“Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılmasının ölkənin iqtisadi inkişafına təsiri”
Bu gün "İrşad” oteldə "Beynəlxalq
Maliyyə Mərkəzlərinin yaradılmasının ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda
dəyirmi masa keçirilib. Tədbirdə
iqtisadçı-ekspertlər, ictimai fəallar, iş adamları və KİV nümayəndələri iştirak ediblər. Burada qeyd edilib ki, Azərbaycan
2025-ci ildə Bakıda "Expo-2025
” beynəlxalq sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış
edib və bu istiqamətdə həm ölkə daxilində,
eləcə də xarici ölkələrdə və müxtəlif beynəlxalq təşkilatlarda aktiv təbliğat
kampaniyası aparmaqdadır. Mətbuatdan da bəllidir ki, 2025-ci ildə Ümumdünya Sərgisinə
ev sahibliyi etmək üçün Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq və Yaponiyanın Osaka şəhərləri də öz namizədliyini
irəli sürüblər. Artıq seçim mərhələsi yekunlaşmaq üzrədir və yaxın günlərdə "Expo 2025”ə ev sahibliyi
edəcək şəhərin adı açıqlanacaq. Azərbaycan "Expo 2025” sərgisini mayın 10-dan
noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan
kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq. Qeyd edilib ki,
ötən il qardaş ölkə və tərəfdaş dövlət olan Qazaxıstanın paytaxtı Astana şəhəri
bu tədbirə ev sahibliyi edib. Azərbaycan sərgidə böyük pavilyonla təmsil
olunub. Sentyabrın 9-da Azərbaycan
prezidenti İlham Əliyev "EXPO 2017”
beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış
olub.
Sərgi bitdikdən sonra
, sərgi pavilyonlarının yerləşdiyi ərazidə cari ilin iyulundan Astana Beynəlxalq
Maliyyə Mərkəzinin(ABMM) fəaliyyətə başlayıb. İyulun 7-də ABMM-in rəsmi açılış mərasimi
keçirilib. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, hökumət nümayəndələri,
xarici dövlətlərin başçıları, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri
iştirak ediblər. Yaranmasından az müddət keçməsinə baxmayaraq artıq 100-dək
şirkət ABMM-də qeydiyyatdan keçib. Dünyanın bir sıra iri maliyyə institutları
burada öz nümayəndəliklərini açıblar. Belə güman edilir ki, ABMM xarici şirkətlərin
qiymətli kağızlarını öz birjalarında yerləşdirməklə yanaşı, İslam bankçılığının
regionda güclənməsinə gətirib çıxaracaq, kapital bazarının genişlənməsinə, ölkəyə güclü
investisiya axınına səbəb olacaq, eləcə də
ölkənin iqtisadi inkişafına güclü təkan vermiş olacaq.
Tədbirdə çıxış edən
iqtisadçı ekspert Vüqar Bayramov Astanada yaradılan beynəlxalq maliyyə mərkəzi
region üçün çox mühüm əhəmiyyətə malik olduğunu deyib: " Bildiyimiz kimi bu mərkəz
nəqliyyat xidmətləri də daxil olmaqla bir sıra logistik xidmətlər təklif edir. Bundan
əlavə, Astana Beynəlxalq Maliyyə Mərkəzi həm də iş adamları üçün böyük güzəştlər
paketini təqdim edən bir modeldir. Belə ki, bu mərkəz çərçivəsində sahibkarlara
50 il müddətinə vergilərdən azad olmaq təklif olunur ki, bu da sahibkarlar üçün
kifayət qədər böyük güzəşt və dəstək deməkdir.
Hesab edirəm ki, bu amil ölkəyə xarici sahibkarların cəlb edilməsi, eləcə də maliyyə bazarlarının inkişafı üçün həm regional,
həm də qlobal mənada çox əhəmiyyətlidir. Bundan əlavə ABMM həm də xarici vətəndaşlara
5 il müddətinə viza güzəştləri təqdim edir ki, bu da sahibkarların vizasız
rejimdə Qazaxıstana gəlməsinə şərait yaradır ”. Onun sözlərinə görə Astana Beynəlxalq Maliyyə Mərkəzini fərqləndirən
daha bir cəhət ondan ibarətdir ki, burada gələcəkdə yarana biləcək hər hansı
bir məhkəmə çəkişmələrinin Böyük Britaniya hüquq sisteminə uyğun şəkildə
aparılacaq ki, bu da iş adamlarında, eləcə də xarici investorlarda böyük inam
yaradır.
"Qazaxıstan
prezidenti Nursultan Nazarbayevin mərkəzin açılışındakı çıxışında qeyd etdi
ki, Astana Beynəlxalq Maliyyə Mərkəzinin
yaradılmasında əsas məqsəd Mərkəzin regionda bir haba çevrilməsinə nail olmaqdır.
Hesab edirəm ki, sahibkarlara təklif edilən güzəştlər, xüsusən də ölkə
qanunvericiliyinə dəyişiklik edilməsi, beynəlxalq məhkəmə hüququnun ölkə
qanunlarından üstün tutulması Qazaxıstan rəhbərliyinin bu niyyətlərinin
gerçəkləşməsinə şərait yaradacaq. Bu baxımdan belə hesab edirəm ki, ABMM-də istifadə
edilən oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsi məqsədəuyğundur və
mümkündür ”, -deyə Vüqar Bayramov vurğulayıb.
UNEC-in
Tədqiqatlar Fondunun prezidenti Fərhad
Əmirbəyov isə məsələyə fərqli yanaşıb : " Belə hesab edirəm ki,
Qazaxıstan Astana Beynəlxalq Maliyyə
Mərkəzinin yaradılmasına hələ bir model kimi baxır. Belə ki, Astanada beynəlxalq maliyyə bazarının yaradılması üçün
hələ bir qədər tezdir. Çünki, ölkədə mal
və xidmətlərin ixracından sonra kapitalın ixracı baş verdikdə belə mərkəzlərin
yaradılmasına tələbat yaranır. Ölkədə sənayeləşmə hələ də tam həyata
keçirilməyib. Amma buna baxmayaraq, ölkəyə xarici investorların cəlb edilməsi
baxımından belə maliyyə mərkəzlərinin yaradılması çox faydalı ola bilər”.
İqtisadçı-ekspert Nazim
Bəydəmirli çıxışında ötən il Qazaxıstanda
keçirilən "Expo2017” sərgisi çox böyük uğur qazandığını bildirib: ”Onlarla
ölkənin dövlət başçılarının, nüfuzlu beynəlxalq maliyyə təşkilatların
rəhbərlərinin sərgidə iştirakı ölkənin təbliği baxımından çox mühüm bir addım
idi. Bunun ardından Astanada Beynəlxalq Maliyyə Mərkəzini yaratmaqda Qazaxıstanın məqsədi aydın görünür-ölkə qeyri-neft
sektorunu inkişaf etdirməkdə maraqlıdır. Digər tərəfdən Qazaxıstanın güclü
iqtisadiyyata malik Çin ilə Avropa arasında yerləşməsi onu bel bir addımı
atmağa sövq edir. Düşünürəm ki, bu
baxımdan Qazaxıstanın çox böyük perspektivləri vardır. ABMM-nin yaradılması
Qazaxıstanda qiymətli kağızlar bazarının inkişafına imkan yaratmaqla yanaşı,
ölkəyə investisiya axınına, eləcə də iqtisadiyatının sürətlə inkişafına səbəb
olacaq”. Politoloq
İlqar Vəlizadə isə bildirib ki, ümumiyyətlə Qazaxıstan
iqtisadiyyatı hər zaman xarici investorlar üçün cəlbedici olub: "Düşünürəm ki,
ABMM-nin yaradılması xarici investorların Qazaxıstana sərmayə yatırması
prosesini həm asanlaşdıracaq, həm də sürətləndirəcək. Elə bir faktı qeyd edim. Təqribən
yaranmasından 1 il müddət keçməsinə baxmayaraq, 100-dək şirkətin səhmlərinin
Astana Beynəlxalq Maliyyə Mərkəzində yerləşdirməsi buna əyani sübutdur. Digər
tərəfdən, məlumdur ki, Qazaxıstan
rəhbərliyi hazırda ölkədə "Nurlu Yol” adlı yeni strateji proqram həyata
keçirməkdədir. Bu proqram Qazaxıstanda sənayeləşdirməni həyata keçirməyi
qarşıya məqsəd qoyub. Düşünürəm ki, xarici sərmayə olmadan bu proqramı həyata
keçirmək ölkə üçün çətin olardı. Bu baxımdan ABMM-in fəaliyyətə başlaması
Qazaxıstana xarici sərmayə axınını gücləndirəcək və ölkə iqtisadiyyatının
inkişafını sürətləndirəcək. ”
Tədbirdə
çıxış edən digər natiqlər- İlham Şaban, Eldar İsmayılov və başqaları Astana
Beynəlxalq Maliyyə Mərkəzinin fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına
müsbət təsir etməklə yanaşı, regionda
maliyyə bazarının inkişafına gətirib çıxaracağını vurğulayıblar.