• çərşənbə, 08 May, 06:14
  • Baku Bakı 13°C

BDU-da elmi-praktik konfrans keçirilib

24.05.16 14:38 1400
BDU-da elmi-praktik konfrans keçirilib
Azərbaycan Mətbuat Şurasının (MŞ) dəstəyi ilə bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfrans keçirilib. Konfransı Jurnalistika fakültəsinin dekanı professor Şamil Vəliyev açaraq, "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli Sərəncamnı xatırladıb. Deyib ki, bu sərəncama əsaslanaraq çağdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək üçün 10 may 2016-cı il tarixdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov əmr imzalayıb. O, sözügedən konfransın da məhz bu sərəncam və əmr əsasında təşkil olunduğunu vurğulayıb.
Professor Ş.Vəliyev giriş məzmunlu qısa çıxışdan sonra tədbirin moderatorluğunu fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyevaya tapşırıb. Dosent S.Əliyeva tədbirin yüksək səviyyədə keçirilməsində fakültəyə daim dəstək olan BDU rəhbərliyinə, eyni zamanda MŞ-na dərin minnətdarlığını çatdırıb.
Konfransda MŞ-nın sədri, millət vəkili Əflatun Amaşov, Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu, millət vəkili Aqil Abbas, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək, tədbirin mövzusu barədə öz fikir və düşüncələrini çatdırıblar.
Konfransda Ceyhun Hacıbəyli haqqında tələbələrin hazırladığı kiçik həcmli film də nümayiş etdirilib.
Tədbirin sonunda MŞ-nın sədri, deputat Ə.Amaşovun şəxsi təşəbbüsü ilə dosent Könül Niftəliyevanın baş redaktoru olduğu "Jurnalist” qəzetinin növbəti nömrəsinin çapdan çıxması ilə əlaqədar mətbu orqanın ərsəyə gəlməsində xidmətləri olan tələbələrə qonorar verilib və xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər