Azərbaycanın yeni Baş Naziri seçildi - Milli Məclis təsdiqlədi - Dosye

Azərbaycanın yeni Baş Naziri seçildi - Milli Məclis təsdiqlədi - Dosye

Cəmiyyət
08 Oktyabr 2019, 12:23 2230
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.

X X X

Bu gün Milli Məclisdə Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi gündəliyə daxil edilib.

Trend-in məlumatına görə, Milli Məclisin gündəliyinə ümumilikdə 14 məsələ daxildir.

Qeyd edək ki, Əli Əsədov Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiridir.

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.

Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.