AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beynəlxalq hüququn prinsiplərinə sadiqliyin nümunəsi

Beynəlxalq hüququn prinsiplərinə sadiqliyin nümunəsi

Cəmiyyət
23 May 2020, 19:45 426
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qondarma Dağlıq Qarabağ adlı qurum yaradaraq onu beynəlxalq hüququn subyekti kimi dünyaya tanıtmaq istəyir. Beləliklə də status-kvonu legitimləşdirərək işğal etdiyi torpaqları özününküləşdirməyə çalışır. Ancaq Azərbaycan diplomatiyasının səyi nəticəsində irəliyə doğru atmaq istədiyi hər bir addım bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. O bildirib ki, Almaniya XİN-in yaydığı son bəyanatda bir daha Dağlıq Qarabağ adlı bir qurumu tanımadığının bəyan edilməsi bu ölkənin beynəlxalq hüquqa, BMT nizamnaməsinə və Helsinki yekun aktının prinsiplərinə sadiq olmasının nümunəsidir .
"Çünki bütün bu sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması prinsipi irəli sürülür və müdafiə edilir. Ancaq Almaniya XİN –in bəyanatı təkcə bununla izah edilməməli, həm də Almaniya – Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir. İki ölkə arasında mövcud olan bərabərhüquqlu tərəfdaşlıq münasibətləri get- gedə inkişaf etməkdədir. Azərbaycan bu ölkə ilə həm Avropa İttifaqına üzv olan ölkələr çərçivəsində, həm də ikitərəfli müstəvidə yaxşı əlaqələr qura bilib. Unutmaq olmaz ki , Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarındadır”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, bundan başqa Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan çox mühüm əhəmiyyətli enerji layihələri həyata keçirib və bununla da Avropanın enerji daşıyıcıları ilə təminatı bir qədər də şaxələndirib. Hazırkı enerji təhlükəsizliyi baxımından bu çox vacibdir.
H. Babaoğlu bildirib ki, ölkəmizin həyata keçirdiyi qlobal yol – nəqliyyat layihələri də tarixi İpək Yolunu bərpa etməklə uzunmüddətli və xeyli təhlükəli hesab edilən dəniz vasitəsilə yükdaşımalara yeni alternativ yaradıb. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artmasına səbəb olub.
"Bir müddət öncə, biz Fransanın müstəqil məhkəmələri tərəfindən də qondarma rejimlə əlaqə yaradan qurumların anlaşmalarının ləğv edildiyinin şahidi olduq. Bütün bunlar əslində güclənən Azərbaycana adekvat münasibətin göstəriciləri hesab edilə bilər. Almaniyada, eyni zamanda qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların fəaliyyəti qadağan edilib ki, bu işğalçı Ermənistanın və separatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurub. Ancaq şübhəsiz ki , bu cür qərarlar bundan sonra da alınmaqla Avropada işğalçı dövlətin ictimai rəyə təsir etməyə hesablanmış hər cür fəaliyyəti məhdudlaşdırılmalıdır. Bu Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Torpaqlarımız işğaldan azad edilənə qədər bu siyasət davam etdiriləcək” , - deyə H. Babaoğlu vurğulayıb.