• bazar, 05 May, 03:02
  • Baku Bakı 17°C

BSU-da yeni təlim-tədris mərkəzinin açılışı olub

31.01.19 20:45 1002
BSU-da yeni təlim-tədris mərkəzinin açılışı olub
Yanvarın 31-də Bakı Slavyan Universitetində ERASMUS+ PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılan təlim-tədris mərkəzinin açılışı olub. Açılışda elm və təhsil adamları, təhsil ekspertləri və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirdi ki, Azərbaycanın qabaqcıl universitetlərində dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiya, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir: "Bakı Slavyan Universitetində hal hazırda həyata keçirilən belə layihələrdən biri də ERASMUS+ PETRA layihəsidir. Bu gün həmin layihə çərçivəsində yaradılmış və bu gündən etibarən fəaliyyətə başlayacaq təlim-tədris mərkəzinin açılışına toplaşmışıq. Mərkəz Bakı Slavyan Universitetinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək”.
Rektor dedi ki, mərkəzdə müəllim və tələbə heyəti üçün zəruri təlim-seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant, o cümlədən doktorantlar üçün uğurlu elmi-tədqiqat işinin yerinə yetirilməsinin metodlarına həsr olunan kurslar təşkil ediləcək: "Avropa İttifaqının dəstəyi ilə təlim və tədris mərkəzini təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıq alınaraq lazımı qaydada quraşdırılıb. Bakı Slavyan Universiteti layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər Universiteti, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensiya Politexnik universitetlərində müvafiq təlim, seminar və konfranslarda da iştirak edərək Avropa universitetlərinin təcrübəsindən yararlanıblar. Bundan əlavə, universitet əməkdaşları layihə ilə əlaqədar Xəzər Universitetində təşkil olunmuş seminar və konfransda iştirak ediblər”.
Daha sonra BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov layihənin mahiyyəti və gələcək planlarından danışdı: "Bakı Slavyan Universiteti ERASMUS+ PETRA layihəsinə tərəfdaş universitet olaraq 2017-ci ilin iyul ayından qoşulub. Layihənin əsas hədəfi Azərbaycanda tədris və təlimdə mükəmməlliyin təşviq olunmasıdır. Başlanğıc, inkişaf, yayılma, istismar mərhələsindən ibarət olan layihə Azərbaycanın Bakı Slavyan Universiteti də daxil olmaqla 5 dövlət və 2 özəl universitetini təlim və tədrisin keyfiyyətinin təkmilləşdirilməsi üçün hədəf seçib. Universitetimiz başlanğıc mərhələsini keçmiş, hal-hazırda inkişaf mərhələsindədir. Layihədə nəzərdə tutulduğu kimi işçi qrupu yaradılıb. Bu gündən isə yayılma, yəni mübadilə mərhələsi başlanır”.
BSU-nun İngilis filologiyası kafedrasının baş müəllimi, layihənin işçi qrupunun tədqiqatçısı Natəvan Babayeva isə yeni yaradılmış təlim-tədris mərkəzinin qarşıya qoyduğu məqsəd və planlar, layihə çərçivəsində nəzərdə tutulmuş kurslar, treninqlər, o cümlədən seminarlar barədə ətraflı məlumat verərək qeyd etdi ki, təlim və tədris mərkəzini təchiz etmək üçün lazım olan zəruri avadanlıq - 10 ədəd personal kompüter, 10 ədəd planşet, 10 ədəd noutbook, proyektor və ağıllı lövhələr Avropa İttifaqının dəstəyi ilə alınıb və quraşdırılıb.
Açılış mərasiminin ardından iştirakçılar layihə çərçivəsində keçiriləcək seminar və treninqlər üçün müasir standartlara uyğun yaradılmış auditoriya ilə tanış olublar.
Günel Azadə



banner

Oxşar Xəbərlər