yola vermək olur. Həftəlik serialda bəlkə də anlayaram, amma gündəlik serialda anlamaqdan keçir. Bəzən aktyorlar kapriz deyil, uşaqlıq edirlər. Layihənin rejissoru olaraq mənim sözümün qabağına heç kim söz deyə bilməz. Çünki insan gərək birinci özünə hörmət etsin. Özünə hörmət edən birinə ətrafındakılar da hörmət edir. Bəzən görürük ki, aktyor rejissoru ciddiyə almır. Mən bu günə qədər bir çox xalq artistləri ilə – Şükufə Yusifova, Sənubər İsgəndərli, Kazım Abdullayev, Məsumə Babayeva və bir çox tanınmış aktyorlarla işləmişəm. Bu günə qədər hələ onlardan özümə qarşı hörmətsizlik görməmişəm. İşini bilən adam qarşısındakı insanı hörmət etməyə məcbur edir. Adətən 45 yaşından artıq yaşı olan aktyorların məsuliyyəti daha çox olur, nəinki gənclərin. Bu günün gəncləri tanınmağı "İntagram” səhifələrindəki "like”lara görə təyin edirlər. Peşəkarlar isə sənətə işləyir, onlar "İnstagram” və "Facebook”da "like”larını çoxaltmaq üçün çalışmırlar. Gənclər seriallarda məşhurlaşmaq üçün çəkilirlər. Biz "Günəşim ol” serialının çəkilişlərinə başlayanda, teatr aktyorları ilə söhbət etdik və dedik ki, siz 3 aydan sonra çox məşhur olacaqsınız. O anda gördük ki, həmin aktyorlar bir-birlərinə baxdılar və gülümsədilər. Bu inamsızlıq gülümsəməsi idi. Ancaq həqiqətən o aktyorlar bu serialdan sonra məşhurlaşdılar. Hətta teatrın yaradıcı heyəti İrana qastrol səfərinə gedəndə, onları serialdakı obrazlarına görə tanımışdılar və bu həmin aktyorlar üçün çox sevindirici bir hal idi. 
 

 
- "Günəşim ol” serialı bölgə teatrı aktyorlarının tanınmasında müstəsna rol oynadı. Azərbaycanda 27 teatrı fəaliyyət göstərir. Onların böyük əksəriyyəti bölgələrimizin payına düşür. Bu teatrlarda 40-50 il çalışan, amma adları mətbuatda çəkilməyən, özllri televiziyada görünməyənlər var. O aktyorlar belə rejissorların həsrətindədir.  
 
- "Günəşim ol” layihəsinin təklifi baş prodüserimiz, "Oscar” film prodakşının rəhbəri Yaşar Əhmədovdan gəldi. Serialda rol alan bölgə teatrı aktyorlarının heç bir serial, film təcrübəsi yox idi. Biz onlara inanırdıq və inamımız boşa çıxmadı. Bu layihədən sonra Naxçıvanda Naxçıvan Dövlət Dram Teatrının aktyorlarının ifasında bir layihə etmək istədik. Naxçıvan daimi nümayəndəliyinə müraciət etdik, onlara məktub yazdıq. Layihəni bəyəndilər, ancaq maliyyə məsələsində problem oldu. İstəyirdik ki, orada sırf Naxçıvan teatrının aktyorları ilə işləyək. Biz də çox istəyərik ki, belə layihələrimizin sayı çox olsun. Belə olduqda, həm bölgələrimizin füsunkar təbiəti tanınır, həm də bölgə teatrlarımızın aktyorları məşhurlaşır. 
 
Xəyalə Rəis