Azərbaycanın əsas ticarət tərəfdaşı - FOTOLAR
Ötən 30 ildə Avropa İttifaqı ölkəmizə 20 milyard dollardan çox sərmayə
yatırıb
Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil
ki,ölkəmiz 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Aİ
arasında ilkin əlaqələr yaradılıb. Avropa Komissiyasının (AK) Müstəqil
Dövlətlər Birliyinə (MDB) yardım (TASİS proqramı) göstərməsi ilə münasibətlərin
təməli atılıb. Amma bu əlaqələrin hüquqi əsası ulu öndər Heydər Əliyevin
zamanında qoyulub. Tərəflər arasında 22 aprel 1996-cı il tarixdə Lüksemburqda
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) imzalanıb və 1 iyul 1999-cu ildən
qüvvəyə minib. Bu sənəd Aİ ilə hərbi sahə istisna olmaqla, bütün sahələrdə
əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edib və formatını
müəyyənləşdirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan
etibarən Aİ ilə ölkəmiz arasında münasibətlər tamamilə yeni müstəviyə keçib.
Mövcud münasibətlər daha da inkişaf etdirilərək ortaq dəyərlərə və məqsədlərə
əsaslanan yaxın, dinamik tərəfdaşlığa çevrilib. Bu gün Azərbaycanla Aİ arasında
siyasi dialoq, insan hüquqları, təhlükəsizlik, mədəniyyət, iqtisadi inkişaf və
şaxələnmə, ticarət, nəqliyyat və ətraf mühit kimi geniş spektrli sahələri əhatə
edən əməkdaşlıq əlaqələri mövcuddur.
Münasibətlərə yeni format əlavə edilib
Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT)
təşəbbüsündə iştirak edir. Məlumat üçün qeyd edək ki, ŞT təşəbbüsü Azərbaycan
Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixdə Brüsseldə keçirilmiş görüşü
zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Şərqi Avropa Qonşuluq Siyasəti
(AQS) ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən
təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq
tərəfdaş ölkələri) əhatə edib. 3 dekabr 2008-ci il tarixdə ŞT təşəbbüsü üzrə
Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd Avropa Komissiyası (AK)
tərəfindən Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət Başçılarının
Şurasına təqdim olunub. Bu iki sənəd ŞT-yə dair AK-nin mövqeyi və təkliflərini
əks etdirərək, AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək
əməkdaşlıq istiqamətlərini müəyyən edib.ŞT Aİ və Şərq tərəfdaş ölkələri
arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın
ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə
tutub.
Avropa İttifaqı siyasətlərinə yaxınlaşma
Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin
yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişləri əvəzinə, yeni, Assosiasiya Sazişlərinin imzalanmasını,
tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə, onunla
dərin və müfəssəl azad ticarət zonasının yaradılmasını, həmçinin vizaların tədricən
liberallaşdırılmasını, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin
gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsini və sair
planlaşdırıb. ŞT həmçinin Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərə
yeni format əlavə edib. Çoxtərəfli format tərəfdaş ölkələr arasında əlaqələri
təşviq edərək, islahatlar sahəsində tərəfdaş ölkələrin həyata keçirdikləri
tədbirlər üzrə məlumat və təcrübə mübadiləsinin və ŞT-nin gələcək inkişafına
dair müzakirələrin aparılması üçün forum kimi nəzərdə tutulub. Bu format
çərçivəsində ŞT-yə daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki
ildən bir görüşü, hər il Aİ üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin
Xarici işlər nazirlərinin illik iclası keçirilib. Əməkdaşlığın əsas sahələrinə
uyğun olaraq, demokratiya, yaxşı idarəçilik və sabitlik, iqtisadi inteqrasiya
və Aİ siyasətlərinə yaxınlaşma, enerji təhlükəsizliyi, insanlar arasında
təmaslar kimi tematik platformalar yaradılıb.
Brüsseldə razılaşdırılan
tərəfdaşlıq prioritetləri
Bu platformalar çərçivəsində Azərbaycanla-Aİ
arasında qarşılıqlı və bərabərhüquqlu maraqlara xidmət edən münasibətlər qurulub.
Aİ-Azərbaycan əlaqələrinin inkişafından danışarkən, 2017-ci ilin fevral ayında
Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti Donald Tuskun dəvəti ilə
Belçika Krallığına səfərini qeyd etmək vacibdir. Məhz bu səfər çərçivəsində o,
Avropa Şurası (AŞ) Parlament Assambleyasının (PA) sabiq prezidenti,
Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden, Aİ-nin xarici məsələlər
və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, AK-nin vitse-prezidenti xanım
Federika Moqerini, Belçika Kralı Filip, Avropa Komissiyasının enerji birliyi
üzrə vitse-prezidenti Maroş Şevçoviç, Aİ Şurasının prezidenti D.Tusk və Avropa
Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb. Paytaxt Brüsseldə
keçirilən görüşlərdə Azərbaycan dövlət başçısı ikitərəfli münbasibətlər,
əməkdaşlıq əlaqələrinin perspektivləri, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində ölkəmizin rolu və sair məsələlər ətrafında geniş müzakirələr
aparıb.
Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd
2018-ci il iyulun 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Aİ
Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan və Aİ arasında
"Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi keçirilib. Azərbaycan-Aİ
tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açan bu sənədin
birinci bəndində qeyd edilib ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə
qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən
birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə
hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə
yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə
sadiqliyi ifadə olunub. Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd,
həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş
siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi
istiqamətində görülən işlərə Aİ-nin mümkün töhfəsini ifadə edib. Sənəddə
Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi
töhfə də Aİ tərəfindən vurğulanıb. Eyni zamanda, "Cənub Qaz Dəhlizi”
layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa
bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu
bildirilib. Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi
töhfənin əhəmiyyəti də vurğulanıb və bu sahədə Aİ-nin Azərbaycanla əməkdaşlığa
xüsusi marağı göstərdiyi diqqətə çatdırılıb. Eyni zamanda, paraflanan sənəddə
Azərbaycan ilə Aİ arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri
əksini tapıb.
Avropa İttifaqı-Azərbaycan
əməkdaşlığının gələcəyi
Aİ-Azərbaycan əlaqələrində "Cənub Qaz Dəhlizi”
layihəsinin müstəsna əhəmiyyəti var. Bu layihə Avropanın enerji
təhlükəsizliyinə mühüm töhfə verir. Xatırlatmaq yerinə düşər ki, 2019-cu il
fevral ayında "Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının V iclası Prezident
İlham Əliyevin iştirakı ilə məhz Bakıda keçirilib. Bu layihəyə dair tədbirdən
sonra Avropa Komissiyasının Büdcə məsələləri və insan resursları üzrə Komissarı
Günter Ottinger, Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş
Direktorluğunun rəhbəri Henrik Hololey, Avropa İnvestisiya Bankının
vitse-prezidenti Vazil Hudak kimi rəsmilər Azərbaycana səfər ediblər. Onlar
Azərbaycan Prezidenti səviyyəsində qəbul ediliblər. Eyni zamanda, strateji
tərəfdaşlıq üzrə sazişə dair danışıqları davam etdirmək üçün Aİ-nin nümayəndə
heyəti Azərbaycanda olub, Aİ-Azərbaycan arasında imzalanması planlaşdırılan
yeni saziş layihəsi üzrə intensiv danışıqlar aparılıb.2019-cu il mayın
13-də isə Prezident İlham Əliyevin Belçika Krallığına yenidən işgüzar səfəri
olub.
Uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək
Səfər çərçivəsində Azərbaycan Prezidenti Belçikalıların Kralı Əlahəzrət
Filip, Aİ Şurasının prezidenti Donald Tusk ilə səmərəli görüşlər keçirilib,
qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi
aparılıb. Qeyd olunub ki, Azərbaycan istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində
və istərsə də ikitərəfli formatda Aİ ilə fəal əməkdaşlıq edir. Danışıqlar
zamanı tərəflər bir sıra sahələr üzrə əməkdaşlıq prioritetlərini yenidən
nəzərdən keçiriblər. 2019-cu il iyulun 9-da isə Aİ Şurasının Prezidenti Donald
Tusk ölkəmizə səfərə gəlib. O, Prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək,
ardınca işçi lanç çərçivəsində geniş tərkibdə görüş keçirib. Görüşlərdən,
aparılan müzakirələrdən sonra Prezident İlham Əliyev və Aİ Şurasının Prezidenti
Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev
əminliklə vurğulayıb ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada
inkişafı davam etdiriləcək və bu, Azərbaycanın maraqlarına xidmət edir. Dövlət
başçısı indiyə qədər D.Tuskla çox sayda görüş keçirdiyini diqqətə çatdıraraq,
uğurla inkişaf edən Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı geniş spektrli
məsələlərin müzakirə edildiyini söyləyib. Qeyd edib ki, bu, çox sahələri əhatə
edir və tərəfdaşlığın yeni səviyyəyə yüksəldilməsinə nail olunub. Aİ-Azərbaycan
arasında əməkdaşlığın gələcəyindən söhbət açan Prezident İlham Əliyev deyib ki,
uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək.
İqtisadi faktor güclü element kimi
Bu gün Aİ
Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təxminən 50 faizini üzv
ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik əldə etdiyimiz tarixdən indiyə
qədər ötən dövrdə Aİ Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox
sərmayə yatırıb. Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə strateji tərəfdaşlıq
bəyannamələri qəbul edib. Bu isə o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin
üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Söylənilənlərə əyani bir
misal olaraq, Aİ-nin qurucu dövlətlərindən olan İtaliya ilə Azərbaycanın
münasibətlərini göstərmək olar. Bu iki ölkə arasında qarşılıqlı ticarət
dövriyyəsi6milyard ABŞ dollarından çoxdur və hazırda İtaliya
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində
İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox,
Azərbaycanın isə İtaliyaya1,7milyard ABŞ dolları həcmində
investisiya yatırması, uğurlu investisiya əməkdaşlığının göstəricisidir.
Ölkələrimiz arasında iqtisadi əlaqələr, əsasən neft-qaz və enerji sektorunu
əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq
əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı,
rabitə, xidmət və sair sektorlarda İtaliyanın114şirkəti fəaliyyət
göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda
dəyəri9,9milyard ABŞ dolları olan 277 layihədə, qeyri-neft
sektorunda isə dəyəri708milyon ABŞ dolları
olan37layihədə podratçı kimi iştirak edirlər. Vətən Müharibəsindən
sonrakı dövrdə İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş yaşayış
məntəqələrində geniş vüsət alan quruculuq və abadlıq proseslərinə də cəlb
olunublar. Azərbaycan Aİ-yə üzv olan digər dövlətlərlə də münasibətləri bu
səviyyəyə çatdırmaqda maraqlıdır. Bütün bu faktlar Aİ-Azərbaycan
münasibətlərində iqtisadi faktorun güclü element kimi çıxış etdiyini göstərir.
"Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək"
Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa
dair yeni sənəd hazırlanır və bu sənəddə əsas müzakirə mövzusu iqtisadi
məsələləridir. Nəzərə almalıyıq ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu
tərəfdaşdır və öz vətəndaşlarının, şirkətlərinin maraqlarını qorumalıdır. Buna
görə də, bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər
göstərilir. Sözügedən məqam hazırlanan tərəfdaşlıq sənədinin əsas qayələrindən
birini təşkil edir. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP)
VII Qurultayında çıxış edən Prezident İlham Əliyev bu məsələyə bir daha diqqət
çəkib. O, Azərbaycanın Aİ ilə sıx əlaqələr qurduğunu xatırladıb. Bildirib ki,
bərabərhüquqlu saziş üzərində iş gedir və sazişin 90 faizi razılaşdırılıb.
Prezidentin sözlərinə görə, yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək və
proses yekunlaşdırılacaq: "Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq.
Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər
imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm.
"Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9
ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya
sazişi imzalayıblar... Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş
üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və
müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa
ediləcək”.
Rufik
İSMAYILOV
Məqalə Avropa
İttifaqının Azərbaycandakı Nümayəndəliyinin jurnalistlər arasında elan etdiyi "Avropa İttifaqı Azərbaycan üçün" yazı müsabiqəsinə təqdim olunur