• şənbə, 27 Aprel, 05:28
  • Baku Bakı 14°C

Biznesini qur, işlə, gəlir qazan

28.09.16 14:31 3528
Biznesini qur, işlə, gəlir qazan
Bir neçə gün öncə Prezidentİlham ƏliyevVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzaladı. "ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirməkdir.
Eyni zamanda, "ASAN xidmət” mərkəzlərində gənclərə yeni biznes imkanları yaradılır. Artıq "ASAN i-LAB” innovasiya laboratoriyası hazırdır. Qurumun fəaliyyəti barədə fins.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov məlumat verib. Onun sözlərinə görə, "i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edəcək. Laboratoriya həmin layihələrin reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya rolu oynayacaq. "i-LAB” əsasən, elektronika, robotika, proqramlaşdırma layihələrinin gerçəkləşdirməyi nəzərdə tutur.
Kiçik maliyyə dəstəyi ilə ideyaları biznesə çevirmək imkanı...
F.Cəfərov bildirib ki, "BAŞLA” layihəsi çərçivəsində istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi nəzərdə tutulub. Gənclər kiçik maliyyə dəstəyi ilə öz ideyalarını biznesə çevirə biləcəklər. Laboratoriyada hazırlanan qurğular onların işinə yardımçı olacaq. "i-LAB” müasir texnologiyalar əsasında hazırladığı qurğuları özəl şirkətlərə satmağı da planlaşdırıb. Gənclər "ASAN xidmət” mərkəzlərində onlara yaradılan şəraitdən istifadə edərək yeni ideyalarını texnologiyaya çevirə biləcəklər.
Yeni layihələr arasında "Cücələrim inkibatoru” da var. Layihədə köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan inkubatorların hazırlanması nəzərdə tutulub. İnkubatorlar üçün soyuducular pulsuz götürüləcək. Hələlik bu ideya ancaq Bakıda "i-LAB”da həyata keçiriləcək. Yaxın gələcəkdə isə regionlardakı "ASAN xidmət” mərkəzlərində də bunun genişləndirilməsi, rayon sakinlərinin məşğulluğunun təmin olunması nəzərdə tutulur. Gənclər inkubatorlardan əldə etdikləri cücələri sata və ya digər təsərrüfatlarda saxlayaraq bizneslərini genişləndirə bilərlər.
Daha bir maraqlı layihə isə "i-LAB store”dur. Bu, "i-LAB” çərçivəsində istehsal edilən innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Gənclər burada İT və İKT sahələrində yeni ideyalarını yerləşdirəcəklər. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək. Hərə öz ideyasını buradan asanlıqla sata biləcək.
"Biznesini qur, işlə, gəlir qazan”
Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, ASAN xidmət brendi sahibkarlıqla məşğul olmaq, öz biznesini qurmaq istəyənlər üçün şəffaf bir mexanizm təqdim edəcək: "Ölkə başçısının apardığı siyasət bürokratiyanı, rüşvətxorluğu aradan qaldırmaq məqsədi daşıyır. ASAN xidmət də bu sahədə keçən dövrdə özünü müsbət istiqamətdə fəaliyyəti ilə göstərdi. ASAN-a etibar edilən bütün sahələrdə əməliyyatların şəffaf şəklində icrası həyata keçirildi. Son vaxtlar banklarda yaranmış vəziyyəti, əhalinin maddi vəziyyətini nəzərə alaraq ABAD mərkəzlərinin yaradılması haqqında sərəncam imzalandı. Bu, müsbət addımdır. Birincisi, əsas odur ki ASAN-da hər şey şəffafdır. Fərdi, kiçik və orta sahibkarlar, istər də ailə biznesi qurmaq istəyənlər üçün yəqin ki müəyyən bir fond yaradılacaq və o fond çərçivəsində insanlara yardım ediləcək”.
Millət vəkili deyir ki, bu sistem insanların ünvanlı sosial yardım kimi ələbaxımlılıqdan xilası istiqamətində bir addım olacaq: "Əhaliyə uzun müddət sosial yardım verirdik. Bu ildən başlayaraq ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon ayırdı. Məqsəd odur ki, yavaş-yavaş əhalinin ələbaxımlılığını aradan qaldırmaq üçün təsərrüfat, iş yeri təşkil edilsin. Dövlətin əsas məqsədi əhalisinin normal yaşayışını təmin etməkdir. Bunun üçün də müəyyən addımlar atılır. Biri var ki insanlar ələbaxımlılığa öyrənirlər, uzun müddət bunu gözləyirlər. ABAD isə imkan yaradır ki, biznesini qur, işlə, gəlir qazan”.
V.Əhmədov hesab edir ki, əhali bu xidmətdən yararlanmağa meyilli olacaq: "Çünk hazırda əhalinin banklardan maliyyə almaqla bağlı problemləri var. Amma bu xidmət şəffaf olduğu üçün əhali burada hər hansı problemlə üzləşməyəcək. Ona görə bu mərkəzin xidmətlərindən yararlanmağa çalışacaqlar”.
Aztəminatlı ailələrə yardım proqramının yeni mərhələsi...
İqtisadçı alim Vüqar Bayramov da bildirdi ki, bu addımları aztəminatlı ailələrə yardım proqramının yeni mərhələsi hesab etmək olar: "Açıqlamalarımda hər zaman bildirirdim ki, aztəminatlı insanlara ünvanlanan yarım proqramları keyfiyyətcə yeni mərhələyə qədəm qoymalıdır. Fərdi sahibkarlığın inkişafı ilə bağlı proqram həyata keçirilməsinə ehtiyac var idi. ABAD bu kontekstdən fərdi sahibkarlara və ailə biznesinin inkişafına dəstək olacaq layihədir. Əvvəla, biz ABAD-ın təklif etdiyi xidməti, mövcud fondun təklif etdiyi güzəştli kreditlərlə müqayisə etsək, birmənalı şəkildə fərqlidir və üstünlüyə malikdir.
Model olaraq bir vətəndaşı götürək. Onun biznes ideyası var və fərdi sahibkarlıqla məşğul olmaq, ailə biznesi qurmaq istəyir. Yalnız ideyası var, pulu, biznes planı, investisiya layihəsi sənədi yoxdur, marketinq işini bilmir, bazarı öyrənməyib. Digər fondlar, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu vətəndaşa yalnız kredit təklif edirsə, ABAD məhz həmin ideyanı reallaşdırmaq üçün mühüm olan bütün vasitələri təqdim edir. ABAD vətəndaşın ideyası üzərində biznes planın hazırlanmasına yardım edəcək, həmin şəxsə marketinq, menecment və digər istiqamətlərdə təlimlər keçəcək. Eyni zamanda, layihənin maliyyələşdirilməsi işini də öz üzərinə götürür. Güzəştli kreditə çıxış imkanı olacaq. Digər tərəfdən, gələcəkdə qrant formasında da maliyyə ayrılması mümkün olacaq”.
Vətəndaş əlçatanlığı…
İqtisadçının sözlərinə görə, bu xidmətlər ailə biznesi qurmaq istəyənlərin işini asanlaşdıracaq: "Əgər Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq üçün girova ehtiyac var idisə, güman olunur ki, ABAD-da bu problem olmayacaq. ABAD ailə sahibkarlığının dəstəklənməsi, ailə biznesinin qurulması istiqamətində daha yüngül şərtlərlə və daha aşağı faizlə krediti təqdim edə biləcək. İdeyası olan, sahibkar kimi fəaliyyət göstərmək, investisiya həyata keçirmək istəyən vətəndaş bunu reallaşdıra biləcək. Amma eyni zamanda, məhsulun sertifikatlaşdırılması prosesinə, ixraca ABAD yardım edəcək. Bu o deməkdir ki, ABAD məhsulun istehsalından bazara çıxarılmasına qədər bir dəyər zənciri formalaşdıracaq. Bu, yerli istehsalın stimullaşdırmasına imkan verəcək”.
