Azərbaycan məhsulları üçün cəlbedici məkan olan İsveçrə bazarı

Azərbaycan məhsulları üçün cəlbedici məkan olan İsveçrə bazarı

İqtisadiyyat
27 Avqust 2019, 18:53 4472
Avqustun 24-dən 28-dək bir sıra İsveçrə şirkətinin nümayəndələri Azərbaycanda səfərdə olacaqlar. Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, İsveçrənin fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanda çoxsaylı görüşləri nəzərdə tutulur. Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər. Nümayəndə heyətinin səfəri Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək. Dünyanın qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə, əsasən şokolad istehsalında istifadə etmək üçün illik 20 min tona yaxın fındıq idxalı həyata keçirir. Qeyd edək ki, 2018-ci il iyunun 25-29-da İsveçrəyə təşkil olunan Azərbaycanın fındıq istehsalı ilə məşğul olan 14 şirkətin nümayəndələrindən ibarət ixrac missiyası çərçivəsində İsveçrənin aparıcı şirkətləri ilə görüşlər təşkil olunmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycandan fındıq alımına ciddi maraq göstərilmiş, İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılıq əldə olunmuşdu. 2018-ci ildən etibarən Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixracına başlayıblar. 

Onu da qeyd edək ki, İsveçrənin "www.zeitung.ch” internet portalında Azərbaycanın İsveçrə şirkətləri üçün cəlbedici məkan olmasına dair məqalə də dərc olunub. "Azərbaycan İsveçrə şirkətləri üçün böyük şanslar təqdim edir” başlıqlı məqalədə iqtisadi, siyasi və maliyyə sabitliyi, böyük tranzit potensialı, həyata keçirilən regional layihələr və münbit investisiya mühitinin Azərbaycanı beynəlxalq investorlar üçün maraqlı məkana çevirdiyi qeyd edilir. Bildirilir ki, müstəqilliyi bərpa etdikdən sonra Azərbaycana 260 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və onun tam yarısı xarici investisiyaların payına düşür, indiyədək Azərbaycan investisiyaların qorunmasına dair 49 ikitərəfli saziş imzalayıb. Məqalədə, həmçinin diqqətə çatdırılır ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi hökumət siyasətinin mühüm prioritetləri sırasındadır. Ölkədə sənayeləşmə siyasəti çərçivəsində yeni sənaye əraziləri və parkları salınıb, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına dəstək layihələri həyata keçirilir. İsveçrənin, Azərbaycan qeyri-neft sektoruna mühüm investisiyası kimi dəyərləndirilən və tikinti məhsulları istehsal edən SİKA şirkəti mühüm amil kimi qeyd edilib.
 
Müəllif daha sonra qeyd edir ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, dünyanın ən çox islahat aparan ölkəsi elan olunub, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB-də lider mövqeyə yüksəlib. Azərbaycan "Ease of Doing Business” renkinqində 190 ölkə içərisində 25-ci yerdə qərarlaşıb. Qeyd edilib ki, ötən il "Made in Azerbaijan” brendinin tanıtımı məqsədilə Azərbaycandan ixrac missiyası İsveçrədə səfərdə olub. Missiya yerli satış şirkətləri və potensial müştərilərlə mümkün ixrac imkanları ətrafında müzakirələr aparıb. Ticarət iki ölkə arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Azərbaycan Cənubi Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır və İsveçrənin bu regionla ticarət həcminin 52 faizi Azərbaycanın payına düşür. Yekunda qeyd edilib ki, sadalanan faktorlar əməkdaşlığın daha da güclənməsi üçün böyük potensialın mövcudluğunu və İsveçrə bazarının Azərbaycan məhsulları üçün cəlbedici məkan olduğunu göstərir.

Aqrar sahənin ən gəlirli sahələrindən olan fındıqçılıq sahəsində İsveçrə ilə əməkdaşlıqda ilbəil irəliləyişlər əldə olunur. Bəs görəsən cəlbedici İsveçrə bazarına daha hansı məhsullarımızı çıxarda bilərik: Ümumiyyətlə, İsveçrə ilə aqrar sahədə əməkdaşlıq bizə nə vəd edir?

İqtisadçı-ekseprt Ramin Rəhimov deyir ki, Azərbaycan fındığı əsasən Almaniya və Türkiyəyə ixrac olunur. İsveçrənin bu məhsula maraq göstərməsi Azərbaycan fındığının digər ölkələrlə müqayisədə daha  keyfiyyətli olmasından xəbər verir: "Bu məqam, hər şeydən əvvəl, ixracla bağlı rəqabətyönümlü ölkələrin çoxalması deməkdir. Beləliklə,  istehsal edilən fındıq məhsulu daha qısa müddətdə və uyğun qiymətə satıla bilər. İsveçrə ilə Azərbaycan arasında ticarət əlaqələr var. Bu  ölkəyə fındıqdan başqa, digər kənd təsərrüfatı malları da ixrac edilə bilər. Amma məsafələrin uzaq olması, tez xarab olan məhsulların bu ölkəyə ixracı baxımından əlverişli hesab olunmur. Həmçinin, nəqliyyat xərcləri də bir qədər baha başa gəlir. Hələlik, Azərbaycanın ixrac potensialı o qədər böyük deyil və Avropa bazarlarına çıxarılan məhsulun həcmi çox azdır. Bu mənada biz öz ixrac potensialımızı genişləndirməli və yeni Avropa bazarlarına çıxış əldə etməliyik. İsveçrə də bu ölkələrdən  biri sayılır. Düzdür, hələlik bizim aqrar məhsullar daha çox Türkiyə və Rusiya bazarlarına çıxarılır.  Həmçinin, Almaniya, İtaliya kimi Avropa ölkələri ilə iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Bu münasibətlər gələcəkdə daha da inkişaf etdirilməli, sahibkarların yeni bazarlara çıxışı təmin olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələri bizim əsas hədəflərimiz ola bilər. Çünki bu bazarlar bizim üçün daha əlverişlidir. Biz bu bazarlara təkcə meyvə tərəvəz deyil, eyni zamanda emal edilən məhsullar ixrac edə bilərik. Fındıq, qoz, badam kimi məhsulların ixrac potensialı çox böyükdür. Biz öz imkanlarımızdan maksimum yararlanmalıyıq. Bu məhsullar xarab olmadığı üçün İsveçrə və digər uzaq ölkələrə asanlıqla ixrac edilə bilər”. 

Kənd təsərrüfatı sahəsi üzrə ekspert  Nicat Nəsirli deyir ki, belə bir görüşün keçirilməsi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da gücləndirə bilər: "İndiki halda bu, bizim üçün çox vacibdir. Azərbaycanın bir sıra məhsullarına, o cümlədən də fındığa xarici bazarlarda böyük maraq var. Bu yaxınlarda dünyanın ən böyük fındıq istehsalçılarından biri olan İtaliyanın iki şirkətinin nümayəndəsi Azərbaycanda oldu. Elmi-Tədqiqat İnstitutunda fındıqçılığın inkişafı ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Trendlər göstərir ki, fındıq dünyada strateji məhsullardan biri hesab olunur. Hətta bir çox parametrlərinə görə, fındıq çörək qədər vacib məhsullardan sayılır. Fındıq istehsalı ilə məşğul olan ölkələrdə bu məsələ ilə bağlı yeni araşdırmalar aparılır, resursların tapılması üzrə çalışmalar həyata keçirilir. İsveçrə elə bir ölkədir ki,  orada fındığa böyük tələbat var. Fındıq şirniyyat sənayesində xammal kimi istifadə olunur. Bu tələbat nəzərə alınaraq, Azərbaycanda da fındıq bağları artmaqdadır. İstehsal həcmimiz hələlik 56 min tondur. Yəni ən böyük fındıq istehsalçısı olan ölkələrdən sayılırıq. Amma hələlik öz potensialımızı tam olaraq istifadə edə bilmirik. Çünki müəyyən problemlər və qarşıda böyük hədəflər var. Fındıqçılıqla bağlı təkcə İsveçrə ilə deyil, bir sıra ölkələrlə iqtisadi münasibətlər qura bilərik. Hal-hazırda xurma, nar və sitrus meyvələrinə olan maraq artır. Bu trendlər bizə də öz təsirini göstərir. Bu məhsulların əkin sahələri artırılır və müasir texnologiya tətbiq olunur. Amma etiraf etmək lazımdır ki, Avropa bazarlarına çıxmaq heç də asan deyil. Çünki sertifikatlaşdırma məsələləri, məhsulun keyfiyyət standartlarına olan tələblər çox yüksəkdir. İstehsalçılar bu tələbləri ödəməlidir. Məhsulların markalaşdırılması, qablaşdırılması standartların yaradılması ilə bağlı müəyyən problemlər var. Bu tələbləri, hələlik ödəyə bilmədiyimizə görə, məhsullarımızı Avropa bazarına çıxarmaqda çətinlik çəkirik”.

Şəbnəm Mehdizadə