• cümə axşamı, 28 mart, 18:21
  • Baku Bakı 13°C

Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır

29.05.19 19:31 3754
Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır
ABŞ Cənubi Qafqaz regionunda Azərbaycanı hər zaman özünün yaxın tərəfdaşı olduğunu dilə gətirir. Bu, birmənalı şəkildə rəsmi Vaşinqton tərəfindən dilə gətirilir və Azərbaycanın həyata keçirdiyi regional layihələrə münasibətdə özünü büruzə verir. ABŞ prezidenti Donlald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ünvanladığı təbrik məktubunda da bu və digər məqamlar öz əksini tapıb. Belə ki, ABŞ prezidenti qeyd edir ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb: "Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.
Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır”.
D.Tramp məktubunda vurğulayıb ki, ABŞ xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində Azərbaycanın səylərini dəstəkləyir: "Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.
Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.
ABŞ prezidenti bu məktubunda Azərbaycanın bütün sahələrdə böyük potensiala malik olduğunu dilə gətirib. Qeyd edilənlər Azərbaycanın ABŞ və dünyanın digər dövlətləri üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə Respublika Günü və sayca 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərdiyi təbrik məktubları iki ölkə münasibətlərinin həm siyasi, iqtisadi, həm də təhlükəsizlik sahəsində yüksək səviyyədə olmasını təsdiqləyir: "Xüsusilə, Respublika Günü ilə bağlı ünvanlanan təbrik məktubunda dünyanın fövqəldövlətinin rəhbəri Azərbaycanla münasibətlərin ortaq maraqlar əsasında formalaşmasından bəhs edir və güclü tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayır. Ortaq maraqlar ilk növbədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasında, enerji təhlükəsizliyi məsələlərində maraqların üst-üstə düşməsində, beynəlxalq sülhün və təhlükəsizliyin təminatında özünü göstərir. Bundan başqa, regional və qlobal iqtisadi inteqrasiyaya hər iki dövlətin ortaq maraq prizmasından yanaşmasında öz təsdiqini tapır. Eyni zamanda, Trampın məktubunda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrə çox yüksək və müsbət bir addım kimi yanaşılır. Onu qeyd edim ki, dünyanın fövqəldövlətinin rəhbəri Azərbaycan prezidentinin liderlik rolunu yüksək səviyyədə qiymətləndirir. Bunlar çox önəmli məsələlərdir. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi islahatlar, ABŞ-la əməkdaşlığın genişləndirilməsinə xidmət edən addımlar dəstəklənir. Hesab edirəm ki, bu da rəsmi Vaşinqtonun Azərbaycana olan müsbət münasibətinin bir ifadəsi kimi dəyərləndirilə bilər”.
E.Nəsirov əlavə etdi ki, Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərdiyi məktubunda seçdiyi ifadələr Azərbaycana verilən çox yüksək dəyərin ifadəsidir: "Burada ABŞ prezidenti qeyd edir ki, Azərbaycan özünün tarixində indiki qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb. Bu fikirlər Prezident İlham Əliyevin "Azərbaycan öz tarixində heç vaxt indiki qədər güclü olmamışdır” fikri ilə üst-üstdə düşür. Firavanlıq isə ilk növbədə ölkənin iqtisadi baxımından güclənməsinin, ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəlməsinin ifadəsidir. Bu fikri eyni zamanda, ABŞ prezidentinin Azərbaycanın iqtisadi gücünə və potensialına, eləcə də həyata keçirdiyi sosial islahatlara verdiyi qiymətin bir təcəssümü hesab etmək olar. Bundan başqa, Trampın məktubunda Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində atdığı addımlar və xüsusilə dünyanın enerji təhlükəsizliyindəki roluna diqqət yetirib. Azərbaycana xarici investisiyaların cəlb edilməsi istiqamətində də həyata keçirilən işlər ABŞ prezidenti tərəfindən yüksək dəyərləndirilir. Bütövlükdə Donald Trampın hər iki məktubu Azərbaycan-ABŞ münasibətlərinin bütün istiqamətlər üzrə davamlı inkişafa malik olduğunu göstərir”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı göndərilən məktub ABŞ prezidentinin bir neçə gün ərzində azərbaycanlı həmkarına göndərdiyi artıq ikinci məktubudur: "Bildiyiniz kimi, bundan əvvəl Respublika Günü münasibətilə də Donald Tramp Azərbaycanın dövlət başçısına təbrik ünvanlamışdı. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü ilə bağlı ABŞ prezidentinin göndərdiyi ikinci məktubunda da diqqəti cəlb edən bir sıra məqamlar var. Bunların içərisində əsas olaraq Trampın Azərbaycanın potensialını obyektiv qiymətləndirməsidir. Təbii ki, ölkəmizin sosial, iqtisadi imkanları ilə yanaşı, siyasi potensialı da Qərbdə yüksək dəyərləndirilir. Bu baxımdan Tramp məktubunda Azərbaycan prezidentinə ölkəmizin regionda lider rolu haqqında təsəvvürlərə malik olduğunu çatdırır. Əlbəttə ki, bunun obyektiv əsasları var. Nəzərə almaq lazımdır ki, Azərbaycan münaqişələrlə zəngin olan regionda və ümumiyyətlə dünyada siyasi kataklizmlərin hökm sürdüyü bir vaxtda özünün yüksək təhlükəsizlik mühitini və sabitliyini saxlamaqda, inkişaf etməkdədir”.
E.Mirbəşiroğlu vurğuladı ki, Azərbaycanın dünya dövlətləri ilə uğurlu qarşılıqlı maraqlara söykənən əməkdaşlıq sistemi qurması da beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir: "Eyni zamanda ABŞ da Azərbaycanın bu cür keyfiyyətlərini dəyərləndirir və ölkəmizi özünün yaxın tərəfdaşı hesab edir. Bu baxımdan hesab edirəm ki, regionda həyata keçirilən enerji, nəqliyyat-logistika layihələrinə ABŞ-ın çox ciddi maraqları var və Vaşinqton da aydın görür ki, bu layihələr birbaşa Azərbaycanın təşəbbüsü və yaxın iştirakı ilə həyata keçirilməkdədir. Məhz ona görə də ABŞ Azərbaycanla əməkdaşlığını daha da inkişaf etdirməkdə maraqlı olduğunu həmişə nümayiş etdirir. Donald Trampın Azərbaycan prezidentinə məktubunda bu məqamlar hesab edirəm ki, aydın şəkildə öz ifadəsini tapıb. Eyni zamanda, düşünmək üçün əsas vardır ki, ABŞ-la Azərbaycan arasında münasibətlər rəsmi Vaşinqton üçün kifayət qədər əhəmiyyətlidir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər