AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Biznes sektorunun təhsilə, virtual təhsilin inkişafına dəstəyi və yatırımları çox vacibdir”

“Biznes sektorunun təhsilə, virtual təhsilin inkişafına dəstəyi və yatırımları çox vacibdir”

Cəmiyyət
21 Noyabr 2020, 14:11 843

"Müəllimlər istər paytaxtda, istərsə də ucqar yerlərdə, "Virtual Məktəb”dən istifadə imkanlarını xeyli mənimsəyiblər”

Pandemiya həyatımızda ciddi dəyişikliklərə səbəb olub. Mart ayından etibarən bütün dünyada olduğu kimi, Azərbaycanda da istər iş, istər təhsil sahəsində ciddi dəyişikliklər etmək məcburiyyətində qaldıq. Xüsusi karantin dövrü günlük vərdişlərimizi dəyişərək həyatımıza yeni forma və məzmun gətirdi. Bu prosesin meydana çıxardığı mövcud vəziyyət həyatın bütün sahələrində yenilikləri zəruri etdi. Bu yeniliklər təhsildən də yan keçmədi. Təhsilin davamlılığını təmin etmək üçün Təhsil Nazirliyi aprel ayından etibarən "Virtual məktəb” layihəsinə start verdi. "Virtual məktəb”də qeydiyyatdan keçən müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ödənişsiz və onlayn şəkildə həyata keçirilir. Təlimlərin məqsədi müəllimlərin platforma vasitəsi ilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərməkdir.

"Microsoftun əlavə imkanlarından istifadə edirik”

Layihədə təlimçi kimi çalışan 245 nömrəli məktəbin biologiya müəllimi Rufana Məmmədova deyir ki, bəzi müəllimlərin İKT bilikləri zəif olduğu üçün onlara təlimlər keçirilir: "Virtual məktəb”layihəsi  yeni bir platforma olan "Microsoft” üzərində həyata keçirilir. Aydın məsələdir ki, bu platformanı bütün müəllimlər bilmirdilər. Demək olar ki, müəllimlərin, eyni zamanda şagird kontingentinin böyük əksəriyyəti üçün bu, yeni anlayış idi. Buna görə də, öyrənmək ehtiyacı meydana çıxdı. Bunu ödəmək üçün Təhsil Nazirliyi tərəfindən ödənişsiz əsaslarla təlimlər başladı. İlk təlimdə mən də iştirak etdim. İndi isə təlimçi kimi öyrədirəm”.

Təlimçi deyir ki, pandemiya dövründə təhsilin keyfiyyətinin artırılması üçün müəllim yoldaşlarına kömək edirlər: "Müəllimlərə, qarşılarına çıxa biləcək hər hansı situasiyalarda necə davranmağın yollarını göstəririk. Baxmayaraq  ki, pandemiya ilə əlaqədar olaraq təhsil distant formadadır, şagirdlər təhsil almağı davam etdirməlidir. Bunu da bacardığımız qədər keyfiyyətli etmək üçün müəllim yoldaşlarımıza kömək edirik. Birlikdə öyrənmə yolunda davam edirik ki, şagirdlərə bu şəraitdə normal təhsil verə bilək.  Biz istəyirik ki, canlı əlaqə olmasa da, virtual şəkildə dərsi daha maraqlı edək ki, uşaqlarda həvəs yaransın. Bunun üçün "Microsoft”un əlavə imkanlarından istifadə edirik. Qruplarla iş təşkil etməyin yollarını gösətiririk”.

Təlimçinin sözlərinə görə, təlimlərə qoşulmaq üçün yaş baryeri yoxdur: "Yaşından asılı olmayaraq, istənilən müəllim qoşula bilər. Virtual.edu.az saytında təlimlərə qoşulmaq üçün keçid var və təlimlər ödənişsizdir. Hər gün müəyyən qədər müəllim qoşulur. Müəllim komandalarını 20-20 qruplaşdırırıq və 2-3 saat təlim keçirik. Müəllimlər, həqiqətən təlimlərə maraq göstərirlər. Bəzən 1957-ci il təvəllüd müəllimlər gəlir əvvəlcə öyrənməkdən qorxurlar. Öyrəndikdən sonra stimul yaranır. Öyrənmək istəyən nə qədər çoxdursa, o vaxta qədər də təlimin müddəti açıqdır”.

"Yeni təhsil vermə forması ilə bağlı təlimlərə çox ehtiyac var”

Təhsil eksperti Kamran Əsədov deyir ki, internet problemi səbəbindən 1,6 milyon şagird distant təhsildən istifadə edə bilmir: "Mart ayından etibarən ölkədə təhsil distant qaydada həyata keçirilir. Etiraf edək ki, 4447 orta məktəbdə təhsil alan 1.6 milyon şagird, eyni zamanda 150 min müəllim bu formada tədrisin təşkilində tam şəkildə iştirak edə bilmir. Bunun əsas problemlərindən biri internetin olmamağı və ya zəif olması, eyni zamanda internet alətlərinin azlığıdırsa, digər tərəfdən tədris iştirakçılarının bu alətlərdən istifadə bacarıqlarının olmamağıdır. Bu gün təhsil sistemində çalışan müəllimlərin 37 faizinin yaşı 60 və daha artıqdır ki, onların da bu proqramlardan istifadə etmək imkanları zəifdir. Yeni tədris sistemi ilə bağlı müəllimlərin platforma vasitəsi ilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərmək üçün vahid mərkəz yaradılmalı və müəllimləri burada təlimlərə cəlb etmək lazımdır”.

Ekspert vurğulayır ki, yeni təhsilvermə forması ilə bağlı təlimlərə çox ehtiyac var: "Xüsusi ilə onlayn dərslərdə şagirdlərin təfəkkürünün inkişafına yönələn dərs prosesini qurma bacarıqları, biliklərin, inkişafın ölçmə mexanizmlərinin tətbiqi bacarıqları ilə bağlı təlimlərə ehtiyac var. Yeniliklər, yeni təhsilalma və vermə formatına görə, müəllimin dərs bacarıqlarını dəyişdirməsi ilə dərslərinin keyfiyyətini yoxlamaq və ölçmək üçün təlimlərə, standartlara ehtiyac var”.

"Pandemiyadan sonra da distant təhsillə bağlı ciddi işlər görülməlidir”

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyir ki, təhsil sahəsi pandemiyadan ən çox zərər çəkən sahələrdəndir. Ekspertin sözlərinə görə, pandemiyadan sonra da ölkəmizdə məsafəli təhsil sahəsində ciddi işlər görülməlidir: "Bu pandemiya Azərbaycan təhsilində yeni bir səhifə açdı, o baxımdan ki, Azərbaycanın təhsil qanununda distant və məsafədən təhsil barədə müddəalar əks olunsa da, pandemiyaya qədər ölkəmizdə bu növ təhsil, praktiki olaraq, yox idi. Ümumiyyətlə, təhsil sahəsi pandemiyadan ən çox zərər çəkən sahələrdən biri oldu və bu proses indi da davam edir. Buna baxmayaraq, pandemiya, eyni zamanda təhsilə innovasiya da gətirdi. Bunlardan biri də ölkəmizdə məsafədən təhsilin formalaşması oldu, hansı ki, dünyada, təhsil tutumlu ölkələrdə bu sahədə artıq çox ciddi təcrübələr var idi. Biz hər zaman deyirdik ki, Azərbaycanda da distant təhsil tətbiq olunmasına diqqət yetirmək lazımdır. Ümid edirəm ki, pandemiyadan sonrakı dövrdə da bu mövzu aktual qalacaq və eyni zamanda distant və məsafədən təhsilin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda çox ciddi işlər görüləcək”. 

Ekspertin sözlərinə görə, pandemiya dövründə Təhsil Nazirliyi çevik və operativ olaraq bir çox yeniliklər tətbiq etdi. "Virtual Məktəb” platforması ən innovativ üsullardan biridir. Bizim müəllimlərin İKT biliklərinin səviyyəsinin bir qədər zəif olması "Virtual Məktəb” platformasının effektivliyini çətinləşdirsə də, Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində artıq müəllimlərin biliklərinin artırılması istiqamətində müvafiq təlimlərə başlanıldı. Hətta deyərdim ki, son dövrlərdə bizim müəllimlərin "Virtual Məktəb” platformasından istifadə imkanları ilə bağlı bütün lazımı biliklər ötürüldü. Müəllimlərimiz istər paytaxtda, istərsə də ucqar yerlərdə, "Virtual Məktəb”dən istifadə imkanlarını xeyli mənimsəyiblər və bu istiqamətdə Azərbaycan üçün çox yaxşı təcrübə formalaşıb. Əlbəttə, mən hesab etmirəm ki, bu istiqamətdə bütün müəllimlərin bilikləri mükəmməldir, amma hər halda bu layihədən istifadə imkanları ilə bağlı bizim müəllimlərin xeyli bilik və təcrübələri da artıq mövcuddur. Bu bilik və təcrübələrin daha da dərinləşdirilməsi də nazirlik tərəfindən planlaşdırılır. Biz ümid edirik ki, bütün Azərbaycan vətəndaşları ciddi məsuliyyət nümayiş etdirərək Operativ Qərargahın qərar və tövsiyələrinə əməl edəcəklər və biz yaxın vaxtlarda birbaşa təhsilə tam qayıda bilməsək də, hibrid formada təhsil prosesini bərpa edə biləcəyik. Bu istiqamətdə müvafiq təlimlərin və treninqlərin keçirilməsi vacibdir”.

"Biznes qurumları təhsilin yanında olmalıdırlar”

Ekspertin sözlərinə görə, virtual məktəb layihəsində internet problemini həll etmək üçün biznes sektorun təhsilə və virtual təhsilin inkişafına dəstəyi və yatırımları çox vacibdir: "Ən böyük çətinliklərdən biri internetin qiymətinin baha olması, bir çox təhsil alanların və təhsil verənlərin müvafiq resurslara malik olmamasıdır. Noutbuk, planşetlər və kompüterlərin olmaması çox ciddi bir problemdir. Həm də internetin qiyməti ilə bağlı xeyli narahatlıqlar var. Biz bununla bağlı müvafiq qurumlara, eyni zamanda Təhsil Nazirliyinə öz tövsiyələrimizi verdik və təklif etdik ki, müəllimlər üçün internetin pulsuz olması, təhsil alanlar üçün isə ən azından yarıbayarı güzəştlərin edilməsi vacibdir. Hələ ki, bu təkliflər təklif olaraq qalır və bununla bağlı müvafiq qərarlar yoxdur. Aidiyyəti qurumlar, xüsusilə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələdə təhsilin yanında olmalıdır. Təhsilsiz heç bir cəmiyyət inkişaf edə bilməz. Ölkə başçısının təhsilə bu qədər önəm verməsi və təhsilə ayrılan xərclərin dövlət büdcəsində ildən ilə daha çox yer alması ona yönəlib ki, Azərbaycan cəmiyyəti savadlı və təhsilli olsun. Mən fikirləşirəm ki, çətin dövrlərdə bütün dövlət və biznes qurumları təhsilin yanında olmalıdırlar. Biznes sektorunun təhsilə və virtual təhsilin inkişafına dəstəyi və yatırımları çox vacibdir”.

Qeyd edək ki, təlimdə iştirak etmək istəyən müəllimlər "Virtual məktəb” (https://virtual.edu.az/)  saytında yerləşdirilmiş sorğu formasını dolduraraq  təlimlərə yazıla bilərlər.

Aygün ƏZİZ