• cümə axşamı, 28 mart, 20:56
  • Baku Bakı 13°C

Bir mahnının şöhrəti - Fotolar

07.07.19 10:00 15705
Bir mahnının şöhrəti - Fotolar
Mixail Vasilyeviç İsakovskini nəğməkar şair, tərcüməçi, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə Stalin mükafatı laureatı kimi yüksək titullar, fəxri adlar qazansa da, onu daha çox tanıdan bir mahnı oldu – dildən-dilə keçən "Katyuşa” mahnısı.

M.İsakovskinin hələ məktəb illərində yazdığı «Əsgərə ərizə» şeiri 1914-cü ildə «All Rusian» qəzetində nəşr olunub. Bir müddət Smolensk qəzetlərində işlədikdən sonra 1931-ci ildə Moskvaya köçüb. Çoxsaylı şeirlərindən başqa, «Şeir bacarıqları haqqında» kitabı da nəşr olunub. Köhnə mahnılar və nağılların transkripsiyası və digər dillərdən tərcümələri ilə tanınıb. O, Ukrayna, Belarus və digər dillərdən tərcümələr edib. Xüsusilə Taras Şevçenkonun «Pozulmuş», «Katerina», «Qoqola» və digər Belarus şairləri, Yanka Kupalanın «Gələn kimdir?», «Əbədi mahnı», «Heç kimə», «Ares çayı üzərində» «Oğlan və təyyarəçi» (axırıncı şeirlərini Yuri Qaqarin də sevir, oxuyurdu), Yakub Kolasın «Sımon musiqiçi», Arkadi Kulişovun «Briqadanın bayrağı» (İsakovskinin tərcüməsindən Çernoqoriye şairi Rodovan Zoqoviç, Kuleşovun poemasını Serbo-Xorvatiya dilinə çevirib və bu poema yuqoslav partizanlar arasında məşhurlaşıb). Adam Rusakın «Sağlam olun», serb xalq mahnıları, avtobioqrafik kitab olan «Yelinskaya torpaq haqqında» (1969) və s. onu xeyli tanıdıb.

Mixail İsakovski siyasi fəaliyyətlə də məşğul olub – RSFSR Ali Şurasının deputatı idi. O, 20 iyul 1973-cü ildə dünyasını dəyişib, Novodeviçye qəbiristanlığında dəfn edilib.

«Boş yerə heç nə baş verməz»

"Katyuşa” mahnısı ilk dəfə 27 noyabr 1938-ci ildə ifa olunub.

«Sıldırımlı sahilə çıxıb gözəl səslə oxuyan Katyuşa - Rusiyanın simvoluna çevrilmiş bu mahnının qəhrəmanı kimdir axı?”- deyə şair Mixail İsakovskidən addımbaşı soruşurdular. Şair mənalı-mənalı baxıb susmağa üstünlük verirdi.

Mixail İsakovski dostu və həmkarı Aleksandr Tvardovski ilə birgə 1936-cı ildə doğma ellərə, Smolenşinaya yollanır. Onlar qədim parkda keçirilən böyük bayrama tələsirdilər. Çıxış edənləri dinləyib, bəstələdikləri şeirləri oxuyublar. Səhəri İsakovski Moskvaya yola düşüb və orada 8 sətir yazıb: «Alma, armud ağacları çiçəkləyir, çay üzərindən buludlar süzməyə başlayır…» Bu 8 sətirdən sonra iş ləngiyir və o, gələcək mahnının əlyazmasını stol üzərinə atır. Amma tezliklə şair təsadüfən bəstəkar Blanterlə rastlaşır. Bəstəkar "təzə heç nə yoxdurmu?”- deyə maraqlananda İsakovski "bu sətirlərdən başqa heç nə yoxdur”, -deyə boynuna alır. Blanter həmin sətirləri oxumasını ondan rica edir. Sıldırımlı sahildə oxuyan Katyuşa hadisəsindən ruhlanan bəstəkar o dəqiqə gələcək mahnının musiqisini bəstələyir. Beləcə, «Katyuşa» dünyanın ən populyar sovet mahnısına çevrilir. Bu populyar mahnını ifa edən qəhrəman qadının prototipi kim idi? "Katyuşa” hərbi maşınlara verilən ləqəb idi”- deyənlər vardı. "Katyuşa"nı rus xalq mahnısı da adlandırırdılar.

Bu mahnıya görə Mixail İsakovski 1943-cü ildə birinci dərəcəli Stalin mükafatı alır. 100 000 rubl o vaxt üçün olduqca böyük pul hesab olunurdu. Şair bu pulu Smolenskdəki Vsxodı adlı doğma kəndində Mədəniyyətin Evinin tikintisinə xərcləyir. Mədəniyyət Evinin nəzdində "Katyuşa” mahnısının muzeyi yaradılır. Hələ də fəaliyyət göstərən muzey Rusiyada bir mahnıya həsr olunmuş yeganə muzeydir.

«Katyuşa» muzeyinin direktoru Lyudmila Proxorenkova danışır: "Şairə mütəmadi olaraq bu sualı verirdilər: "Axı, kimdir bu Katyuşa? Onu şəxsən tanıyırdımı? İsakovski mənalı baxışlarla: «Boş yerə heç nə baş verməz» - deyib susurdu… O zaman çoxları Katyuşanı İsakovskinin tərcümeyi-halında axtarırdı. Ancaq Katyuşa şairin yaradıcılığında bu mahnının yazılmasından xeyli əvvəl meydana çıxmışdı. Hələ 1925-ci ildə İsakovski yazırdı: «Baharda geniş qürub və yüngülcə gecə çəni. Gecələmək üçün Katyuşa havasız komadan anbara gəlir». 1936-cı ildə o, «Ötürmək» mahnısını yazır. Mahnıda Katyuşanı sevimli Nikolay evə yola salırdı. Bu qız 1940-cı ildə də üzə çıxacaqdı: «Haradasa cavan xoruz boğazını dağıdır və bir sevimli qəlbli qız – bəlkə də Katyuşa komadan suya qaçır, elə bu zaman qaranquşlar qanad sallayır, kiminsə ocağı qalanırdı… Bax, bunun hamısı Vətənimizdir və onu qorumaq gərəkdir»- deyə yazırdı. Smolenşinanın yaşlı sakinləri israrla deyirlər ki, Katyuşa adlı belə bir qız olub. Həmin qız doğurdan da sıldırımlı sahilə çıxıb gözəl səslə oxuyarmış. Amma bizə tez-tez İsakovskinin yaşadığı doğma kəndindən şairlər gəlir və iddia edirlər ki, «Katyuşa» müəllifin ilk müəlliməsi Yekaterina Qoranskayaya həsr olunub. İsakovski ona pərəstiş edirdi. «Həyatda nəyə nail olmuşamsa, buna görə iki qadına borcluyam – anam Darya Qriqoryevnaya və ilk müəlliməm Yekaterina Sergeyevna Qoranskayaya» – deyirdi. Bərk soyuqlar zamanı Qoranskaya Mişa İsakovskini məktəbdə gecələməyə saxlayardı: ayaqlarına geyinmək üçün çarıqdan başqa heç nəyi olmayan, bərk şaxtada evə getməyə çətinlik çəkən Mişanı müəlliməsi doyunca yedirərdi. Axı, İsakovskilər çox kasıb yaşayırdılar”.

Muzey direktoru söhbətinə davam edir: "Deyirlər ki, məhz Qoranskaya oğlanın görmə qabiliyyətinin pis olduğunu başa düşür. O, araba qoşqulu at tapıb Mişanı şəhərə həkimə yola salır. Diaqnoz ümidverici olmur: gözün tor qişasının xroniki iltihabı və uzaqgörmə qabiliyyətinin itirilməsi. Yekaterina dərslikləri Mişa üçün evə gətirir və onu evdə hazırlaşdırmağa başlayır. Müharibə zamanı Yekaterina Sergeyevna ölur. Təbii ki, bu itkidən İsakovski çox məyus olur və müəlliməsi üçün heykəl qoyulması üçün pul göndərir”.
Stalinə məktub

1940-cı illərin əvvəllərində təkcə bizim səngərlərdən deyil, həmçinin alman səngərindən də səslənən (almanlar da «Katyuşa»nı sevirdilər) «Katyuşa»nın prototipi Leninqrad məktəblisi, 14 yaşlı Yekaterina Mixaylova olur. O, yaşını iki il artıq yazdıraraq cəbhəyə yollana bilmişdi. Qız sadəcə, yaralı əsgərləri cəbhə xəttindən çıxarmırdı, həmçinin kəşfiyyata gedir, düşmən öldürürdü. Mixaylova hərbi dəniz donanmasına düşmüş tək-tək qızlardan biri idi. O, Stalinə məktub yazaraq onu hərbi dəniz donanmasına qəbul etmələrini xahiş etmişdi. Hərçənd zəif cinsin ora yolu qadağan idi. Ancaq Stalin onun məktubuna müsbət cavab vermişdi. Katyanın döyüş yolu güclü kişi-döyüşçülərlə bərabər Krım, Qafqaz, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyadan keçir… Katya Mixaylovanı – qorxmaz dənizçini təkcə bizim döyüşçülər deyil, almanlar da tanıyırdı. "Bir dəfə bizim döyüşçülərimizin içməli suyu bitmişdi. Yeganə quyu isə bizim əsgərlərlə düşmən əsgərləri arasında qalmışdı. Düşmən tərəf «dənizlərin bəlası» Katyanın əks tərəfdə olduğunu bilirdi. Onlar qışqırmağa başladılar: «Rus İvan, Katyuşanı göndər, öldürməyəcəyik!» Katya iki vedrə tapıb quyudan su gətirir. Alman tərəfi isə bu zaman qarmoşkada çalıb-oynayır, oxuyurdu: «Katyuşa sahilə çıxıb». Beləcə Katya Mixaylova dəfələrlə su dalınca düşmən tərəfə getmişdi”- deyə muzey direktoru xatırlayır: "Yekaterina İllarionovna döyüş xidmətlərinə görə Sovet Sosialist Qəhrəmanı adına layiq görülmüşdü”.

Vladivostokda isə inamla söyləyirlər ki, mahnıdakı Katyuşa onların yerliləridir. Onu Yekaterina Alekseyeva adlandırmışlar. 2013-cü ildə ona «Katyuşa» adlı heykəl də qoyulub. Katya Alekseyevanın gözəl səsi var idi, o, Leninqrad Konservatoriyasında oxuyurdu. Lakin 1938-ci ildə sovet ordusunun yaponlarla döyüşü zamanı ona Xasan gölü hadisələrində iştirak etmək nəsib oldu. Ölkəşünas Nelli Miz inanır ki, həmin hadisədə iştirak edən mahnıdakı Katyuşadır.

112 «Katyuşa»

«Bizim muzeydə bir qızın məktubu var. Həmin qız da inanır ki, İsakovskinin mahnısındakı Katyuşa məhz özüdür”-deyə L.Proxorenko davam edir: "Həmin qız bizə bir çox məktub göndərib və hamısının da altında «Katyuşa» imzasını qoyurdu. Özünün adı isə Katya Lukomskayadır. Məktublarından birində etiraf edir ki, bu mahnı onun və sevimlisi - Çernovıy kəndindən olan Vasiliy Timoşenkonun şərəfinə bəstələnib. «Vasya çox ciddi, namuslu və rəhmli, mənə görə gözəl və doğma insan idi… Oxuyub-oynamağı xoşlayırdı. Sevirdi… hətta bunu yazmaq qəribədir…» - Lukomskaya vəfat etmiş sevgilisi haqqında yazırdı. Yekaterina sevgilisi Vasilinin ona yazdığı məktubu da bizə göndərmişdi. Həmin məktub stendimizdə saxlanılır: «Katya, inan ki, baltikalılar əla döyüşürlər və düşmənə aman verməzlər ki, Baltik sularında üzsünlər. Sənin məhəbbətinə görə biz hamımız sənə «Katyuşa» mahnısı ilə cavab veririk. Burada alma və armud ağacları çiçəkləmirlər, əvəzində dəniz fırtınası guruldayır. Bütün şturval (sükan) dənizçilərə itaətdədir və düşmənə sərhəddən keçməyə aman verilməyəcək. Baltikalılar isə «Katyuşa» mahnısını dinləyir. Qoy dəniz həmişəki kimi guruldasın. Linkor xətt gəmisi ayıq-sayıqdır. Katya, biz doğma sahilləri qoruyacağıq».

Katya Lukomskaya kimi Katyuşalar həddən çox idi. Bir çox döyüşçü mahnının sözlərini dəyişib öz sevgililərinə həsr edirdi. Bir zamanlar professor Rozanov bu şeirin 112 variantını toplamışdı. Ölkəmizdə onlardan neçəsi mövcuddur, neçə real Katyuşa bu şeirlərdə «yaşayır», heç kimə məlum deyil. Lakin hər biri özünün sevgilisinin müharibədən dönməsini gözləyən və onun üçün mahnı oxuyanın həmin o Katyuşa olduğunu zənn edirdi».
Bir mahnın şöhrəti
1983-cü ildə Smolensk vilayətinin Uqra çayı sahilində - İsakovskinin doğma kəndi yaxınlıqda "Katyuşa” mahnısına həsr olunan abidə ucaltdılar.

Faşist qoşunları tərəfindən Yunanıstanın 1941-ci ildə başlayıb üç il yarım davam edən işğalı zamanı "Katyuşa" mahnısı Ümumyunan azadlıq ordusunun himninə çevrilir. Mahnı həvəskar tərəfindən tərcümə edilsə də milli müqavimət hərəkatının iştirakçıları üçün rus melodiyası azadlıq və müstəqilliyin simvoluna çevrildi.

"Katyuşa” mahnısı Rusiya futbol azarkeşlərinin himni kimi səslənirdi. Azarkeşlər bu mahnını futbol üzrə Rusiya yığmasının oyunlarında tribunalarda ifa edirdilər.

"Katyuşa” müxtəlif vaxtlarda dünya xalqlarının dillərinə çevrilib. İtaliyada bu mahnı "Katarina” və "Fischia il vento” ("Külək fiti”), İsraildə - "Katyuşka” adlanır. İsrail müğənnisi Rika Zara mahnını fransız dilinə "Kazaçok” adı ilə ifa edib. Mahnını alman və italyan dillərində Dalida da oxuyub.

"Katyuşa”nı ümumilikdə yüzlərlə müğənni, o cümlədən Lidiya Ruslanova, Georgi Vinoqradov, Eduard Xil, Anna German, Dmitri Xvorostovski kimi məşhur ifaçılar ifa edib.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər