• cümə, 26 Aprel, 18:30
  • Baku Bakı 22°C

Azərbaycanın texnologiyalar brendi

21.12.16 14:40 5707
Azərbaycanın texnologiyalar brendi
Azərbaycanda qeyri-neft sahəsinin inkişafı strateji vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkə rəhbərliyi istehsal sektorunu hər cəhətdən işə salmağa, biznesə innovasiyalar tətbiq etmək arzusunu aşılamağa çalışır. İqtisadiyyatda həm birbaşa dövlət investisiyaları, həm də sahibkarların fəal işə stimullaşdırılması yeni vüsət alır. Buna parlaq misal kimi biznesin və dövlətin birgə səyi nəticəsində yaranmış unikal texnologiyalar parkını göstərmək olar.
Dünya təcrübəsi göstərir ki, texnoparkların və xüsusi iqtisadi zonaların yaradılması rəqabətqabiliyyətliliyi və inkişafın gələcək perspektivlərini artırır. Çin, Türkiyə, BƏƏ, Cənubi Koreya, Polşa və başqa ölkələr iqtisadi inkişaflarının müxtəlif dövrlərində xüsusi iqtisadi zonalar və texnoparklar yaratmaqla sahibkarlığın fəallığı, istehsal fəaliyyəti, elmi-texniki tədqiqatların səviyyəsini artırmağa nail olmuşlar ki, bu da bütövlükdə ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsinə müsbət təsir göstərmişdir.
Azərbaycanda 2009-cu ilin aprel ayında "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Qanun qəbul edilmişdir. Qanunun qəbul edilməsi və onun həyata keçirilməsi ilə ölkəmizin müxtəlif regionlarında innovasiya fəaliyyəti genişlənir, sosial-iqtisadi problemlərin həlli sürətlənir, regionlar və iqtisadiyyatın geridə qalan sahələri inkişaf edir, qeyri-neft sektorunun ixrac potensialı artır. Sənayenin inkişaf etdirilməsi məqsədilə hökumət sənaye şəhərcikləri yaradır. Belə ki, 2011-ci ildə Prezident İlham Əliyev Sumqayıtda və Bakı şəhərinin Balaxanı qəsəbəsində sənaye parklarının yaradılması haqqında iki sərəncam vermişdir.

Bu gün Azərbaycanda və regionda texnoparklara bariz nümunə Sumqayıt Texnologiyalar Parkıdır. Qeyd edək ki, Sumqayıt Böyük Vətən müharibəsindən sonra kimya və alüminium sənayesi mərkəzi kimi tikilirdi. Getdikcə bu şəhər respublikanın ikinci böyük şəhərinə çevrildi. 90-cı illərin əvvəllərində istehsalın tənəzzülü özünü Sumqayıt zavodlarında da göstərdi. Köhnə avadanlıq, yüksək ixtisaslı kadrların getməsi istehsalın bəzi sahələrini lazımsız etdi. Lakin son illər Sumqayıt sanki yenidən doğuldu. Alüminium zavodu işə düşdü, onun ardınca digər istehsal sahələrində iş canlandı. Çox qısa zaman kəsiyində regionda unikal istehsal kompleksi – Sumqayıt Texnologiyalar Parkı tikildi.

XX əsrin 70-ci illərindən etibarən ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bugünkü uğurlu iqtisadiyyatımızın inkişafının bünövrəsi qoyulmuşdur. Həmin siyasətin uğurlu davamçısı - Prezident İlham Əliyevin səy və bacarıqları nəticəsində bir çox iqtisadı islahatlar həyata keçirilmişdir və nəticədə fərdi sahibkarlar üçün çox əlverişli şərait yaradılmışdır ki, Sumqayıt Texnologiyalar Parkı (STP) kimi nəhəng, çoxşaxəli və respublika sənayesini inkişaf etdirən müəssisə formalaşmışdır.

STP 2009-cu ilin dekabrın 22-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilmişdir. Bu gün həmin tarixdən artıq 7 il müddət keçir. Bu vaxt ərzində istehsal gücünü daha da artıran STP-nin 250 hektar ərazisində hazırda 17 zavod, 25 artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti materialları istehsalına da imkan yaradıb. Müasir texnologiyaların tətbiqi, eyni zamanda, tikinti sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətə və idxalın əvəz edilməsinə səbəb olub.Ancaq bu, hələ son deyil. Layihə üzrə sənaye tikililəri sahəsində yeni zavodların dizaynı və tikintisi davam edir.

STP-də tikinti işlərinə 2006-cı ildən başlanılıb və hazırda bu işlər bir neçə istiqamətdə aparılır. Bunlar içərisində tikintisi hazırda davam edən cərəyan, gərginlik, ölçü, quru və yağ tipli transformatorların istehsal olunacağı Transformator zavodunu qeyd edə bilərik. Burada gərginliyi 500 kV, gücü 400 MV-yə qədər olan transformatorların ölkəmizdə istehsalının həyata keçirilməsi mümkün olacaqdır. Həmçinin Sumqayıt Elektrik Stansiyasının yanında yerləşən STP 1-in ərazisində daha iki zavodun tikintisi davam edir. Burada alüminium və plastik pəncərə profillərindən qapı və pəncərələrin istehsalını həyata keçirəcək zavod olacaq. Bundan başqa, Texnopark ərazisində istehsal etdiyimiz məhsulların sərgisi və satışını həyata keçirmək üçün böyük bir təqdimat binası da inşa olunur.

Hazırda STP-də Kabel, Polimer Məmulatları, Qaynaq Sinkləmə, Dəqiq Mexanika, Ağır Maşınqayırma, Elektron Cihazları, Ventilyasiya Boruları və Günəş Kollektorları, Texniki Qazlar, Maşınqayırma, Press, Aliminium və Mis Elektrotexniki Çubuqları, Elektrik Avadanlıqları, Tikinti Məmulatları, Sendviç Panellər, Aliminium və Mis Sənaye Profilləri zavodlarıdır. Həmçinin təməli cənab prezident tərəfindən qoyulan yüksək gərginlikli kabel qülləsi də artıq istifadəyə verilib və elə bu günlərdə Azərbaycan tarixində ilk dəfə olaraq 500 kV-lıq kabelin istehsalına başlanılıb.

Ərazisi 250 hektar olan STP-nin qapalı istehsal sahəsi hazırda 500 min kvadrat metrdən artıqdır. Fəaliyyət göstərən bütün zavodlar Avropa və Yaponiya istehsalı olan ən yeni avadanlıqlarla təchiz olunub. Texnoparkın ərazisində fəaliyyət göstərən zavodlarda ölkəmizdə istehsalı olmayan 40-dan çox məhsul tədarük olunur. Bu müəssisələr içərisində Kabel Zavodunu xüsusi vurğulayardım. Burada 25 000 çeşiddə (500 kV-a qədər) ifrat yüksək, yüksək, orta və alçaq gərginlikli güc kabelləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik, telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabelləri istehsal olunur və müştərilərə təklif edilir. Bu istehsal sahəsi ölkəmizdə yeganə müəssisədir ki, fiber optik kabellərin istehsalını həyata keçirir. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb. Yuxarıda da qeyd etdiyim kimi, Kabel Zavodu təməli cənab prezident İlham Əliyev tərəfindən qoyulan ifrat yüksək gərginlikli kabel qülləsi sayəsində 500 kV-lıq kabellərin də istehsalına başlayıb. Bu tip kabellərin istehsalı dünyada yalnız 4-5 ölkədə mövcud olan bu cür qüllələrdə istehsal olunur ki, onlardan biri də STP-də fəaliyyət göstərir. İstehsal olunan bütün kabellər sınaq labaratoriyalarında ən son beynəlxalq standartlara cavab verən metodlarla yoxlanılır. Labaratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər ifrat yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur. STP-nin gələcəyin müəssisəsi adlandırılan Kabel zavodu steril təmizliyi ilə seçilir. Müəssisənin istehsal xətləri və prosesləri müvafiq audit və keyfiyyət yoxlamalarından keçmiş və ISO 9001:2008, OHSAS 18000:2007 sertifikatlarına layiq görülmüşdür. 2012-ci ilin dekabr ayında Kabel zavodu "İnterkabel” Beynəlxalq Assosiasiyasına qəbul edilmişdir.

Polimer Məmulatlar Zavodu Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci zavodudur. 2009-cu ilin dekabr ayından fəaliyyət göstərən bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb. Burada müxtəlif növ, diametrləri 1000 – 1200 mm olan PE – 100 su boruları, bununla belə 1600 mm-ə qədər, elektrodiffuzion qaynaq oluna bilən, üç qatlı (üstü polietilen, ortası şüşə lifi dolqulu polietilen və iç qatı polietilen) su boruları, həmçinin diametrləri 3500 mm-ə qədər basınca davamlı, silos qurğularında, körpü tikintisində və s. istifadəsi mümkün olan polietilen və polipropilen plastik borularla yanaşı, PP qurğular, polikarbonat lövhələr, PVC profilləri də istehsal edilir. Müəssisədə 80-dən artıq müxtəlif istehsal xətləri fəaliyyət göstərir. Zavodda bütün istehsal prosesi Almaniya, Avstriya və İtaliya istehsalı olan ən müasir texnoloji avadanlıqların köməyi ilə həyata keçirilir. Hazır məhsullar Danimarkadan gətirilmiş və yaxşı təchiz olunmuş laboratoriyalarda sınaqdan keçirilir. Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Zavodun ümumi istehsal qabiliyyəti illik 250 000 tondan çoxdur.

STP-nin Elektrik Avadanlıqları Zavodu da ən müasir avadanlıqlarla təchiz edilmiş müəssisələrdən biridir.

Ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət yeni istehsal sahələrinin yaranmasına səbəb olmuşdur. Belə istehsal sahələrindən biri də STP-nin Maşınqayırma zavodudur. Zavodda tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar istehsal olunur.

2011-ci ildən fəaliyyət göstərən Ağır Maşınqayırma Zavodunda da ən müasir avadanlıqlar və mexanizmlər quraşdırılmışdır. Bu müəssisə daxili bazarda rəqabətliliyin artırılması məqsədilə yaradılmışdır. Burada müxtəlif təyinatlı metal-konstruksiyalar, 500 kV gərginlikli elektrik xəttləri üçün dəmir dayaqlar, diametri 325 mm-dən 3000 mm-dək olan polad borular, yük avtomobilləri üçün müxtəlif böyük ölçülü detallar, həmçinin istənilən ölçülü hidroturbinlər, külək generatorları və onların müxtəlif hissələri istehsal olunur.

STP-nin Press Zavodunun təməli 2010-cu il mayın 26-da qoyulmuş, 2011-ci ilin avqust ayında istismara verilmişdir. Müəssisə müasir tələblərə uyğun yüksək texnologiyalı xətlər və universal presləmə avadanlıqları ilə təchiz olunmuşdur. Press zavodunda müxtəlif markalı hidravlik press xətləri yüksək gərginlikli elektrik dayaqlarının hissələrini layihəyə uyğun olaraq dəqiqliklə emal edə bilir. Respublikamızda analoqu olmayan hidravlik pressinin köməyi ilə avtomobilqayırma sahəsində avtomobillərin müxtəlif ölçülü şassilərini və detallarını emal etmək mümkündür.

2012-ci ildən Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən Dəqiq Mexanika Zavodu mürəkkəb konstruksiyalı maşın-mexanizm elementlərinin istehsalı məqsədi ilə yaradılmış yeni tipli müəssisədir.

Texniki Qazlar İstehsalı Zavodu fəaliyyət göstərdiyi qısa müddət ərzində yüksək keyfiyyətli maye və qaz halında oksigen, azot, arqon və karbon dioksid istehsal etməyə başlamışdır.

Sendviç Panelləri Zavodunun buraxdığı sendviç panelləri çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, suya yüksək müqaviməti, yanğına müqaviməti, səs izolyasiyası və korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir, demək olar ki, bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur.

Qərbi Avropa ölkələrinin təcrübəsinin tətbiqi regionda ən qabaqcıl və ekoloji cəhətdən təmiz Qaynar Sinkləmə Zavodunun yaradılmasına zəmin yaratmışdır. Zaqafqaziyanın ilk Qaynar Sinkləmə Zavodu böyük həcmdə istehsal gücünə malikdir.

İstehsalatla yanaşı Sumqayıt Texnologiyalar Parkı beynəlxalq əlaqələrə də çox böyük önəm verir. Müəssisə fəaliyyətə başladığı müddətdən indiyə qədər 100 nəfərdən çox əməkdaşının İngiltərədə, Almaniyada, Finlandiyada, Avstriyada, Türkiyədə, Yaponiyada və digər ölkələrdə təcrübə qazanmalarına, ixtisaslarını artırmağa imkan yaradıb. STP daxili bazarla yanaşı, xarici bazarda da məhsullarını nümayiş etdirir, lazımı tələbatı təmin edir. Bu cür iqtisadi əlaqələri qurmaq üçün Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə rəsmi nümayəndəliklər fəaliyyət göstərir. Dillerlər vasitəsilə xarici şirkətlərlə danışıqlar aparılır, lazımı sifarişləri qəbul edilir və məhsullar ölkə xaricinə ixrac edilir. Həmçinin həm ölkəmizdə, həm də xaricdə keçirilən beynəlxalq sərgilərdə STP uğurla iştirak edir, istehsal olunan məhsulların nümayiş etdirir, yeni bazarların axtarışını davam etdirir.

Cənab Prezident İlham Əliyevin "Made in Azerbaijan” brendinin dünyada tanıdılması ilə bağlı verdiyi qərarda STP kimi iri müəssisələrə dövlət dəstəyinin göstərilməsi, xarici bazarlarda ölkəmizi uğurla təmsil etməyə çox böyük kömək edəcək. Artıq beynəlxalq aləmdə "Made in Azerbaijan” brendi təkcə "Azeri Light” olmayacaq. Azərbaycan STP-nin məhsulları olan ifrat yüksək gərginli kabelləri ilə, ağır maşınqayırma sənayesi ilə, tikinti avadanlıqlarıyla xarici bazarlarda çıxış edə biləcək.
F.ABASOĞLU

banner

Oxşar Xəbərlər