• çərşənbə axşamı, 19 mart, 11:06
  • Baku Bakı 8°C

Beynəlxalq təşkilatın Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyi

15.08.19 09:30 7552
Beynəlxalq təşkilatın Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyi
"Ucuz xammal qiymətlərinə və regional iqtisadiyyata təsir göstərən Rusiya ilə Çində artımın aşağı templərinə baxmayaraq, Azərbaycan iqtisadi artımını davam etdirəcək”.
Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında deyilir. Hesabata əsasən, Azərbaycan öz iqtisadiyyatının genişləndirilməsi prosesindədir, bu il ümumi daxili məhsulun 2,8 faiz artacağı proqnozlaşdırılır. Analitiklər gələn il üçün də, 2,9 faiz həcmində artım proqnozlaşdırır. Hesabatda o da qeyd olunur ki, ölkədə struktur iqtisadi islahatlar davam edir və qeyri-neft sektoru getdikcə daha böyük rol oynayır: "Milli valyutanın denominasiyası və xüsusilə də Azərbaycanda və Qazaxıstanda daha çevik məzənnəyə keçilməsi hökumətlərə ilk növbədə neft bazarlarındakı vəziyyətlə bağlı yaranan xarici təzyiqin öhdəsindən gəlməyə imkan verdi. Bu, rəqabətqabiliyyətliliyi artırdı və xarici şokların təsirini azaltmağa imkan verdi. 2018-ci ildə və 2019-cu ilin ilk yeddi ayı ərzində dollara nisbətdə məzənnə kursu ümumilikdə sabit qalıb ki, bu inflyasiya təzyiqinin qarşısını almağa kömək edib”.
Bəs Beynəlxalq Maliyyə İnstitutunun Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin proqnozunu şərtləndirən amillər hansıdır?
IIF analitiklərinin fikrincə, Azərbaycanda artım "Cənub Qaz Dəhlizi”nin açılması və xidmət sahəsinin daha da təkmilləşməsi ilə əlaqədardır. Cənub Qaz Dəhlizi karbohidrogenlərin, xüsusilə də təbii qazın hasilatını artırmağa imkan verməlidir. Onun aparıcı elementi olan Trans-Adriatik boru kəməri 2020-ci ildə "Şahdəniz” yatağından Avropaya ildə 10 milyard kubmetr təbii qazın tədarükünə başlamağa imkan verəcək. Ölkənin həm büdcə, həm də cari hesabları profisitdədir və neft qiymətlərindəki müsbət dəyişikliklər qızıl-valyuta ehtiyatlarınınartmasına kömək edib. 2019-cu ilin birinci yarısında yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artıb.
SOCAR tərəfindən neft və qaz hasilatı 2018-ci il səviyyəsindədir, xam neft ixracı cüzi artıb, təbii qaz, emal olunmuş neft və neft məhsullarının ixracı isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda ölkə Şərqi Avropaya xalis elektrik enerjisi ixracatçısına çevrilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov "Kaspi”-yə açıqlamasında bildirdi ki, beynəlxalq qurumların Azərbaycan iqtisadiyyatın artımı ilə bağlı verdiyi proqnozlar, əslində yerli qurumların, mütəxəssislərin verdiyi proqnozlarla uyğunlaşır: "Yüksək rəqəmlərlə ifadə olunmasa belə, yaxın illərdə artım faizinin daha çox olması gözlənilir. Bu artımı şərtləndirən amillərə gəldikdə, son illərdə ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar, o cümlədən, büdcə, vergi siyasəti ilə bağlı dəyişikliklər, dövlət xərclərinin artırılması və bununla iqtisadi inkişafın stimullaşdırılması tədbirləri sözsüz ki, iqtisadi artıma xidmət etməlidir. Bununla yanaşı, "Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi, Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına nəql edilməsi, sözsüz ki, iqtisadi artım dinamikasına öz töhfəsini verməlidir. Ona görə də, yaxın illərdə iqtisadi artımla bağlı proqnozlar müsbət faizlərlə ifadə olunacaq”.
Ekspertin sözlərinə görə, dövlət xərclərinin müəyyən mənada artırılması, iqtisadi artımın stimullaşdırılması ilə bağlı pul kredit siyasətinin yumşaldılması, sosial xərclərin artımı, insan kapitalına qoyulan vəsaitlərin və bütövlükdə investisiyaların ümumi daxili məhsula nisbətinin kəskin şəkildə yüksəldilməsi Azərbaycan iqtisadiyyatının inkişaf etməsinə şərait yaradır.
İqtisadçı-ekspert Vüqar Bayramov da növbəti illərdə Azərbaycan iqtisadiyyatında sürətli artım olacağını müşahidə edir. Ekspertin sözlərinə görə, qeyri-neft sektorunun artım tempi bizə bunu deməyə əsas verir: "2009-cu ildən Azərbaycan iqtisadiyyatında artım tempinin qorunub saxlanması və xüsusilə
2018-ci illə də müqayisədə sürətli iqtisadi artıma nail olunması, yalnız Azərbaycan hökuməti tərəfindən deyil, eyni zamanda beynəlxalq maliyyə qurumları tərəfindən də proqnozlaşdırılıb. Beynəlxalq maliyyə qurumları 2019-cu ildə də iqtisadi artımın davam edəcəyini bildiriblər. Bu proqnozun bir neçə səbəbi var: Əsas səbəb odur ki, qeyri neft sektorundakı artım tempi ümumi iqtisadi artım tempindən daha yüksəkdir . Ötən 6 ay müddətində ölkə iqtisadiyyatı 2.4 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də artan faizi 3.2-dir . Qeyri neft sənayesində daha çox inkişaf müşahidə olunub. Xüsusən qeyri neft sektorunda artım və bu sahədə islahatların davam etdirilməsi, ümumi iqtisadi artıma birbaşa təsir göstərir və artım tempinin qorunub saxlanması müşahidə olunur. Digər tərəfdən neftin qiyməti də məqbul səviyyədədir, bu da birbaşa iqtisadiyyata təsir göstərən faktorlardandır”.
Qeyri-neft sənayesində artımın 15,7 faiz olduğunu deyən iqtisadçının sözlərinə görə, göstəricilərə baxdıqda bir daha məlum olur ki, qeyri-neft sektorunun ümumi iqtisadi artıma təsir imkanları daha genişdir: "Bu da ilin birinci yarısının müsbət cəhətlərindəndir. Çünki prioritetlərimizdən biri məhz qeyri-neft sektorunun ümumi artımda payını artırmaqdan ibarət idi. Bütövlükdə, təbii ki, iqtisadi artım, islahatların səviyyəsindən, miqyasından asılıdır. 2017-ci ildən sonra əldə edilən stabilliyin sonrakı illərdə artımla müşahidə olunması, 2015-ci ildən sonra islahatların daha çox dərinləşməsi ilə bağlıdır ki, bu da nəticə etibarilə 2019-cu ildə daha yüksək iqtisadi artım üçün baza formalaşdırdı”.
Milli Məclisin regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov bildirdi ki, təkcə 3 Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2 milyona yaxın yeni iş yerləri, yüzlərlə müəssisə yaradılıb, 15 min kilometrə yaxın infrastruktur tamamilə yenilənib, 3200-ə yaxın yeni məktəb, 600-dən çox isə xəstəxana binası tikilib və ya əsaslı təmir olunub. Deputat vurğuladı ki, regionlarımız təkcə iqtisadi deyil həm də sosial sahə də inkişaf etməkdədir: "Belə ki, 2019-cu ilin
əvvəlindən Azərbaycanda həyata keçirilən sosial islahatlar, reallaşan paketlər bölgə əhalisinin də yaşayış tərzinə, rifah halının yaxşılaşmasına mühüm dərəcədə müsbət təsirini göstərib”.
Qeyd edək ki, beynəlxalq təşkilatın məlumatın görə, ölkədə struktur islahatlar davam edir. Azərbaycan "Doing Business” reytinqində 25-ci yerədək yüksəlib və göstəricilərin əksəriyyətinə görə, ilk əlliliyə daxildir.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər