Bir xalqın mədəniyyətini məhv etmək...

Birinci dünya müharibəsindən
sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər bolşevizm adı altında
müsəlman xalqlarına qarşı terror törətdilər. 1918-ci ilin mart ayının
sonlarından başlayaraq ermənilər öz niyyətlərinə çatmaq üçün minlərlə
azərbaycanlıya qarşı kütləvi şəkildə soyqırımı həyata keçirdilər. Bu soyqırımı
təkcə Azərbaycan xalqına qarşı deyil, həm də onun tarixinə, mədəniyyətinə qarşı
törədilən bir addım idi. Soyqırımı ərəfəsində onlarla tarixi abidələrimiz
yandırılaraq dağıdıldı, məhv edildi.
Siyasi
elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyir ki, 31 Mart soyqırımı bir
neçə məqsədə xidmət edən bir terror hadisəsi idi: "Həmin dövrdə sənədləşmədə və
danışıqlarda Ermənistan dövlətinin yaradılmasına dair plan yox idi. O dövrdə
Qafqazda yalnız iki - Gürcüstan və Azərbaycan dövlətinin mövcudluğundan söhbət
gedirdi. O dövrdə Ermənistanın taleyi böyük planda artıq həll olunmuşdu. Belə
ki, Osmanlı imperiyası və Böyük Britaniya arasında olan razılaşmaya görə,
Ermənistana imperiya daxilində kiçik muxtariyyətin verilməsi nəzərdə tutulurdu.
Ermənilər isə bu muxtariyyətlə kifayətlənmirdilər. Onlar deyirdi ki, əgər Qafqazda
Azərbaycan və gürcü xalqının dövləti
varsa, biz də müstəqil dövlətimizi qurmalıyıq. Beləliklə, onlar Azərbaycan və
gürcü xalqlarına qarşı hərbi hücumlar təşkil etməyə başladılar. Bu hücumların
fonunda ən böyük zərbə isə Azərbaycana dəydi. Çünki ermənilərin «Böyük
Ermənistan» yaratmaq niyyəti var idi. Bu ideologiyaya əsasən, Qafqazda
ermənilərdən başqa digər xalqların yaşamağa haqqı yox idi. Onlar göstərməyə
çalışırdılar ki, bizə müstəqil dövlət verilməsə, silahlı dəstələrimizlə istənilən
vaxt hərbi aksiyalar keçirə bilərik. 31 Mart soyqırımı onu göstərdi ki,
ermənilər terror vasitəsilə öz dövlətlərini qurmaqda maraqlıdırlar. Onlar
istəyirdi ki, bu terrorları dayandırmaq üçün ermənilərə müəyyən güzəştlər
edilsin. Bundan sonra isə Azərbaycan torpaqlarında erməni dövlətinin
yaradılması gündəmə gəldi. 31 Mart soyqırımı əslində daha əvvəldən başlayıb. Həmin
tarixdə isə bu, kütləvi hala çevrildi. O ərəfədə Qafqaz coğrafiyasında yaşayan
bütün türk xalqlarına qarşı kütləvi qırğın təşkil edildi”.
Ekspert bildirdi ki, soyqırımını
törətməkdə məqsəd təkcə insanları öldürmək deyildi: "Yerli əhaliyə məxsus tarixi
abidələrin dağıdılması əsas məqsədlərdən biri idi. Şamaxı Məscidi, İsmailiyyə
binası, «Kaspi» qəzetinin mətbəəsi bu zaman məhv edildi. Bu abidələr böyük
tarixi əhəmiyyətə malik idi. Ermənilər belə abidələri dağıtmaqla yerli
xalqların mövcudluğunu və mədəniyyətini, milli kimliyini məhv etmək
istəyirdilər. Hər bir abidə özündə tarixi təcəssümü etdirirdi. Onların
əksəriyyətinin qədim tarixi var idi. Dağıdılan binaların əvəzinə tikilən
binaların qədimliyi isə itir. Ermənilər özləri də bilir ki, bu binalar bərpa
olunsa da, biz o binaların qədimliyini heç kimə sübut edə bilməyəcəyik.
Restavrasiyadan sonra ermənilər əsas gətirirlər ki, azərbaycanlılar saxtakarlıq
edir, bunlar əslində tarixi deyil, yeni tikilmiş binalardır. Tarixdə belə
abidələr olmayıb. Onların məqsədi bizə aid bütün mədəniyyət nümunələrini məhv
etməkdir. Bu, təkcə Azərbaycanda belə deyil, onlar terror törətdikləri bütün
yerlərdə yüzlərlə mədəniyyət abidələrini məhv ediblər. 1915-ci il qondarma
erməni soyqırımı vaxtı ermənilər onlara aidiyyəti olmayan qədim xristianlıq
abidələrinin də hamısını məhv etdilər. Bu terror siyasəti indi də davam
etməkdədir. İşğal altında olan Azərbaycan torpaqlarında yerləşən xeyli sayda
qədim mədəniyyət nümunələri var. Qarabağ xanlarına, bəylərinə məxsus olan qala bürclərini,
tarixi mədəni irsləri, məscidləri, evləri ermənilər indi də məhv etməyə
çalışırlar. Onlar sökdükləri binaların üzərinə xaç işarəsi vururlar. Ermənilər
bilir ki, insanları məhv etməklə xalqı məhv etmək olmaz. Xalqın mədəniyyətini
məhv etmək isə onun tarixini, keçmişini silmək olur. Ermənilərin əsas hədəfləri
Qafqaz regionunda yaşayan xalqların milli-mədəniyyət abidələrini dağıtmaqla
onların tarixini yer üzündən silməkdir”
Millət
vəkili Fazil Mustafa bildirdi ki, mart soyqırımını törətməkdə
ermənilərin əsas məqsədlərindən biri də mədəniyyətimizi məhv etmək idi: "Mart
ayının 27-dən başlayaraq törədilən
dəhşətli soyqırımında ermənilər Azərbaycan xalqı ilə yanaşı, həm də bizim xeyli
sayda mədəniyyət abidələrimizi məhv etdilər. O dövrün ən gözəl binalarından
hesab olunan İsmailiyyə binasını yandırdılar. O dövrdə bütün ictimai
təşkilatlar bu binada yerləşirdi. Bu bina Azərbaycanın mədəniyyət mərkəzi hesab
olunurdu. Ermənilər tərəfindən törədilən vəhşilik nəticəsində xeyli sayda
mədəniyyət nümunələri dağıdıldı. Bu, Azərbaycanın mədəni və intellektual
səviyyəsini aşağı salmaq üçün atılan bir addım idi. Sonradan hadisələri təsvir
edənlər qeyd edirdilər ki, 31 Mart soyqırımı təkcə insanlara qarşı
yönəlməmişdi, əsas məqsəd Azərbaycan mədəniyyətini tarixdən silmək idi. O
dövrdə «Kaspi» qəzetinin mətbəəsinin dağıdılması qəzetçilik ənənələrinin
dağıdılmasına hesablanan bir addım idi. Bu səbəbdən xeyli sayda nəşriyyat
dağıdıldı və tikililər məhv edildi. Ona görə də bu vəhşiliklərə soyqırımının
tərkib hissəsi kimi baxılmalıdır”.
Şəbnəm
Mehdizadə
