SOCAR "ağıllı" qaz sistemini tətbiq edəcək
![SOCAR "ağıllı" qaz sistemini tətbiq edəcək](https://kaspi.az/storage/posts/large/9e7fSzr8ohaQdiZY1aWUmjqFnbcGdvHrbEok2Y32.jpg)
“IntelliGrid”lə imzalanan saziş çərçivəsində qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə imkan verəcək.
Bakıda “IADC Drilling Caspian 2025” konfrans və sərgisi keçirilir. Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) təşkil etdiyi tədbirdə sənaye liderləri və qazma mütəxəssisləri problemlərin müzakirəsi, qabaqcıl təcrübə və praktikanın mübadiləsi üçün iştirak edirlər.
480 milyon dollarlıq layihə
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin müşaviri Elçin Ağakişiyev bildirib ki, Azərbaycanda "ağıllı qaz şəbəkəsi”nin idarəetmə sisteminin tətbiqinə 480 milyon ABŞ dollar yönəldiləcək: "COP29-da SOCAR ilə “IntelliGrid” arasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) xidmət zonasında "ağıllı qaz şəbəkələri"nin qabaqcıl idarəetmə sisteminin tətbiqi ilə bağlı razılaşma əldə olunub. 480 milyon ABŞ dollar dəyərində olan layihə çərçivəsində qaz sızmalarının azaldılması üçün süni intellektdən (Sİ) istifadə edilməsi planlaşdırılır". Sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.
SOCAR-ın səyləri təsdiqlənib
E.Ağakişiyev vurğulayıb ki, COP29-da Azərbaycanın və xüsusilə SOCAR-ın neft-qaz sektorunda emissiyaların azaldılması ilə bağlı səyləri təsdiqlənib: "SOCAR 2030-cu ilə qədər bütün obyektlərində rutin qaz yandırılmasını tam dayandırmaq, 2030-cu ilə qədər “upstream” aktivlərində emissiyaların intensivliyini 2022-ci il səviyyəsi ilə müqayisədə 30% azaltmaq, 2035-ci ilə qədər korporativ emissiya intensivliyini 30%, mütləq emissiyaları 20% azaltmaq, 2035-ci ilə qədər "upstream" aktivlərində metan emissiyalarını 0,2%-dən aşağı səviyyəyə endirmək və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyi götürüb".
Xəzər məhdud özünübərpa qabiliyyətinə malikdir
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin layihələrin və ətraf mühitin mühafizəsi üzrə normativ sənədlərin ekspertizası şöbəsinin baş məsləhətçisi Könül Əhmədsoy isə diqqəti Xəzər hövzəsinin problemlərinə yönəldib. Onun sözlərinə görə, Xəzər dənizi qapalı su hövzəsi olaraq məhdud özünübərpa qabiliyyətinə malikdir. Buna görə də regionda ən sərt ekoloji standartlar tətbiq edilməlidir. Azərbaycanda mütəxəssislər əməliyyatlar zamanı xüsusilə ehtiyatlı yanaşma tətbiq edirlər. "Bəzən operatorlar Şimal dənizi, Meksika və ya Fars körfəzində istifadə olunan standartlara və ya texnologiyalara istinad edirlər. Lakin Xəzər tamamilə başqa bir hekayədir. Xəzər unikal endemik və biomüxtəlif mühitə malikdir. O, qapalı su hövzəsidir və açıq dənizlərdə, okeanlarda tətbiq olunan metodlar həmişə ona uyğun gəlmir. Qapalı su hövzəsi olaraq özünübərpa imkanları məhduddur. Bundan əlavə, uzun illər ərzində aktiv neft və qaz hasilatı ona əhəmiyyətli ziyan vurub. Burada hasilat insanlar ətraf mühitin qorunması barədə düşünməyə və bu proseslərin risklərini dərk etməyə başlamazdan xeyli əvvəl başlayıb", - nazirlik rəsmisi qeyd edib.
“Bu prinsip təkcə dəniz üçün deyil”
K.Əhmədsoy vurğulayıb ki, nazirlik Xəzərdəki layihələrin bütün dünyaya nümunə olması üçün regionda ən yaxşı beynəlxalq təcrübələrin, ən sərt ekoloji standartların tətbiqini vacib hesab edir: "Bu prinsip təkcə dəniz üçün deyil, quru üçün də vacibdir. Təəssüf ki, Abşeron yarımadasında, Kür və Araz çaylarının aşağı axarlarında minlərlə hektar torpaq neft məhsulları ilə çirklənib. Bu problemin həlli kompleks yanaşma tələb edir. Məhz buna görə də Xəzər regionu xüsusi diqqət və qayğıya ehtiyac duyur. Məqsədimiz aydındır: biz təbiətin bərpasına imkan verməklə yanaşı, ekoloji məhdudiyyətlər çərçivəsində istehsal nəticələrinə nail olmalıyıq".
![banner](/images/kaspibanner.jpg)