V.Bayramovun sözlərinə görə, bu xidmətlər ailə sahibkarlığının formalaşdırılması, yerli istehsalın artırılması üçün əhəmiyyətlidir. Amma əhəmiyyətli məqsədlərdən biri də məşğulluğun təmin edilməsi, aztəminatlı insanların öz gəlirləri hesabına sosial vəziyyətini yaxşılaşdırmasıdır: "Bu addım məşğulluğun təmin edilməsinə birmənalı şəkildə dəstək olacaq. Biz digər ölkələrin təcrübəsinə, xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsinə diqqət etsək görərik ki, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın payı olduqca çoxdur. Xüsusilə inkişaf etmiş ölkələrdə əhalinin 70 faizə yaxını kiçik və orta müəssisələrdə çalışır. Yeni layihə bizdə də məhz həmin məşğulluğun təmin edilməsinə yardım edəcək”.
İqtisadçı onu da bildirdi ki, ASAN-ın nəzdində olduğu üçün bu xidmətlər əlçatan olacaq: "Müstəqil ekspert kimi qiymətləndirməm ondan ibarətdir ki vətəndaşların bu ideyalara, həm təlimə, kreditlərə, həm də yardıma əl çatanlığı olacaq. Ən azından ona görə ki, bu, ASAN xidmətin yanında yaradılmış bir layihə olacaq. Bu, xüsusilə də korrupsiya ilə mübarizə, şəffaflıq baxımından çox əhəmiyyətli bir faktordur. ASAN regionda korrupsiyasız, tam şəffaf sistem qura bilən əsas modellərdən biridir. Etiraf etmək lazımdır ki, əgər bu, hansısa dövlət qurumunun yanında formalaşdırılsaydı, əlçatanlıqla bağlı müəyyən şübhələr olacaqdı. ASAN-ın yanında olması isə vəsaitlərin şəffaf bölgüsünə inam yaradır. Eləcə də etiraf edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bölüşdürülən kreditlərdə şəffaflıq dərəcəsi aşağıdır. Bu da nəticə etibarilə kiçik və orta sahibkarlığın inkişafına müsbət təsirləri azaldır. Amma ABAD-ın şəffaf və korrupsiyadan uzaq bir mərkəz kimi fəaliyyəti gözlənilir”.
Multimedia Mərkəzinin direktoru Osman Gündüz də atılan addımı alqışlayıb: "Bütün ölkə boyu ABAD Mərkəzləri yaranacaq. Mərkəzlər birbaşa ailə biznesinin və kiçik sahibkarlığın inkişafına dəstək verəcək. Belə demək mümkünsə, dövlət xidmətlərinin əldə edilməsinə yönəlik olan klassik ASAN-nın daha təkmil, istehsala yönəlik modelinin , ASAN- ABAD-ın yaradılmasından söhbət gedir. ABAD vasitəsilə müəyyən potensiala malik olan ailə biznesləri, sahibkarlar seçiləcək və onlara ciddi , sistemli və asan dəstək mexanizmi yaradılacaq. Dəstək də həm istehsal prosesinin təşkili, həm də konsaltinq və məhsulun satışına qədər olan prosesi əhatə edəcək”.
O.Gündüzün fikrincə, hazırda, iqtisadi və maliyyə sıxıntıları, devalvasiyalar dönəmində situasiya elədir ki, həqiqətən də regionlarda işsizlik var: "İnsanlar bilmirlər ki hansı işin qulpundan yapışsınlar ki, böhranla üzləşməsinlər. Nə istehsal etsinlər ki, onu asan rəsmiləşdirə, maneəsiz onu daxili və xarici bazara çıxara bilsinlər. Bu baxımdan düşünürəm ki, ABAD-ın rolu əvəzsiz olacaq. Bununla belə, Prezidentin fərmanından görünür ki ABAD-ın uğuru digər nazirliklərin, İqtisadiyyat , Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu prosesdəki rolundan da çox asılı olacaq. Amma ASAN-nın təcrübəsi göstərdi ki, birbaşa Prezident tərəfindən siyasi dəstək olarsa, rüşvət və korrupsiya yoxdursa, vətəndaş məmnunluğu əsas prinsip olacaqsa, orda mütləq uğur olacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər