Azərbaycan-Avstriya biznes forumu keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Avstriya Federal İqtisadiyyat Palatasının və
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan
və Avstriya tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, İKT, konsaltinq,
tikinti, maşınqayırma, metallurgiya, yanğınsöndürmə avadanlıqları, logistika,
mebel istehsalı, tullantıların təkrar emalı, mühafizə sistemləri, nəqliyyat,
tikinti, təhsil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın
sahibkar iştirak edib.
AZPROMO-nun rəhbəri
Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla
çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində
reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun
inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in
Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin
davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Avstriya
iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib.
Avstriya Federal
İqtisadiyyat Palatasının idarə rəisi Konstantin Bekos Azərbaycan-Avstriyaişgüzar
dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini diqqətə
çatdırıb, təmsil etdiyi qurumun AZPROMO ilə fəal əməkdaşlıq etdiyini, mövcud
imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd
edib.
Sonra Azərbaycanın
biznes və investisiya mühiti və Avstriya iqtisadiyyatı haqqında təqdimatlar
keçirilib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.