• cümə, 26 Aprel, 15:14
  • Baku Bakı 23°C

Bolluqdan qıtlığa doğru

06.02.21 12:00 1869
Bolluqdan qıtlığa doğru
Ekspertlər hesab edirlər ki, qarşıdakı dövrdə suyun hər damcısının qiymətini bilməliyik
Su həyat mənbəyidir deyirlər. Suyun bütün canlılar, təbiət üçün nə qədər vacib olduğunu izah etməyə ehtiyac yoxdur. Danılmaz həqiqətdir ki, canlı həyatın davamı üçün ən zəruri qaynaq sudur. Zəruri olduğun dərk etsək də, bir gün tükənəcəyini düşünə bilmirik. İstər məişətdə, istər iş həyatında sudan bolluca istifadə edirik. Məsələn, adicə dişlərimizi fırçalayanda, yaxud isti suyun gəlməsini gözləyəndə az su israf etmirik. Suya olan münasibətimiz xüsusilə qiymətlərin artdığı dövrdə bizi daha çox narahat edir. Əgər çox pul ödəmək istəmiriksə, sudan az istifadə etməliyik. Bəs suya necə qənaət etməliyik?
İlk baxışdan görünür ki, yer səthinin 71 faizi su ilə örtülü olduğundan hələ də kifayət qədər su ehtiyatımız var. Bəs niyə cəmiyyətimizdə suyun qorunması zərurəti artır? Səbəb isə əhalinin artması, qlobal istiləşmə, quraqlıqlardır.
2016-cı ilin əvvəlində ABŞ Geoloji Xidməti su ilə bağlı vacib yeni faktlar təqdim edərək ictimaiyyətin diqqətini çəkib:
1. Okeanlar Yerin bütün suyunun 96,5 faizini təşkil edir. Su həmçinin çaylarda və göllərdə, buz, su buxarı, bitki və heyvanat aləmi və təbii olaraq insanların içində var.
2. Dünyadakı bütün suyun yalnız 2,5 faizi şirin sudur. Lakin bütün şirin suyun bizim üçün əlçatan olduğu və içməli su kimi istifadə oluna biləcəyi doğru bir nəticə deyil.
3. Şirin suyun ümumi payının 68,7 faizi buzlaqlarda, qalan 30,1 faizi isə yerin altındadır.
Yuxarıda göstərilənlərdən göründüyü kimi, dünyada suyun yalnız 1,2 faizi səth suyu və digər (içməli) şirin sudur.
Bütün bunları nəzərə alsaq, içməli su ehtiyatlarının minimal olduğu və qlobal istiləşmə nəticəsində bu ehtiyatların daha da azalacağı aşkardır.
İnkişaf etmiş ölkələr içməli sudan necə istifadə edirlər?
"Yerin Dostları” (FOE) qrupunun üzvləri içməli suyun necə istifadə olunmasına dair bir nümunə göstəriblər. FOE Britaniyanın tipik içməli su istifadəsini ümumiləşdirib. Hər bir britaniyalı, duş qəbul edərkən, yemək hazırlayarkən və tualetdən istifadə edərkən gündə orta hesabla 150 litr su istehlak edir. Və bu, həqiqətən həyəcan vericidir.
İsrail su çatışmazlığına və çirkab suların təmizlənməsinə çox ciddi yanaşır. Ötən il Çexiyanın millət vəkili Miloş Babiş da Avropada yaxınlaşan quraqlıq mövsümünə dair xəbərdarlıq edib və çirkab suların təmizlənməsi məsələsini qaldırıb. O, bu sahədə İsrail hökumətindən nümunə götürmək lazım olduğunu bildirib. Hökumət İsrailin əziyyət çəkdiyi böyük quraqlıqlara qarşı tədbirlər görüb. Dövlət proqramının əsas istiqamətlərindən biri də çirkab suların istifadəsinin əhəmiyyətli dərəcədə artırılması idi. Nəticədə İsrail çirkab sularının 75 faizini istifadə edə bilir – bu isə dünyada ən yüksək nəticədir. Gələcəkdə İsrail bu nəticəni 90 faizə çatdırmağa planlaşdırır.
Mütəxəssislər hesab edir ki, yüksək potensiala baxmayaraq, istifadə olunan suyun 80 faizi ümumiyyətlə təmizlənmir. Ancaq yuxarıda göstərilən statistika dəyişiklik vaxtının gəldiyini və təcili hərəkət etməli olduğumuzu göstərir.
Azərbaycanda vəziyyət
İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Araşdırmalara görə, Azərbaycanın yerüstü su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan ərazinin hər km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə, Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m3) 62 faizi Gürcüstan, 28 faizi Ermənistan, yalnız 10 faizi Azərbaycanın payına düşür.
Son illər ölkədə su ehtiyatlarının yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilib, bundan əlavə bir neçə su anbarı təmir edilib. Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarı istifadəyə verilib. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib və s. Bununla belə, suya ehtiyac hələ də çoxdur.
Ekspertlərin rəyinə əsasən, son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 10 dərəcəyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir.

Milli Məclisin deputatı Müşfiq Cəfərov deyir ki, şirin suya qənaət edilməsi və onun ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir: "Tədqiqatçıların da irəli sürdüyü təkliflərə əsaslansaq, deyə bilərəm ki, hazırda əsas vəzifə Xəzərin suyunun şirinləşdirilməsdir. Bu işə yeni texnikalar, xaricdən gətirilmiş mütəxəssislər cəlb olunmalıdır. Həmçinin kadr hazırlığı da vacibdir. Digər vacib amil, praktiki olaraq, suyun təkrar istifadə edilməsi üçün mürəkkəb təmizləmə texnologiyasının geniş tətbiq olunmasıdır. Bunun üçün adi çökdürmə üsulu kifayətdir. Eyni zamanda, mərkəzləşdirilmiş sexlər yaradılmalıdır ki, sərf olunan suyun miqdarına ciddi nəzarət də mümkün olsun. İlk növbədə, mövcud şirin su mənbələrinin qorunması, daha doğrusu, bu mənbələrin çirklənməsinin qarşısının alınması, şirin suya qənaət edilməsi və ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Təsərrüfatın bəzi sahələrində alternativ su mənbələrinin işlənməsi, dəqiq desək, şirin suyun əvəzinə kifayət qədər bol olan yüksək minerallı dəniz, okean, yeraltı sulardan istifadə edilməsi olduqca böyük əhəmiyyət kəsb edir”.

Beynəlxalq mütəxəssis, BMT-nin İnkişaf Proqramının su məsələləri üzrə eksperti Əhməd Əlsəud deyir ki, dünyada sudan istifadəyə yanaşma dəyişməlidir: "Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir, çünki dünya bol su dövründən su azlığı dövrünə keçir. Bu da o deməkdir ki, suya münasibətimiz tamamilə dəyişməlidir. Artıq suyu sonsuz bir mənbə kimi qəbul edə bilmərik. Bilməliyik ki, resurslar məhduddur. Buna görə, hamını su ilə bağlı davranışlarını dəyişməyə dəvət edirəm. Məktəb uşaqlarından başlamalı və suyun əhəmiyyəti barədə bütün tədris proqramlarında dərslər keçirilməlidir. Su ehtiyatları və suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media platformalarından istifadə etməliyik. Bu maarifləndirmə kampaniyaları hərəkətə çağırmalı, hər birimizi məsuliyyətlərimizi ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib, sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir”.
Özünüzdən başlayın!
Su mənbələrini qorumaq üçün dövlət tədbirləri lazımdır. Bununla yanaşı, yer kürəsinin içməli suyunu qorumaq istəyiriksə, suya münasibətimizi dəyişdirməliyik. İlk olaraq, özümüzdən başlamalıyıq. Mütəxəssis tövsiyələri ilə tanış olaq:
1. Vanna yox, duş qəbul edin. Duş qəbul etmək üçün 30 ilə 50 litrə qədər su, vanna üçün isə artıq 150 ilə 180 litrə qədər su lazımdır.
2. Duş başlığını dəyişdirin. Suya qənaət edən duş kranı 45 faizə qədər suya qənaət edir.
3. Suya qənaət edən qol tipli kranlarından istifadə edin. Adi kran ilə müqayisədə qollu kranlar 60 faizə qədər suya qənaət edə bilər.
4. Əl ilə paltar yumanı dayandırın. Paltaryuyan maşını ilə paltar yumaq daha asandır, daha qənaətlidir və əllə yuyulmaqdan fərqli olaraq, 78 faizə qədər suya qənaət edə bilərsiniz.
5. Bağınızda mümkünsə bir quyu quraşdırın və içməli su əvəzinə sənaye suyu istifadə edin.
6. Tualetdə müasir tualet çəni sistemi quraşdırın. Köhnə tualet çəni sistemləri drenajdan 12 litr suyu boşaldır. Müasir tualet çənləri isə yalnız 3 litr (kiçik düymə) və 6 litr (böyük düymə) su istehlak edirlər.
8. Evinizdə bütün mövcud kranları təmir edin. Köhnə və nasaz kranlar ildə 20.000 litrə qədər su israf edə bilər.
9. Yalnız ehtiyacınız olduğu qədər su qaynadın. Çay və ya qəhvə üçün nə qədər suya ehtiyacınız olduğunu düşünmək əvəzinə bir stəkandan istifadə edərək çaydanın içindəki suyun dəqiq miqdarını ölçün.

Dünyada 1,1 milyard insanın içməli su əldə etməkdə çətinlik çəkdiyini unutmamalıyıq. Su istifadə edən hər kəs bu məsələyə həssas yanaşmalıdır. Şəhər və ya kənd yerlərində yaşayan hər bir insan qlobal iqlim dəyişikliyi qarşısında qarşılaşa biləcəyi problemlərdən xəbərdar olmalıdır. Dövlət və xalq bu işdə birləşməyi bacarmalıdır.
Aygün

banner

Oxşar Xəbərlər