Gəlin, sizi Türkiyənin ən kiçik şəhəri ilə tanış edim. Adı
Bayburtdur, kiçik şəhər olsa da, torpaqlarında böyük tarix yazılıb. İnsanları
mərddir, öz tarixini qoruyub saxlamağı, ona sahib çıxmağı bacarıblar. Onlar
üçün milli-mənəvi dəyərlər digər dəyərlərdən üstündür. Bu diyardakı bir çox
yerlər, xüsusilə, şifahi xalq yaradıcılığının möhtəşəm səhifələrindən biri olan
və Oğuz türklərinin tarixi yaşantılarını, adət-ənənələrini özündə əks etdirən
"Kitabi-Dədə Qorqud” dastanındakı adlarla uyğunluq təşkil edir. Burda insanlar
öz övladlarına Bamsı, Beyrək adlarını qoyur və bununla fəxr edirlər. Onlar babalarının
babalarından eşitdikləri qədəri ilə xatırlatmağa çalışırlar ki, Oğuzların
mənəvi atası Dədə Qorqudun qəbri də məhz buradadır.
Bizim Bayburta gəliş səbəbimiz burada 25-ci dəfə keçirilən "Dədə
Qorqud” festivalı idi. Səfərimiz isə Türkiyənin Azərbaycandakı Mədəniyyət və
Tanıtım müşavirliyi tərəfindən həyata keçirilmişdi.
Anadolunun şimal-qərbində, Çoruh çayının aşağı vadisində, dəniz
səviyyəsindən 155 metr yüksəklikdə, yaşıllıqlarla örtülü mənzərəli bir şəhər
qarşımda dayanıb. Bəzi mənbələrdə bu şəhərin tarixinin hətta miladdan əvvələ
dayandığı qeyd olunur. Bayburt Qara dənizi Bəsrə körfəzinə bağlayan ticarət
yollarının üzərində yerləşdiyi üçün bura daim bütün dövlətlərin diqqət
mərkəzində olub və sanki Osmanlı dönəmindən necə varsa, elə də qorunub-saxlanılıb.
Bayburt tarixi gözəllikləri ilə bərabər, əl dəyilməmiş təbii mənzərəsi ilə
Anadolunun ən gözəl şəhərlərindən biri kimi yaddaşıma hopdu. Tarixi İpək Yolunun
üzərində yerləşən Bayburtu dəlisov və müəyyən günlərdə özünü şıltaq qız kimi
aparan Çoruh çayı iki yerə bölür.
Bayburta getmək üçün Türk Hava Yolları ilə İstanbula, oradan Ərzuruma
keçid etdik. Ərzurumdan bir saatlıq yoldur Bayburta. Bayburt və Ərzurum vilayətlərinə olan
səfərimizdə bizə bələdçilik edən Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin
(Kuzeydoğu Anadolu Kalkınma Ajansı–KUDAKA) əməkdaşları Fatih və Mehmet bəy bizi
Bayburtun gəzməli yerləri və ən önəmli məkanları ilə tanış etdilər.
Dədə Qorqudun türbəsi
Bayburtdan təxminən 40 kilometr məsafədə yerləşən Masat kəndində Dədə
Qorqudun tarixi türbəsi ucalır. Uzun illərdir yerli əhali bu türbəni göz bəbəyi
kimi qoruyub, dağıntılara məruz qalmasına imkan verməyib. Hətta türbəni ziyarət
edən gün Dədə Qorqudun qəbrinin üzərində dayanıb dua edən, onun üçün ağlayan
insanları belə gördüm.
Bu torpaqlarda özümü heç də qərib hiss etmədim. Türk dünyasının
incisi olan Bayburt Türkiyə və Azərbaycanın ortaq tarixini, xalqlarımızın birgə
keçmişini özündə əks etdirən nadir yerlərdən biridir.
Bamsı Beyrəyin məzarı
Burada ziyarət etdiyimiz digər bir məzar isə "Dədə Qorqud” dastanının
qəhrəmanlarından olan Bamsı Beyrəyin dəfn olunduğu deyilən məzardır. Erenli (Duduzar)
kəndində olan bu məzardan geniş bir mənzərəyə doğru yol görünür. Elə bir
mənzərə ki, böyük sıldırım dağlar, uca qayalar o mənzərəyə yol yoldaşlığı edir.
Bayburt
qalası
Bayburta gedib, qalaya çıxmadınsa, heç bu torpaqlarda olmayıbsan
demək. Bayburt qalasından bütün şəhər ovcunun içindəymiş kimi görünür. Bələdçimiz deyir ki, 1054-cü
ildən başlayaraq Səlcuq türkləri bu şəhərə hücumlar təşkil ediblər. Vaxtilə
inşa edilən və sıldırım qayalar üzərində yerləşən nəhəng Bayburt qalası bu
hücumlardan qorunmaq üçün çox əlverişli bir məkan olub. 1071-ci ildə baş verən Malazgird
döyüşündən bir il sonra şəhər Səlcuq imperiyasının nəzarəti altına keçib.
Türklərin şəhərə hakim olmasından sonra qala yenidən, bu dəfə daha əzəmətli bir
şəkildə inşa olunub. Qala qapısına çatmadan geriyə baxanda, Bayburt şəhərinin
möhtəşəm mənzərəsini, hətta şəhərin hər bir küçəsini görmək mümkündür.
Saat
qülləsi
Otelimiz Bayburtun tam mərkəzində yerləşirdi. Eyvanımız isə şəhərin
ən mənzərəli yerlərini görməyə imkan yaradırdı. Bayburtun rəmzi hesab olunan Saat
qülləsi ilə qonşu idik. Yolun düz üzərində yerləşən qüllə Bayburtun əsas simvoludur.
1924-cü ildə tikilib. Turistlərin ən çox marağını çəkən qüllə və yol boyu
uzanan dar keçidlər idi.
Aydıntəpə
yeraltı şəhəri
Ən maraqlı məkanlardan biri də Aydıntəpə adlanan yeraltı şəhərdir. Qədim
Roma imperiyası dönəmində yeraltı məkan xristianlığı qəbul edənlərin sığınacaq
yeri olub. Hətta deyirlər ki, ikinci dünya müharibəsi zamanı bu məkandan
istifadəyə cəhd olunub. 1988-ci ildən etibarən isə bu məkan hərtərəfli
araşdırılmağa başlanılıb. Təxminən bir metrədək enində olan tunellə irəliyə
doğru hərəkət edərkən qarşınıza mağaraya bənzər, o qədər də böyük olmayan
çoxsaylı otaqlar çıxır. Deyilənə görə, yeraltı şəhərə sığınan ailələr vaxtilə
həmin "kiçik evlərdə” məskunlaşıblarmış. Burada, necə deyərlər, təhlükəsizlik
tədbirləri də görülüb. Düşmən sığınacağı aşkar etdikdə, onun yolunu bağlamaq
üçün "otaqların” birində böyük yumru daş qoyulub. Bu sığınacağı hazırlayan
insanlar su ilə təminatı da diqqətdən kənarda saxlamayıblar. Belə ki, tunellə
təxminən 300 metr irəlilədikdən sonra qarşımıza kiçik hovuz çıxdı. Yeraltı
bulaqdan süzülən su bu hovuza dolur. Maraqlıdır ki, hovuz tam dolandan sonra su
axını dayanır. Tunellərdə havalandırma üçün də xüsusi yerlər mövcuddur. Konus
formasında olan ventilyasiya dəlikləri yeraltı şəhərdə temperaturun 12 dərəcə
selsidə saxlanılmasında böyük rol oynayır.
Çımağıl
Mağarası
Bayburt iki yeraltı dünyası ilə də məşhurdur. Onlardan biri də
Çımağıl mağarasıdır. Şəhər mərkəzindən
35 kilometr məsafədə yerləşən Aşağı Çımağıl kəndində yerləşir.
Mağara əsrarəngiz və mistik bir atmosferə malikdir. Uzunluğu 110
metr, bəzi hissələrdə tavan hündürlüyü 30 metrdir. Əslində, mağara əhəmiyyətli
bir ekskursiya sahəsidir və çox sayda turist ziyarət edir.
Baksı
muzeyi
Bayburt yeni mədəni abidələri, muzeyləri ilə də zəngindir. Baksı muzeyi də onlardan biridir. Bu muzey sanki
xüsusi memarlar tərəfindən ilmə-ilmə hörülüb. Bir tərəfdən dağ, digər tərəfdən
meşə mənzərəsi və hər ikisinin ortasında yerləşən mədəniyyət muzeyi. Bu muzey Hüsamettin Koçan
tərəfindən salınıb. Bayburtun tanıdılması və turist cəlb olunmasında böyük rolu
olan muzeylərdəndir.
Demirözü
Anbarı
Anbar deyiləndə düşündük ki, yəqin uzun illər bundan əvvəlin saxlanc
yerini görəcəyik. Ancaq məkana çatdıqda
böyük bir göllə rastlaşdıq. Əvvəllər əkinçilik ərazilərinin suvarılması məqsədi
ilə istifadə edilən bu anbar indi bələdiyyənin təşəbbüsü ilə turizm bölgəsinə
çevrilib. Gölün ətrafında hazırlanan anbarda isə balıqlar saxlanılır. Burdan
tutulan balıqlar restoranlarda bişirilir və turistlərə təklif olunur.
Turistlərə kiçik gəmilərlə yarım saatlıq
turlar da təklif olunur.
Kenan
Yavuz Mədəniyyət Evi
2015-ci ildən fəaliyyət göstərən
Kənan Yavuz Mədəniyyət Evi və Etnoqrafiya Muzeyi bizə bu torpaqlarda qədim dövrlərdə
insanların hansı məişət işləri ilə məşğul olduqlarını göstərdi. Şəhərdən xeyli
kənarda, tamamilə sakit və səssiz bir yerdə yerləşir. Burada 100-200 il bundan əvvəl istifadə edilən kənd
təsərrüfatı vasitələri, köhnə Bayburt evi, su dəyirmanı, eləcə də "Əkinçilik
Muzeyi” və kənd həyatı təbliğ olunur. Muzey içərisində kənd təsərrüfatından
başlayan sivilizasiyanın izləri görünür və turistlərə təqdim olunur. Anadolu və
Türk əkinçiliyinin mərhələlərini işıqlandıran muzey keçmişdə istifadə edilən,
lakin indi itirilməkdə olan müxtəlif kənd təsərrüfatı alətləri və maşınlarını
qorumaq məqsədi daşıyır.
Köhnə kənd təsərrüfatı alətləri və traktorlar, kombaynlar, ot
maşınları, həmçinin dənli bitkilərin emalında istifadə olunan bütün alətlər bu
muzeydə sərgilənir. Bunların muzey inventarına daxil edilməsi, əkinçilik və
kənd həyatının mədəniyyətini tanıtmaq və mədəni həyatımıza zənginlik əlavə
etmək baxımından böyük önəm daşıyır.
Toxuculuq
Mərkəzi
Bayburtda qadınların da asudə zaman keçirmələri və əylənmələri üçün
mərkəzləri var. Burada xanımlar toplaşır, xalça toxuyur, cəhrədə yun əyirir və yundan
çantalar, pul qabı, geyimlər toxuyurlar. Qadınlar əl əməyi, göz nuru ilə ərsəyə
gətirdikləri məhsulları isə mərkəzin ikinci mərtəbəsində satışa çıxarırlar. Bu
mərkəzdə Bayburtlu xanımlarım gündəlik olaraq istifadə etdikləri ehramlarla
tanış olduq. Yundan toxunan ehramlar yayda sərin, qışda isə isti geyim kimi
istifadə edilir.
Beləliklə, Bayburt bizim üçün yeni bir tapıntı oldu. Bu şəhər həm
tarixi, həm də milli-mənəvi dəyərləri özündə əks etdirir. İstirahət üçün
müraciət olunan ən əlverişli şəhərdən biridir desək, yəqin ki, yanılmarıq.