• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

Azərbaycanın “Yenidən fərqli baxışla bax”acaq turizm brendi

19.10.18 19:38 789
Azərbaycanın “Yenidən fərqli baxışla bax”acaq turizm brendi
Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən ilk Milli Turizm Sammitində Azərbaycanın yeni milli turizm brendi təqdim olunub. Azərbaycan Turizm Bürosunun Brend və marketinq üzrə direktoru Fidan Əliyeva bildirib ki, yeni brendin əsas simvolları bir-biri ilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüardır. Azərbaycanın yeni turizm loqosu olan "A” hərfi "Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək.
Azərbaycanın yeni turizm brendinin "Yenidən fərqli baxışla bax” ("Take another look” – ing.) əsas şüarına uyğun olaraq, diqqətlə və yenidən baxdıqda, loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.
F.Əliyeva əlavə edib ki, yeni brend tanınmış şirkət "Landor” tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir.
Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibləri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib.
Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək "Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndəsi Müzəffər Ağakərimov hesab edir ki,yeni loqo milli turizm brendini dünyada tanıtdıracaq: "Bununla əlaqədar turizm şirkətləri və aidiyyəti turizm qurumları birlikdə hərəkət etməlidirlər. Əsas məqsəd milli turizm brendinin dünyada tanıdılmasıdır. Bu mənada loqonun yaradılması müsbət haldır. Burada turizmin qiymət, marketinq siyasəti də nəzərə alınmalıdır. Müxtəlif turizm növləri və xidmətləri ilə Azərbaycanın turizm potensialını dünyada tanıtdırmalıyıq. Bizim qarşıya qoyulan əsas hədəfimiz məhz bu olmalıdır. Gələcəkdə turizm sektorunda hansı işlərin görülməli olduğu aydındır. Bununla bağlı, 2023-cü ilə qədər strategiya hədəflənib. Amma yaxın gələcəkdə görülməli olan işlər çoxdur. Bizdə turizmin əsasları yenicə formalaşır. Əgər biz bu sahənin inkişafından danışırıqsa, bütün tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Turizm qurumları və şirkətlər bu məsələdə xüsusi fəallıq göstərməlidir. Bu mənada Azərbaycanın dünyada tanıdılması üçün belə bir brendi vacib idi. Bu brendin, Azərbaycanın dünyaya turizm ölkəsi kimi tanıdılmasında böyük əhəmiyyəti var”.
"Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyev qeyd etdi ki, turizm elə bir sektordur ki, burada yeniliklər çox sürətlə baş verir. Ona görə də yeniliklərlə ayaqlaşmaq vacibdir: " Loqo əvvəl də mövcud idi. Amma milli turizm brendinin tanıdılması üçün belə bir dəyişikliyə ehtiyac var idi. Bu mənada hesab edirəm ki, öz brendimizin yenilənməsinə ehtiyac var idi. Loqonun məqsədi tanıtmaqdır. Bu loqo hazırlanarkən bütün məqamlar nəzərə alınıb. Belə bir brendin olması Azərbaycanı təkcə turizm sənayesində deyil, bütün dünyada tanıdacaq. Ümumiyyətlə, ölkəmizin istehsal olunan bütün məhsulları üzərində bu loqodan istifadə olunmalıdır. Azərbaycan bütün dünyada bu brendə əsasən tanınacaq. Bizim turizm sənayemiz o qədər də güclü inkişaf etməyib ki, ölkəmizi bütün dünyada tanısınlar. Bunun üçün müəyyən zaman lazımdır. Biz bu sahənin inkişafına bir neçə ildir ki, start vermişik. Qabaqcıl ölkələrin əldə etdiklərinə çatmaq üçün bizə bir neçə il lazımdır. Digər bir məsələ isə loqonun insan psixologiyasına təsiridir. Loqonun insanlar tərəfindən necə qəbul edilməsi də önəmli məsələlərdəndir. Hesab edirəm ki, bütün bu işlər mərhələli şəkildə aparılmalıdır ”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər