• çərşənbə, 24 Aprel, 17:32
  • Baku Bakı 27°C

“Azərbaycan gəncliyi cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib”

15.04.15 08:42 1582
“Azərbaycan gəncliyi cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib”
Xaləddin İsgəndərov: “Gənc nəslin fiziki və mənəvi sağlamlığını daim diqqətdə saxlayan Prezident İlham Əliyev idmanın inkişafına da hərtərəfli dəstək verir”
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan məlumat turu çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatları Binəqədi rayonunda, novatorluğu, gənclərlə bağlı işlərdə aktiv fəaliyyəti ilə seçilən Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) fəaliyyəti ilə tanış olublar. Məlumat turunda ARGTMŞ-nin sədri Şahin Seyidzadə, Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları iştirak ediblər. BRİH-dən “Kaspi”yə bildirilib ki, məlumat turu ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələrinin qoyulması və dahi şəxsiyyətin ruhuna göstərilən ehtiramla başlayıb.
Məlumat turu zamanı iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası, rayonun Heydər Əliyev adına istirahət parkı, “Çoxmənzilli yaşayış binalarında yeni idarəetmə” formaları haqqında rayon sakinlərini maarifləndirmək məqsədilə yaradılmış səyyar ofis, İcra Hakimiyyəti tərəfindən əhalinin müraciətlərinin operativ həlli üçün yaradılmış “Sakinlərin Müraciət Xidməti” və digər yeniliklərlə tanış olublar. Binəqədi RİH-in bir sıra təşkilatlarla, o cümlədən QHT və gənclərlə birgə işgüzar layihələr və tədbirləri haqqında iştirakçılara məlumatlar verilib.
Məlumat turu çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları ilə görüşüb. Görüşdə gəncləri maraqlandıran məqamlar ətrafında söhbət aparılıb və onların sualları cavablandırılıb. İcra başçısı bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti günümüzdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, dövlət başçısının yaratdığı geniş imkanlar sayəsində ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Qeyd olunub ki, gənc nəslin fiziki və mənəvi sağlamlığını daim diqqətdə saxlayan Prezident İlham Əliyev idmanın inkişafına da hərtərəfli dəstək verir. X.İsgəndərov “Bakı 2015” Birinci Avropa oyunlarının doğma Vətənimizdə keçirilməsini dövlət başçısının bu sahədə yürütdüyü praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi qələmə verib və əlavə edib ki, bu, Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdəndir.
Görüşdə çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə gənclər təşkilatları və dövlət qurumları arasında əməkdaşlığın vacibliyini qeyd edib, bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümunəvi dövlət qurumlarından biri olduğunu vurğulayıb. O, bildirib ki, Azərbaycanın ictimai siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını, minlərlə gənci birləşdirən Gənclər Təşkilatları Milli Şurası daima Azərbaycan dövlətinin prioritetlərini dəstəkləyib və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinə, Binəqədi rayonunun gəncləri və gənclər təşkilatlarının inkişafında verdiyi tövhələrə görə fəxri fərman təqdim olunub.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Görüşdən sonra qonaqlar çay süfrəsi ətrafında səmimi söhbətlər və fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər