• şənbə, 27 Aprel, 07:25
  • Baku Bakı 12°C

“Azərbaycan, Türkiyə və Rusiya güclü əməkdaşlıq nümunəsi ortaya qoya bilər”

14.10.16 16:29 1615
“Azərbaycan, Türkiyə və Rusiya  güclü əməkdaşlıq nümunəsi ortaya qoya bilər”
"İstanbulda müzakirə olunan məsələlər regional iqtisadi əlaqələrin güclənməsi, ölkələrə invesitisiya axınının sürətləndirilməsi baxımından önəmlidir”. Bu barədə Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM rəhbəri, politoloq Rufiz Qonaqov bildirib.
O, İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi və Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini şərh edərək deyib ki, dünyanın enerji sektorunda xüsusi payı olan Rusiya və Azərbaycan bu gün dünyada iqtisadi baxımdan güclü dövlətlər kimi qəbul olunurlar. Politoloqun fikrincə, Türkiyənin yerləşdiyi coğrafi mövqe imkan verir ki, həm Rusiya, həm də Azərbaycan özlərinin neft və qaz ehtiyatlarını bu ölkənin vasitəsilə Avropaya nəql etsinlər: "Rusiyaya məxsus qırıcı təyyarə vurulandan sonra iki ölkə arasında iqtisadi və siyasi münasibətlər olduca gərginləşdi. Rusiya Türkiyəyə məxsus məhsulların idxalına qadağa qoydu, "Türk axını” layihəsi dayandırıldı. Lakin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi tərəflərə imkan verdi ki, siyasətlərinə yenidən baxsınlar, gərginləşmiş münasibətlər yoluna qoyulsun. Toplantının ilkin nəticəsi olaraq Rusiya Türkiyəyə satdığı mavi yanacağın qiymətinin aşağı salınması ilə bağlı razılığa gəldi. Bəzən qeyd edirlər ki, bu iki ölkənin enerji üzrə əməkdaşlığı Azərbaycanın maraqlarına cavab vermir. Bu yanaşma doğru deyil. Çünki Rusiya "Türk axını” vasitəsilə 30 milyard kub metr, Azərbaycan isə Türkiyə vasitəsilə 6 milyard kub metr qaz ixrac edəcək. Bu mənada Rusiyanı enerji bazarında Azərbaycana rəqib hesab etmək olmaz. Əksinə qaz kəmərlərinin çox olması bizim gələcəyimiz üçün qarantdır”.
R.Qonaqov deyib ki, belə vəziyyət əməkdaşlıq üçün daha geniş imkanlar açır: "Vladimir Putin İstanbuldakı çıxışında bildirdi ki, dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacaq. Bu dünyaya ciddi mesaj idi. Yaxın on ildə neft və qazı əvəz edəcək alternativ enerji bazarda oturuşmayacaq. Bu mənada heç bir enerji resursu olmayan ölkələr dünyanın enerji bazarında ciddi rol oynayan ölkələrə münasibətdə qısqanc mövqe sərgiləməməlidirlər. Rusiya prezidenti çıxışında neft istehsal edən ölkələrə ciddi mesajlar verdi. Qeyd etdi ki, yaranmış hazırkı neft hasilatının dondurulması və hətta azaldılması bütün dünya energetikasının dayanıqlığını qoruyub saxlamaq üçün yeganə düzgün qərardır. Bu baxımdan İstanbul konfransı ərəfəsində neftin qiymətindəki yüksəlişi də təsadüfi saymaq olmaz”.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini və İstanbul konfransındakı çıxışını yüksək qiymətləndirən BMAM sədri vurğulayıb ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiq olaraq bütün məsələlərdə sıx əməkdaşlıq edirlər: "Türkiyədə keçirilən beynəlxalq konfranslara Prezident İlham Əliyevin dəvət alması artıq ənənə halını alıb. Ölkələrimizin müştərək həyata keçirdiyi layihələr hər iki ölkənin iqtisadiyyatını bir-birinə bağlamaq məqsədi daşıyır. Bizim maraqlarımız bir çox məsələlərdə üst-üstə düşür. Hesab edirəm ki, Türkiyədə keçirilən beynəlxalq konfranslar həm də Azərbaycan üçün uğur deməkdir. Azərbaycan Prezidenti İstanbulda həm toplantıda çıxış edərkən, həm də keçirdiyi görüşləri zamanı ölkəmizin maraqlarını dünya ictimaiyyətinə çatdırdı və dünyaya mühüm mesajlar verdi. Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində gərgin münasibətdə olan Türkiyə ilə Rusiya yenidən bir araya gəlib, gələcək əməkdaşlıq perspektivlərini müzakirəyə çıxardı. Hesab edirəm ki, Rusiya-Türkiyə yaxınlaşmasının əsas səbəbkarlarından biri Azərbaycan və onun dövlət başçısıdır. Rusiya və Türkiyə münasibətlərində soyuqluğun aradan qaldırılması Azərbaycanın maraqlarına cavab verir. Hər iki ölkə ilə qonşuyuq. Azərbaycan, Türkiyə və Rusiya gələcəkdə güclü əməkdaşlıq nümunəsi ortaya qoya bilər. Türkiyə strateji müttəfiqimizdir, Rusiya isə strateji əməkdaşımız. Üç ölkənin bir-birinə yaxınlaşması nəinki ölkələrin iqtisadi güclərinə müsbət təsir göstərəcək, həmçinin regionda sülh və əminamanlıq yaradacaq, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək”.
R.Qonaqov onu da əlavə edib ki, Prezident İlham Əliyevin İstanbulda çıxışı zamanı başda Rəcəb Tayyib Ərdoğanın komandası olmaqla, Türkiyə dövlətinə dəstək verməsi eyni zamanda terrorçu qruplara, xarici ünsürlərə, bu ölkədə siyasi gərginlik yaratmaq istəyənlərə verilən tutarlı cavab idi.
banner

Oxşar Xəbərlər