• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

Azərbaycanda kənd turizminə dair yeni sahibkarlıq subyektləri yaradılacaq

10.01.22 15:30 488
Azərbaycanda kənd turizminə dair yeni sahibkarlıq subyektləri yaradılacaq

Bu il "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq.
"Kaspi"bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək.
Kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar yanvarın 28-nə qədər müraciət edə bilərlər. Qeydiyyat linki:https://forms.gle/m7dpQKdS5Lypft6a8
"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, "Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində həyata keçirilib. İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib. Yerli və xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir.
banner

Oxşar Xəbərlər