Bakıda Avropa Regional Sosial Təminat Forumu keçiriləcək
Cari ilin may
ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa
Regional Sosial Təminat Forumu keçiriləcək. Foruma hazırlıq işlərinin yerinə
yetirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Təşkilat
Komitəsi yaradılıb, Tədbirlər Planı təsdiq edilib.
Təşkilat Komitəsinin
iclasında Komitənin sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Mətin Kərimli 1927-ci ildə Beynəlxalq Əmək Təşkilatının himayəsi ilə yaradılan
BSTA-nın 158 dövlətin sosial təminat sahəsi üzrə 330 qurumunu özündə birləşdirdiyini
qeyd edib. O, Assosiasiyanın sosial təminat sahəsində mütərəqqi təşəbbüs və
standartların inkişafını və təşviqini təmin etmək, bu sahədə beynəlxalq əməkdaşlığı,
fəal təcrübə mübadilələrini həyata keçirmək məqsədinə xidmət etdiyini deyib.
M.Kərimli ƏƏSMN
yanında Dövlət Sosial Müdafiə Fondunun BSTA-nın tamhüquqlu üzvü olduğunu, müxtəlif
illərdə Təşkilatın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü və Təşkilatın
Büro üzvü seçildiyini diqqətə çatdırıb.
Nazir müavini
qeyd edib ki, BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat
Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin
müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına şərait
yaradan unikal platformadır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi
islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin daha bir göstəricisi
olaraq, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun cari ilin may
ayında Bakı şəhərində təşkil edilməsi qərara alınıb.
Bildirilib ki,
Forumun işində BSTA-nın yüksək vəzifəli rəsmilərinin, həmçinin xarici ölkələrin
aidiyyəti qurumlarının rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin
iştirakı nəzərdə tutulur. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın sosial
müdafiə sisteminin müasir, səmərəli və şəffaf iş üsulları üzərində qurulması
istiqamətində əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətə çatdırmaq və bu sahədə
tərəfdaş ölkələrlə fikir mübadiləsi aparmaq baxımından da mühüm önəm kəsb edir.
İclasda Avropa
Regional Sosial Təminat Forumuna hazırlıq məsələləri ətraflı müzakirə olunub,
bu sahədə qarşıda duran vəzifələr, Tədbirlər Planı əsasında görüləcək işlər müəyyən
edilib.