“Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu”

Gənc şərqşünas, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın
bu günlərdə çapdan çıxmış "Azərbaycan ədəbiyyatında "Şeyx Sənan” mövzusu” adlı
nəfis kitabında Şərq aləmində geniş yayılmış "Şeyx Sənan” qissəsinin yaranma
tarixi, o cümlədən yazılı ədəbiyyatın bu mövzuda ilk əsəri olan Fəridəddin
Əttarın "Şeyx Sənan” hekayəti araşdırılır, klassik və müasir Azərbaycan poeziyasında
həmin məşhur əhvalata müraciət geniş tədqiq olunur. Bundan əlavə, monoqrafiyada
Azərbaycan ədəbiyyatında "Şeyx Sənan” qissəsinin təsiri ilə yaranmış müstəqil
əsərlər ilk dəfə olaraq müqayisəli şəkildə təhlil edilir.
Şəhla Abdullayevanın Yaxın və Orta Şərq xalqları ədəbiyyatının ortaq
mövzusu olan Şeyx Sənan əhvalatı ilə bağlı qələmə aldığı bu monoqrafiya həmin
rəvayətin məhz Azərbacan poeziyasındakı izlərinin araşdırılmasına həsr olunub.
Müsəlman Şərq xalqları ədəbiyyatında sevilən və çox müraciət edilən mövzu olan
"Şeyx Sənan” dəfələrlə müxtəlif səpkilərdə işlənib, hətta teatr, opera və balet
səhnəsinə də çıxarılıb. Azərbaycan ədəbiyyatında bu məşhur qissənin təsiri ilə
yaranmış əsərlərə vaxtaşırı müəyyən dərəcədə müraciət olunsa da, "Şeyx Sənan” mövzusunun
Azərbaycan ədəbiyyatında işlənmə səviyyəsi bu cür sistemli şəkildə heç zaman
araşdırılmayıb. Monoqrafiyanın xüsusi bir fəsli Azərbaycan ədəbiyyatında bu
mövzuda yazılmış əsərlərin təhlilinə həsr olunub. Burada tədqiqatçı əvvəlcə
XVII-XVIII əsrlərə aid əsərlərin nüsxələrini təsvir edir, daha sonra isə onları
Fəridəddin Əttarın əsəri ilə müqayisə edir. Həmin hekayələri qarşılıqlı şəkildə
təhlil etməsi Şəhla Abdullayevanın həm də qədim əlyazma əsərləri üzrə geniş,
əhatəli bilik səviyyəsinə malik olduğunu göstərən amildir. Monoqrafiyada
Azərbaycan ədəbiyyatında orta əsrlərdən bu günədək yazılmış müstəqil "Şeyx
Sənan” əsərləri ilkin nümunə ilə müqayisəli şəkildə araşdırılıb, onların oxşar
və fərqli cəhətləri üzə çıxarılıb. Bu baxımdan əsərin ən maraqlı hissəsi
görkəmli dramaturq-filosof Hüseyn Cavidin məşhur "Şeyx Sənan” faciəsinin
Əttarın sözügedən hekayəti ilə müqayisə olunduğu yerdir. Tədqiqatçı bu məsələ
ilə bağlı bir sıra incə məqamları açıqlayır, süjet xəttinin eyni olmasını
vurğulamaqla yanaşı, Cavidin Əttarla müqayisədə daha çox folklor nümunəsinə
istinad etməsi qənaətinə gəlir. Şəhla Abdullayeva doğru olaraq qeyd edir ki,
Hüseyn Cavidin mənzum dramı sözügedən mövzuda yazılan əsərlər arasında öz
ideya-məzmun qayəsi və poetik üslubuna görə daha üstündür.
Tədqiqatçı "Şeyx Sənan” mövzusunun şifahi xalq ədəbiyyatı
nümunələrindən, o cümlədən yazılı ədəbiyyatda bu əhvalatı ilk dəfə qələmə alan
Fəridəddin Əttarın əsərindən bəhrələnərək Azərbaycan ədəbiyyatında bu mövzuya
həsr olunmuş bütün yazıları dərindən təhlil edir və nəticə çıxarmaqla yanaşı,
öz fikirlərini məntiqəuyğun şəkildə əsaslandırır. Bu işdə artıq bir tədqiqatçı
alim kimi formalaşmış şərqşünas-alimin klassik İran ədəbiyyatına yaxından bələd
olması, fars dilini incəliyinə qədər bilməsi ona digərlərilə müqayisədə
üstünlük verən amil sayıla bilər. Şəhla xanım "Şeyx Sənan” mövzusunu
araşdırarkən hekayətdə aşılanan əsas məqsədi, müəllif istəyini dəqiqliklə,
doğru-dürüst şərh edir, onun elmi əhəmiyyətini dəqiq, daha ətraflı şəkildə izah
edir, oxucunu ona inanmağa sövq edir. Bütövlükdə tədqiqatçı monoqrafiyanın
predmeti olan "Şeyx Sənan” hekayəsinin əsas ideyasını həm dini, həm də elmi
baxımdan izah etməyə nail olub ki, bu da öz növbəsində müəllifin ədəbi
dünyagörüşüylə yanaşı, həm də İslam dini və mədəniyyəti ilə bağlı biliklərə
sahib olmasından xəbər verir.
Monoqrafiyada həm orta əsr qaynaqları və əlyazmalarından, həm də
müasir tədqiqatlardan, o cümlədən əcnəbi alimlərin araşdırmalarından yetərincə
istifadə olunub. Əsərin dilinin səlis və dəqiq olması isə onu daha da maraqlı,
oxunaqlı edib. Fikrimcə, gənc şərqşünas, filologiya üzrə fəlsəfə doktoru Şəhla
Abdullayevanın "Azərbaycan ədəbiyyatında "Şeyx Sənan” mövzusu” adlı kitabı
Azərbaycan ədəbiyyatının ilkin qaynaqlarının, o cümlədən ədəbi əlaqələr
tarixinin tədqiqi baxımından olduqca dəyərli əsərdir. Onu da qeyd etmək
istəyirəm ki, bu kitab təkcə elmi məzmun kəsb etmir, eyni zamanda bütün
oxucular üçün maraqlıdır.
Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor
