• şənbə, 27 Aprel, 05:43
  • Baku Bakı 14°C

Bakcell yüksək sürətli mobil internet xidmətini istifadəyə verir

05.05.15 13:55 1656
Bakcell yüksək sürətli mobil internet xidmətini istifadəyə verir
“Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub”. Bu fikirlər Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkətinin 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsi ilə bağlı keçirdiyi tədbirdə səsləndi.
«Artıq bir neçə aydır ki, 4G xidmətinin test mərhələsini sınaqdan keçirirdik. 4G ilkin mərhələdə Bakı şəhəri üzrə böyük bir ərazini əhatə edəcək. 4G xidməti dördüncü sürət brendi ilə təqdim olunur”- deyə şirkətin koorperativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova qeyd etdi. Belə ki, 4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimə cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər. Belə ki, Bakcell şirkətinin təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.
Bakcell abunəçilərinə ən yüksək keyfiyyətə malik 4G LTE xidmətlərini təqdim etməkdən qürur duyduqlarını bildirən şirkətin baş icraçı direktoru Riçard Şirer “Bizim son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra abunəçilərimiz “Bakcell”in bazarda ən yüksək keyfiyyətə malik və ən yaxşı qiymət təklifi təmin edən 4-cü Sür@ xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini istifadəyə vermək üçün indi ən münasib vaxtdır” - deyə qeyd etdi. Baş direktor bu şəbəkənin sürətlə genişləndiriləcəyini, şəbəkənin yüksək tələbatın və 4G texnologiyasını dəstəkləyən cihazların kifayət qədər olduğu bütün əraziləri əhatə edəcəyini bildirdi: “Bakcell yeganə operatordur ki, onun Azərbaycanda brend smartfonu var. Xüsusilə son vaxtlar baş verən devalvasiya fonunda şirkət brend məhsullarına qiymətləri qaldırmayıb. Ümumiyyətlə, bir milyondan çox smartfon istifadəçiləri, mobil məlumatlardan isə 60 faizdən çox müştəri faydalanır. Keçən il bu rəqəmlər arasında 50 faiz göstərici olub. Bu gün smartfon göstəriciləri baxımından dörd milyon rəqəmi də əlamətdardır. Biz mobil internetin inkişafı üçün götürdüyümüz öhdəliklərə tamamilə sadiq qalmışıq. Smartfonlar vasitəsilə mobil internetdən faydalanmaq üçün öz müştərilərimizə hər cür xidmət göstərməkdə israrlıyıq”.
4G smartfonlarının müştərilərinin rouminq xidmətlərindən istifadə etdiyi zamanlarda faydalana biləcəklərini qeyd edən R.Şirer LTE xidmətindən faydalanmaq üçün şirkətin 4G-də 11 partnyoru olduğunu bildirdi: “Hətta bu gün 4G sürət xidmətinin kommersiya istifadəsinə başlamasından öncə belə bizim müştəri kütləmiz məcmu şəkildə götürsək, digər iki operatorların göstəricisindən də üstündür”. R.Şirerin məlumatına görə, 2014-cü ildə ənənəvi kompyuter və noutbuklar vasitəsilə internetə qoşulanların sayı mobil vasitələrlə qoşulanların sayından az olub. Bu sahədə Azərbaycan çox irəlidə gedən ölkədir: “Bu ölkədə olan mobil internet istifadəçiləri bu xidmətdən istifadə etmək istəyirlər. Keçən il ABŞ-da istifadəçilər mobil qurğular vasitəsilə internetdən istifadəni 50 faiz artırıblar. Bu, ayda 40 saat deməkdir. Digər rəqəmlərə gəlincə, kompyuter vasitəsilə internetdən istifadə 10 faiz azalıb. Həmçinin yayım televiziya vasitələrindən istifadə də azalıb. Ümumiyyətlə, bu proseslərin birbaşa olaraq reklam industriyasına təsiri olub. İnternetin dəyişməsi getdikcə daha geniş miqyas alır. Smartfonlar vasitəsilə internetdən istifadə artıq inqilabi dəyişikliyə uğrayıb”.
Şirkət rəhbəri hesab edir ki, optimallaşdırılmış 4G şəbəkəsinin istifadəyə verilməsi Azərbaycanda İKT-nin inkişafına, o cümlədən yeni proseslərə və irəliləyişlərə xidmət göstərəcək: “Yüksək sürətli internet yüksək etibarlı internet deməkdir. Bu isə müxtəlif sahələrdə müştərilərimiz üçün yeni imkanlar açacaq. Artıq yeni proqramlar və məzmunlar azərbaycanlı mütəxəsislər tərəfindən işlənib hazırlanır. Bu seqmentdə həyata keçirdiyimiz yeni irəliləyiş həyata keçirdiyimiz xidmət layihəsi AppLab proqramıdır. Ümumiyyətlə, internet sahəsində istifadə həm məzmun, həm də həcm baxımından artır”. Şirkət rəhbərinin sözlərinə görə, müştərilərlə bağlı əsas məlumatlar 4G vasitəsilə daha etibarlı mühafizə olunur.
Şirkətin marketinq direktoru Maria Toyçeva 4G LTE xidmətinin biznes üçün faydalarından danışdı: «Bakcell bazarda smartfon istifadəçiləri üçün 4G xidmətini təklif edən ilk operatordur. Smartfon istifadəçiləri təklif olunan müxtəlif variantlardan birini seçə bilər ki, bunlardan da ən əlverişlisi ayda cəmi 10 AZN-ə 3GB həcmində 4G xidməti təklif edən xüsusi kampaniyadır”. Qeyd edildi ki, noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün Bakcell şirkəti 60 AZN-ə üç aylıq 45GB yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Bu xidməti seçən bütün abunəçilərə məhdud dövr ərzində pulsuz LTE modemi hədiyyə olunacaq. Həmçinin planşet istifadəçiləri də əlverişli təklifdən faydalana bilərlər: ayda 15 AZN ödəməklə 10GB həcmində 4G mobil internet, üstəgəl pulsuz 4G SIM kart”.
Qeyd edildi ki, məlumatötürmə sürəti 150 Mbit/s-ə çatan Bakcell şirkətinin LTE xidmətindən artıq 2-3 aydır ki, 4000-ə yaxın abunəçi faydalanır. Belə ki, Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında 4G mobil internet xidmətindən istifadə edən ən çox abunəçi sayına malik olduğunu tam əminliklə iddia edə bilər: “Şirkətin keyfiyyət və innovasiyalarla bağlı məsələləri daim diqqət mərkəzində saxlaması onun bu seqmentdə dayanıqlı lider mövqeyini qorumasını təmin edəcək”.
Tdbirdə 4G xidməti ilə bağlı media işçilərini maraqlandıran suallar cavablandırıldı.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər