Azərbaycan-Fransa regionlararası əməkdaşlığı genişlənir
İqtisadiyyat
naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın desentralizasiya və
regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və
Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə
xüsusi nümayəndəsi Bertran Foru qəbul
edib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan
və Fransa arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini
vurğulayıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsində
regionlararası əməkdaşlığın xüsusi rolunu qeyd edib. Hazırda Azərbaycanın 13 şəhəri ilə Fransanın 11 şəhəri və 1 vilayəti fəal əməkdaşlıq edir. Bu baxımdan, Gəncədə keçirilən beynəlxalq
üzüm və şərab festivalları, ötən il Parisdə təşkil olunmuş qida və kənd təsərrüfatı
məhsullarının sərgisi, biznes forumlar önəmlidir. Qeyd edilib ki,
regionlararası əməkdaşlığın genişləndirilməsi həmçinin, mədəniyyətlərin
təbliğinə, xalqların bir-birini tanımasına böyük töhfə verə bilər. Görüşdə
regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə Azərbaycanla Fransa arasında Regionlararası İdarəetmə Komitəsinin
yaradılması məsələsi müzakirə edilib.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini diqqətə
çatdıran nazir Şahin Mustafayev regionlararası əməkdaşlığın Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli
Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin
yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycana
ilk dəfə səfər etdiyini, ölkəmizdəki yüksək
inkişafın onda böyük təssürat yaratdığını qeyd edib, ikitərəfli əlaqələrin, o
cümlədən regionlararası əməkdaşlığın genişlənməsi üçün ölkələrimizin potensialını
vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini
bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.