• şənbə, 27 Aprel, 06:31
  • Baku Bakı 12°C

“Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir”

21.10.14 15:47 1228
“Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir”
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “İtochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir.
Ş.Mustafayev əlaqələrin inkişafında Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini, eləcə də iş adamlarının iştirakı ilə keçirilən biznes forum, işgüzar görüş və sərgilərin rolunu qeyd edib. Bildirilib ki, “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirilməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib. Görüşdə diqqətə çatdırılıb ki, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib və sənayenin daha da inkişafı üçün tədbirlər həyata keçirilir.
Azərbaycanın filiz yataqları ilə zəngin olduğunu qeyd edən nazir Ş.Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirib. Artıq İSN ilə Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında müqavilə imzalanıb və şirkət Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin təşkili ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində işlərin aparıldığını vurğulayan Ş.Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb.
Görüşdə nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “İtochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında bu il Yaponiyada 8-ci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini diqqətə çatdıran Yoiçi Kobayaşi rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə də məlumat verib. Şirkətin sənaye sahəsində ixtisaslaşdığını bildirən Yoiçi Kobayaşi bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bildirib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər