Azərbaycanın İran vilayətləri ilə əlaqələri genişlənir
Azərbaycan nümayəndə heyəti İran İslam
Respublikasında səfərdə olub. İqtisadiyyat naziri, Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və
humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin
Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları
daxil idi.
Səfərin ilk günü nazir Şahin Mustafayev Ərdəbildə İran İslam Respublikasının rabitə və informasiya
texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi, Ərdəbil
əyalətinin valisi Məcid Xudabəxş və Ərdəbil vilayətindən olan millət vəkilləri ilə görüşüb.
Görüşdə dövlət başçılarının siyasi iradəsi, şəxsi dostluq
münasibətləri nəticəsində son illərdə Azərbaycan-İran əlaqələrinin strateji
səviyyəyə yüksəldiyi vurğulanıb, Azərbaycan-İran
iqtisadi əlaqələrinə, birgə layihələrə və İranın Ərdəbil vilayəti ilə
əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev İran İslam Respublikası ilə əlaqələrə böyük önəm verir. Son 3 ildə Azərbaycan
və İran prezidentləri 7 dəfə görüşüb. Dövlət başçılarının siyasi iradəsi,
səmimi dostluq münasibətləri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi
üçün möhkəm zəmin yaradıb. Şahin Mustafayev 2016-cı ildə İran və Azərbaycan
arasında ticarət dövriyyəsinin 70 faizə yaxın artdığını, viza rejiminin
sadələşdirilməsi istiqamətində işlərin görüldüyünü, iş adamlarının iştirakı ilə
15 tədbirin keçirildiyini diqqətə çatdırıb. Viza
rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran
vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Prezident İlham Əliyevin
yeni Sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi
təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq,
sərhəd məntəqələrinin iş saatları artırılacaq. 2017-ci il üçün beynəlxalq
yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması və
tranzit xərclərinin 160 ABŞ dollarından 100 ABŞ dollarınadək endirilməsi barədə
razılığa gəlinib. Bütün bunlar əlaqələrin inkişafı, iş adamları arasında
əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.
İranın Ərdəbil vilayəti ilə əməkdaşlıq
imkanlarından danışan Şahin Mustafayev kənd təsərrüfatı, qida sənayesi,
nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb. Qeyd
olunub ki, meyvə, ət və ət məhsulları, süd və süd məhsulları, xüsusilə
kartofçuluğun inkişaf etdiyini nəzərə alaraq bu istiqamətlərdə vilayətlə
əməkdaşlıq həyata keçirilə bilər. Bundan başqa, İran şirkətləri, o cümlədən
Ərdəbil iş adamları Azərbaycanın Aktaudakı logistika mərkəzinin xidmətlərindən
istifadə edə, Azərbaycanda yaradılan sənaye parkalrına və aqroparklara
investisiya yatıra bilərlər. Nazir Şahin Mustafayev iş adamlarını
Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı üçün mövcud olan əlverişli
şəraitdən və yaradılan imkanlardan istifadə etməyə dəvət edib.
İran İslam Respublikasının
rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri
Mahmud Vaezi Azərbaycan nümayəndə
heyətinin İrana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla
əlaqələrin genişləndirilməsinə önəm verdiyini, son illərdə dövlət başçılarının
birgə səyi nəticəsində Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını
bildirib. Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin
genişləndirilməsinə olan maraqdan xəbər verir. İranlı nazir qeyd edib ki,
ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır və
banklararası əlaqələrin genişləndirilməsi ticarət əlaqələrini daha da genişləndirə
bilər. Bundan başqa, ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, aqrar
sahədə avadanlıqların istehsalı, turizm, tranzit və yükdaşımalar sahələrində
əməkdaşlıq üçün geniş potensial mövcuddur.
İran İslam Respublikasının
Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Ərdəbil əyalətinin iqtisadiyyatı, o cümlədən
infrastrukturu, kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri
barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Ərdəbil valisi
vilayətin turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsində
inkişaf etdiyini vurğulayaraq, bu istiqamətdə Azərbaycanın Ərdəbil vilayəti ilə
əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.