• şənbə, 27 Aprel, 04:14
  • Baku Bakı 14°C

Bəzi bankların 3 aylıq ömrü qalıb

23.09.14 13:58 1411
Bəzi bankların 3 aylıq ömrü qalıb
Mərkəzi Bankın ötən il verdiyi qərara əsasən, gələn ilin yanvarından Azərbaycanda fəaliyyət göstərən hər bir bankın məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir. Bu tələbi ödəməyən banklar bu və digər formada bazarı tərk edəcəklər. Bank-maliyyə sahəsi üzrə ekspert Samir Əliyev deyir ki, həmin tarixə məcmu kapitalı 50 milyon manata çatmayan banklar ya bağlanmalı, ya bank olmayan kredit təşkilatına çevrilməli, ya da digər banklarla birləşməlidir: “Hesablamalar göstərir ki, qərarın qüvvəyə minməsi nəticəsində azı 5-6 bank sıradan çıxacaq. Məcmu kapitalını tələb olunan səviyyəyə çatdıracaqları şübhə doğuran bankların sonrakı taleyi şübhə altındadır. Bu qərarın ilkin təcrübə olmadığını deyən ekspertin sözlərinə görə, AMB əvvəllər də bankların birləşdirilməsi məqsədilə addımlar atıb: “90-cı illərin əvvəlində Azərbaycanda 200-ə yaxın bank var idi. Mərkəzi Bank nizamnamə kapitalını artırdıqdan sonra onların sayı 5 dəfəyə qədər azaldıldı. Hazırda da bankların yenidən birləşdirilməsinə ehtiyac olması barədə fikirlər səsləndirilir. Təbii ki, kiçik banklar könüllü şəkildə birləşməyə çalışmayacaq. Ona görə də Mərkəzi Bankın inzibati metodlardan istifadə edəcəyi qaçılmaz idi. Göründüyü kimi, inzibati tədbirlərdən biri məcmu kapitalın artırılması tələbidir”.
S.Əliyev bu qərarı bir tərəfdən müsbət dəyərləndirsə də, digər tərəfdən bazarda monopoliya yaranma təhlükəsinin olacağından narahatdır: “Məcmu kapilatının artırılması bank sektorunun güclənməsinə gətirib çıxaracaq. Burada narahatlıq yaradan məsələlərdən biri monopoliyalaşmanın baş verməsidir. Kiçik banklar bazardan çıxandan sonra, 3-4 əsas iştirakçının qalacağı təhlükəsi yaranıb”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da hesab edir ki, bəzi banklar Mərkəzi Bankın məcmu kapitalın minimum həcmi ilə bağlı tələbinə əməl edə bilməyəcək: “2015-ci ilin yanvarın 1-nə qədər kommersiya banklarından bəziləri məcmu kapitalın həcmini 50 mln. manata çatdıra bilməyəcək. Onun fikrincə, məhz bu səbəbdən 10-a yaxın bank bazardan çıxa bilər. “Bilirsiniz ki, 2013-cü ildə bankların məcmu kapitalı 10 mln. manat idi.
Mərkəzi Bank qərar verdi ki, 2014-cü ilin yanvarın 1-dən məcmu kapitalı 50 mln. manat olsun. Amma müəyyən səbəblərdən sonradan bu vaxtı dəyişdirdi və müddəti 2015-ci ilin yanvarın 1-nə kimi uzatdı. Mən hesab edirəm ki, bu, səhv addım idi. Bu müddət saxlanılmalı idi. 2015-ci ilin yanvarın 1-ə qədər məcmu kapitalı 50 mln. manat olmayan banklar bunu yığa bilməyəcək. Mən bilirəm ki, bu bankların əksəriyyəti üçün mümkün deyil. Onlar məcbur olacaq ki, başqa banklarla birləşsinlər”. Millət vəkilinin fikrincə, bankların konsolidasiyası bazara müsbət təsir edə bilər: “Bu, ilk növbədə kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxaracaq. Azərbaycanda bu gün 44 bank var. Elə banklar var ki, zərərlə işləyirlər.
Zərərlə işlədikləri, əhalidən külli miqdarda əmanət toplaya bilmədikləri üçün faizləri də yüksək verirlər. Misal üçün, Azərbaycanda elə bank var ki, 30-35%-lə əhaliyə kredit verir. Hansı ki, əhalidən misal üçün əmanətləri 10%-lə qəbul edir. Yəni, burada çox ciddi problem var. Banklar birləşdikdən sonra isə kapitalları çox olacaq, dövriyyə vəsaitləri, likvidlik artacaq. Onda banklar kredit faizlərini də aşağı salmağa məcbur olacaq”.
Qeyd edək ki, avqustun 19-da Mərkəzi Bank “Bankların yenidən təşkili qaydaları”nı təsdiqləyib. Avqustun 29-dan qüvvəyə minən qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni, başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur. Qaydalara əsasən, bankların yenidən təşkil olunması mərhələli şəkildə həyata keçiriləcək. Yəni, əvvəlcə Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməlidir.
Sonra bankların yenidən təşkil üçün səhmdarların ümumi iclası çağırılmalı və qərar qəbul edilməli və kreditorlar bu barədə məlumatlandırılmalıdır. Daha sonra yeni bank və yaxud BOKT dövlət qeydiyyatdan keçirilməli və yeni xüsusi razılıq (lisenziya) alınmalıdır. Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər