• şənbə, 20 Aprel, 17:51
  • Baku Bakı 23°C

Bakı qışa hazırdır?

14.10.16 14:45 1960
Bakı qışa hazırdır?
Əvvəllər dərslərimizi oxumayanda, müəllimlərimizə deməyə yaxşı bəhanələrimiz var idi. "Ay müəllim, işıq söndü, dərsimi oxuya bilmədim”. Düzdür, illər keçsə də, məsələ hələ də öz aktuallığını qoruyur. Çünki hələ də işıqlarımız sönür, bəzənsə çayı dəmləməyə qazın gücü çatmır. Bu problem suyun verilməsi ilə bağlı da ortaya çıxır. Əlbəttə, indi bu sahələrdə çox irəliləyiş var, amma çatışmazlıqlar da qalır. Bəs görəsən bu qışı necə keçirəcəyik? Son dövrlər hər il olduğu kimi, bu il üçün də son bir neçə on ilin ən soyuq qışı proqnoz edilir. Aidiyyatı qurumlar isə bu ilə kommunal problemlərin olmayacağını iddia edirlər.

Belə ki, görülən işlər, nəzərdə tutulan əlavə tədbirlər planı barədə "Kaspi”yə açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbəlayevin sözlərinə görə, fasiləsiz təbii qazla təmin olunmaq məqsədi ilə 2016-2017-ci illərin payız-qış mövsümü üçün tədbirlər planı artıq hazırlanıb: "Artıq may ayından bu işlərə start verilib. Ölkə ərazisində istehlakçıların təbii qaza olan tələbatının ödənilməsi, uzun müddət qaz olmayan yaşayış məntəqələrinin təbii qazla təmin olunması məqsədi ilə "Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilib. Cari ilin 9 ayı ərzində 158 yaşayış məntəqəsinə təbii qaz verilib. Hal-hazırda 96 yaşayış məntəqəsində tikinti-quraşdırma işləri davam etdirilir. 22 yaşayış məntəqəsində artıq bu işlər yekunlaşmaq üzrədir. Tikinti-quraşdırma işləri yekunlaşan məntəqələrdə təbii qazın verilişi tərəfimizdən ardıcıllıqla təmin ediləcək. O cümlədən, birliyin fəaliyyətinin nəticəsi olaraq hündürmərtəbəli binalara təbii qazın təmin olunmasında xeyli işlər görülüb. Qeyd edim ki, 2016-cı ilin 9 ayı ərzində 275 çoxmərtəbəli binaya təbii qazın verilməsi təmin olunub ki, bu da ümumilikdə 8434 mənzili əhatə edir”.

İ.Kərbəlayev qeyd etdi ki, "Azəriqaz”ın 104 və 185 saylı çağrı mərkəzi sutkanın 24 saatı fəaliyyət göstərir: "Eyni zamanda, bu iş daha da təkmilləşdirilərək elektron xidmət vasitəsilə həyata keçirilir. Qeydə alınmış müxtəlif çağırışların icrasına müvafiq qaydada nəzarət olunur ki, bu da icra olunan işlərin səmərəli təşkilinə xidmət edir. Nasazlıq olan ünvana briqada göndərilir. Həmçinin iş başa çatdıqdan sonra işin icrası barədə məlumatlar dispetçer xidmətinə ötürülür. Qurumun təmir-tikinti briqadaları mövsümlə əlaqədar olaraq tam hazır vəziyyətə gətirilərək, alət, maşın, mexanizmlərlə tam təmin edilib. Xüsusi hallar olarsa, yaxud qəza baş verərsə, həmin briqadalar problemin aradan qaldırılması üçün tam hazır vəziyyətdədir. Görülən işlər ondan xəbər verir ki, qarşıdan gələn şaxtalı havalarda əhalini təbii qazla təminatında heç bir məhdudiyyət olmayacaq”.
"Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurum qışa demək olar ki, tam hazırdır: "Su və kanalizasiya infrastrukturu qışa tam hazırdır. Bununla bağlı hər hansı fəsadın baş verəcəyi ehtimal olunmur. Havaların soyuq keçməsinə baxmayaraq, əhali əvvəlki qaydada içməli su ilə təmin ediləcək. Artıq mənbələrimizdə su emal olunaraq Bakı şəhəri və Abşeron yarımadasına ötürülüb. Bu sahədə hər hansı bir problemin yaranacağını düşünmürük. Bizdə mövsümlə bağlı hazırlıqlar aparılmır, çünik tədbirlər fasiləsiz, gündəlik olaraq həyata keçirilir. 24 saatlıq rejimlə fəaliyyət göstərdiyimizə görə, bu rejim bizə imkan verir ki, bütün fəsillərə daim hazır olaq. Xüsusi olaraq qışa hazırlıq proqramımız yoxdur. Xətlərin dəyişdirilməsi, təmiri və yeni xətlərin çəkilməsi ilin bütün fəsillərində davam edir. Vətəndaşları əmin edirik ki, qış aylarında içməli su ilə bağlı heç bir problem yaranmayacaq”.
"Azərişıq” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevinverdiyi məlumata görə, ən ucqar dağ kəndlərində də elektrik enerjisi ilə bağlı problem olmayacaq: "Bizim əsas missiyamız ilin bütün fəsillərində əhalini 24 saat işıqla təchiz etməkdir. Biz hər gün, hər saat keyfiyyətli elektrik enerjiisinin təminatı üçün çalışırıq. Təbii ki, bu ilki qış üçün fəaliyyətimiz digərlərindən bir qədər fərqli olacaq. Pis vəziyyətdə olan və payız-qış aylarında qorxu yaradan dayaqların hamısı reabilitasiya olunub, ən pis olanları dəyişdirilib. Abonentlərimiz yağışlı, küləkli havada da işıqla təmin ediləcəklər. Hazırlıq prosesi çox yüksək səviyyədədir. Belə desək, bu il işıq təchizatı ilə bağlı heç bir problem olmayacaq. Son illərdə Bakı şəhərində olduğu kimi, regionlarda da işığın davamlı verilməsini təmin etməyə çalışırıq. Bölgələrdə əlavə maşın, mexanizm və material hazırlığımız var. Qeyd edim ki, xətlərdə hazırda təmir işləri çox yüksək səviyyədə davam edir. Lakin görülən bütün bu tədbirlər təkcə payız-qış mövsümi ilə əlaqədar deyil. Biz bütün ili eyni qaydada fəaliyyət göstəriririk. Çalışırıq ki, paytaxtda və regionlarda yaşayan əhalinin işıq təchizatı daha da yaxşılaşdırılsın”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər