AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Böhranı imkana çevirmək fürsəti

Böhranı imkana çevirmək fürsəti

İqtisadiyyat
17 Mart 2020, 10:00 1667
Marketoloqun fikrincə, koronavirusun iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün şirkətlər marketinq investisiyalarını artırmalıdırlar 
 
Son bir neçə aydır ki, dünyanı lərzəyə gətirən koronavirusun yayılma arealını və surətini, həmçinin vaksinin hələ də tapılmadığını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayının 11-dən etibarən bu virusu pandemiya kimi qiymətləndirib. Bu baxımdan demək olar ki, dünyanın bir çox ölkəsində fövqəladə vəziyyət elan olunub, bu istiqamətdə ciddi işlər görülür. Bununla əlaqədar bütün ölkələrdə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərarı alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara riayət etmələri tələb olunub.
 
Xüsusi rejimin tətbiqi
 
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkəmizdə də xüsusi rejim tətbiq olunub. Belə ki, ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb, bütün toy məclislərinin, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Həmçinin restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili məhdudlaşdırılıb. Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb. 
 
Görülən tədbirlərin iqtisadiyyata təsiri 
 
Virusun yayılmasının qarşısını almaq üçün atılan bu addımlar təqdirəlayiq haldır. Təbii ki, əgər ortada insan faktoru varsa, heç nəyə başdansovdu yanaşmaq olmaz. Üstəlik, dünya miqyasında baş verən ölüm hadisələri məsələnin nə dərəcədə ciddi olduğunu göstərir. Lakin bir məqamı da vurğulamalıyıq ki, görülən bu tədbir digər tərəfdən də iqtisadiyyata böyük zərbə vurur. Hətta, bəzi beynəlxalq ekspertlər bunun bütün dünya ölkələri üçün iqtisadi böhranla nəticələnəcəyini bildiriblər. Qeyd edək ki, indiki vəziyyətdə də bir sıra ölkələrdə ciddi şəkildə də olmasa, yüngülvarı böhran müşahidə edilir. Baş verənlər bizim ölkəmizdən də yan keçmir. Maraqlıdır ki, hazırkı vəziyyətdə bəzi qadağaların və xüsusi rejimin tətbiqi iqtisadiyyata, xüsusilə də özəl sektora necə təsir edəcək, bu təsirləri azaltmaq üçün hansı addımlar atılmalıdır? Şirkətlər daha az zərərlə çıxmaq üçün hansı marketinq strategiyası və alətlərindən istifadə edə bilərlər?
 
Vergilərin kəskin şəkildə azaldılması və ya...
 
İqtisadçı Pərviz Heydərov deyir ki, hazırkı vəziyyətdə ən böyük zərbə iqtisadiyyata, xüsusilə də özəl sektora dəyir və bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir: "Görünən odur ki, özəl sektorda ən çox ziyan çəkən xidmət sahəsidir. Burada turizmi xüsusi qeyd etmək lazımdır. Koronavirus məsələsi ortaya çıxan gündən ilk zərbəni turizm aldı. Bir ölkəyə turist axınının minimuma enməsi, yalnız onun üçün deyil, digər ölkələr üçün də mənfi haldır. Konkret olaraq ölkəmizə gəlincə isə ilk olaraq indi hansı dövrdə olduğumuzu nəzərinizə çatdırım. Mart ayı ölkəmiz üçün alış-verişin, ticarət dövriyyəsinin ən yüksək həddə olduğu vaxtdır. Çünki mart həm bayramlar ayıdır, həm də turist axının geniş olduğu bir zamandır. Biz hələ ki, dəyən ziyanı konkret statistik rəqəmlə deyə bilmərik. Bunu birinci rübün yekunlarına dair açıqlamalar veriləndə biləcəyik. Rəqəmlər açıqlandıqdan sonra vəziyyətin pisləşməyə doğru getdiyi müşahidə edilərsə, fəsadların müəyyən qədər də olsa, aradan qaldırılması üçün dövlət mütləq şəkildə vergi güzəştləri etməlidir. Hətta, deyərdim ki, vergilərin kəskin şəkildə azaldılması və ya bir müddətlik ləğvi ilə bağlı da düşünməyə dəyər. Bununla özəl sektorda tam çökmənin qarşısını almaq olar. Əks təqdirdə vəziyyət çox mürəkkəb olacaq”.
 
Bəzi bizneslərin bağlanmasına yol aça bilər
 
Marketinq Peşəkarları Dərnəyinin idarə heyətinin sədri, "Yello Advertising” reklam şirkətinin həmtəsisçisi Namiq Bayramov koronavirusun yayılmasına qarşı dövlətin apardığı sərt qabaqlayıcı tədbirləri təqdir etdiyini, bu addımların ölkəmizi qoruyacağına inandığını qeyd edir: "Amma burda başqa nüanslar da var. Bu tədbirlər ölkə iqtisadiyyatında çox ciddi durğunluq yaradacaq və bu, artıq başlayıb. Məlumdur ki, dövlətin qabaqlayıcı ehtiyat tədbirləri sırasında toyların da təxirə salınması var. Bu məqam iqtisadi aktivliyə ciddi zərbə vuran məqamdır. Çünki bizdə iqtisadi aktivliyin əsas qüvvəsi toylardır. Bir düşünün, toyların hesabına hansı sahələrdə iş olur: cehizlik qab-qacaq, gəlinlik kirayəsi, paltar tikilməsi, paltar və ayaqqabı satılması, bəyaz əşya, parfümeriya, qənnadı, mebel, taksi, meyvə-tərəvəz, ət tədarükü, süd məhsulları, kolbasa, konservləşdirilmiş qidalar, restoran, spirtli içki, "ayıq sürücü”, mənzil satışı, ev təmiri xidməti, mənzil kirayəsi, inşaat malları satışı və s. onlarla sahə. Bu sahələrdə aktivliyin azalması həmin sahələrdə bəzi bizneslərin bağlanmasına yol aça bilər”.
 
Əsas fokusu gəliri artırmağa yönəltmək lazımdır
 
N. Bayramovun sözlərinə görə, iqtisadiyyatdakı durğunluq ən böyük zərbəni xidmət sektoruna vurur: "Çünki həm xidmət sektorunun maddi-texniki bazası və maliyyə resursları istehsal sahələri ilə müqayisədə çox vaxt zəif olur, həm də insanlar çox rahatlıqla ilk növbədə xidmət sektorunun xidmətindən imtina hesabına qənaət etməyə çalışırlar. Bundan başqa bizim bizneslərin çoxunda olan bir yanlış düşüncə var. Onlar iqtisadi aktivlik düşən kimi xərcləri azaltmağa çalışırlar. Halbuki əsas fokusu gəliri artırmağa yönəltmək lazımdır. Xərclərin azaldılması kiçilmək deməkdir. Bəzən bu, qaçılmaz olsa da, heç də həmişə ən yaxşı çıxış yolu deyil. Bunu 2015-ci ildə yaşadıq. Böhran başlayan kimi hamı marketinq xərcləmələrini azaltdı. Hansı ki, məhz onu artırmaq hesabına bazarda güclənmək olardı. Bizim yerli müştərilərimiz də eyni addım atdı. Lakin müştərimiz olan qlobal markalardan biri bazara daha aqressiv girdi. Nəticədə məhz 2015-2016-cı illərdə həmin şirkət bazarda çox böyük pay əldə etdi. Düşünürəm ki, bu dəfə 2015-ci ildəki kimi olmayacaq. Bunu bəzi yerli müştərilərimizin aktivliyi artırmasından hiss edə bilirik və doğrusu da budur”.

Hazırkı situasiyanın mənfi təsirlərini azaltmaq üçün şirkətlərin atmalı olduğu addımlardan danışan marketoloq çıxış yolunu marketinq investisiyalarını artırmaqda görür: "Ağılla və marketinq işi bilən şəxslərlə əməkdaşlıq etmək lazımdır. Dövlət isə sahibkarlığa, xüsusilə də xidmət sektorunda olan kiçik sahibkarlığa dəstək həyata keçirməlidir. Məsələn, ABŞ-da Tramp bəyan etdi ki, sərhədləri bağlayıram, amma 50 milyardlıq dəstək fondundan istifadə edəcəyəm. FED isə faiz dərəcələrini 1 bənd azaldaraq 1.25-dən 0.25-ə qədər salıb. Üstəlik, 700 milyard dollarlıq təşviq proqramı, yəni istiqraz alışları açıqlayıb”. 
 
Dövlət bu barədə də düşünməlidir
 
"Dövlət hansı addımları atmalıdır” sualına isə N. Bayramov konkret öz sektorlarından danışaraq, digər sektorların da bu cür analogiya aparmalarını məsləhət gördü: "Fəaliyyət göstərdiyimiz reklam sektoru əsasən kiçik bizneslərdən ibarətdir. Dövlət bu bizneslərə yönəlik fərqli vergi güzəştləri tətbiq edə bilər. Eyni zamanda dövlətdən maliyyələşən qurumlara öz marketinq işlərini xarici rezidentlərə verməyi qadağan edə, özəl şirkətlərə marketinq işlərini yerli şirkətlərə verdiyi halda, xüsusi güzəştlər tətbiq edə bilər və s. Həmçinin şirkətlərin çoxunda iş həcmi azaldığı bir şəraitdə, onların üzərinə düşən çox ciddi DSMF yükünün də yüngülləşməsi lazımdır. Dövlət bu barədə də düşünməlidir. Doğrudur, bu, ölkədəki xarici şirkətlərə qarşı xoş münasibət sayılmaz, amma bu addımlar atılarsa, yerli şirkətlər qorunar. Xaricilər onsuz da batmayacaq. Onların arxasında qlobal marka gücü var. Belə situasiyalarda proteksionizm siyasətinə görə heç kim dövlətimizi qınaya bilməz”.
 
Düzgün hesablanmış strategiya hazırlanmalıdır
 
Marketoloq Fərid Hacıyev bildirdi ki, şirkətlər düzgün hesablanmış strategiyalar hazırlamalıdırlar, çünki indiki vəziyyət sovuşduqdan sonra bazarın canlanması bir az vaxt apara bilər: "Böhranı imkana çevirmək” deyə bir termin var. Amma təəssüf ki, hər böhran imkana çevrilə bilməz, daha dəqiq desək, bu, bəzən hər şirkət üçün keçərli olmaya bilir. Çox yaxşı, düzgün hesablanmış strategiya hazırlanmalıdır. Bütün işlər virus sovuşduqdan sonra üçün hesablanmalıdır. Məsələn, turizm şirkətlərinin hazırda marketinq fəaliyyəti həyata keçirib, lap 6 ay sonraya belə satış etməyə çalışması faydasızdır. Çünki hazırda insanlar həm qorxur, həm də bunun nə vaxt bitəcəyini bilmir. Epidemiya sovuşduqdan sonra ümumi bazarın canlanması bir az vaxt apara bilər”.
 
Şirkətlərin sosial məsuliyyəti
 
F. Hacıyev deyir ki, hazırda şirkətlər ilk olaraq insanların həyatındakı rollarını bir daha gözdən keçirib, necə kömək edə biləcəklərini düşünməlidirlər: "İndiki vəziyyətdə maliyyə böhranı qaçılmazdır, ancaq ən azı insanlarla münasibətdə böhranın qarşısını almaq mümkündür. Şirkətlər istər maarifləndirmə, istərsə də hər hansı bir şəkildə kömək etmək, insanlara dəstək olmaq imkanlarını dəyərləndirməlidirlər. Burada əsas məsələ sosial məsuliyyətdir. Sosial məsuliyyəti dərk etmək çox vacibdir. Digər tərəfdən şirkətlər daxili kommunikasiyalarına diqqət etməlidirlər. İşçilərin təhlükəsizliyi, sağlamlığı və psixoloji vəziyyətini nəzarətdə saxlamalıdırlar. Ofisə gəlmədən, evdən işləmək qərarı alınsa belə, mütəmadi olaraq əməkdaşların psixoloji vəziyyətinə diqqət etməlidirlər”. 
 
Rəqəmsallaşma
 
Müsahibim baş verənlərin rəqəmsal keçidə ciddi dəstək olduğunu vurğulayır: "Atılan addımlar sayəsində rəqəmsal keçid kifayət qədər sürətləndi. Uzaqdan işləmək, onlayn konfranslar və s. daha geniş hal aldı. Eyni zamanda elektron ticarət sahəsinə də təkan verdi. Məsələn, elektron ticarətə inteqrasiyasını tamamlamamış şirkətlərin, yaxşı strategiya ilə bu prosesi sürətləndirmələri onlar üçün faydalı ola bilər. Lakin əsas məsələ, yaxşı düşünülmüş addımlar atmaq, düzgün strateji yol xəritəsi hazırlamaqdır”.
  
Günel Azadə