Oktyabrın 18-də xalq artisti Emin Ağalarov Azərbaycana
həsr olunmuş "Azərbaycan 101”
adlı musiqi layihəsini təqdim etdi.
Emin sözügedən layihənin klipini şəxsi "İnstagram” səhifəsindən
paylaşaraq, hisslərini belə ifadə edib: "Azərbaycan! Mən səni sevirəm! Harada
olursunuzsa-olun, hər zaman doğma yurdumuz, divarlarımız, yaxın insanlarımız,
uşaqlıq dostları, doğma torpaqlarımız haqqında düşünürük və xatırlayırıq.
Azərbaycan, hamımızı birləşdirdiyinə görə sənə təşəkkür edirəm”.
Emin Ağalarov həmvətənlərini Azərbaycanın
Müstəqillik Günü münasibətilə təbrik edərək hər kəsə uğurlar arzulayıb. Bu il
Azərbaycanın dövlət müstəqilliyinin101 ili tamam olduğundan, layihə
"Azərbaycan 101”
adlanırdı.
Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılan,
bənzərsiz və geniş miqyaslı musiqi layihəsində Emin Ağalarovdan savayı,
Azərbaycanın parlaq ulduzları - Xalq artisti Aygün Kazımova, Zülfiyyə Xanbabayeva,
Faiq Ağayev, Elçin Əzizov, Əməkdar artistlər Manana Caparidze, Abbas Bağırov,
Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Miri Yusif, Samir Bağırov,
gənc ifaçılar Səmra Rəhimli, Azad Şabanov, "Rast” qrupu, Xəyyam Nissanov, Elnur
Hüseynov, Aysel Mamedova, Ceyhun Zeynallı (CİN), İlqar Xəyal, Sabir, Yusif
Eyvazov, Samir Cəfərov, Bahh Tee, Elman, Jony, Ellai iştirak ediblər. Klipdə "Natiq”
ritm qrupunu da görmək mümkündür.
Xalq artisti Emin Ağalarov sözləri Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva, musiqisi isə Ruslan Ağababayev
tərəfindən yazılmış mahnının müəlliflərinə xüsusi təşəkkürünü bildirib. Əsər
rejissor Emin Muradov tərəfindən ekranlaşdırılıb. Klipin əksər hissəsi
MüslimMaqomayev adına Dövlət Akademik Filarmoniyasının geniş və işıqlı
səhnəsində lentə alınıb. Sözügedən klip Eminin şəxsi "Youtube” kanalında
yayımlanıb.
Layihədə iştirak
edən Xalq artist Tünzalə Ağayeva "Azərbaycan 101” mahnısından xəbərdar
olduqda, qürurlandığını söylədi: "İştirakçısı olduğumu layihə ölkəmizi təbliğ
edir. Burada gözəl insanlar cəmlənib. Belə ki, bəstəkar Ruslan Ağababayevin işi
məni həm sevindirdi, həm də diqqətimi çəkdi. O, Azərbaycan caz musiqisini, piano
məktəbini dünyaya tanıdan bir bəstəkardır. Bu mahnıya o qədər gözəl bir
melodiya yazıb ki, asanlıqla insanların qəlbinə yol tapdı. Mahnının sözləri
Leyla xanım Əliyevaya məxsusdur. Onun vətəninə ithaf etdiyi şeirdə hissləri
gözəl şəkildə özünü büruzə verir. Yəni bütün bu gözəl hisslər bir layihədə
bir-birini tamamladı və nəticədə belə bir layihə ərsəyə gəldi. Sənətdə sözünü
demiş, peşəkar sənətkarların sözügedən layihəyə dəvət olunması birlik rəmzi daşıdı.
Bu layihə Azərbaycan sənətkarlarının Cümhuriyyətimizin 101 yaşına olan təbriki
idi. Əminəm ki, Azərbaycan haqqında oxunan mahnı bu mahnının coğrafiyasını
böyüdür”.
Mahnının rus dilində səsləndirilməsinə gəlincə isə,
T.Ağayeva qeyd etdi ki, biz belə mahnılarla özümüzü dünyaya təqdim edirik: "Bu
təcrübə hər yerdə var. Yəni ölkə haqqında xarici dildə tək biz mahnı
səsləndirmirik. Xarici dildə mahnı səsləndirmək o kütlənin dinləyicisinə xitab
etməkdir. Bəlkə də bu mahnı digər ölkələrdə sənət adamlarının bir araya gəlməsi
üçün motivasiya rolunu oynayacaq, onlara bir çağırış edəcək. "Azərbaycan 101” həm vətəni, həm də
dünyanı birləşməyə çağıran bir mahnıdır. Hesab edirəm ki, hər bir musiqili
layihə özündə işıq daşımalıdır. Mənə görə bu da o işıqlardan biridir. Heç vaxt
Azərbaycanda olmayan, Bakıya gəlməyənlər də bizim səsimizdən duyğulanıb, Azərbaycan
haqqında maraqlanacaq. Nəticə etibarı ilə biz bir sevgi, turist qazanacağıq.
Düzdür, klipdə Bakı və Azərbaycanın gözəl mənzərələri əks olunmur, burada hər
şeyi sözlər və musiqi, sənət adamlarının ifası deyir. Klipin əvvəlində bizim
bir neçə görkəmli musiqiçilərimiz, bəstəkarlarımız görünür, bunun özü böyük bir
dəyərdir. Mən bunun üçün Emin Ağalarova və bütün komandaya təşəkkür edirəm. Klip
çəkilişlərimiz də maraqlı keçdi. Çəkiliş meydançasına beynəlxalq bir komanda
yığılmışdı. Əsas çəkilişlər Azərbaycan Dövlət Filarmoniyasında keçirildi. Orada
nəinki Azərbaycanda yaşayan, eyni zamanda vətəndən kənarda yaşayan
sənətkarlarımız da cəm olunmuşdular. İstər rep, klassik, istərsə də opera
ifaçılarımız eyni amal uğrunda bir araya toplaşdılar. Xaricdə fəaliyyət
göstərən Elçin Əzizov, Samir Cəfərov, Yusif Eyvazov, çox görkəmli səslər orada
yer aldı”.
Əməkdar artist çəkilişdən sonra həmkarları ilə bir yerə
toplaşaraq layihənin ölkəmiz üçün əhəmiyyətindən bəhs etdiklərini söylədi.
Bildirdi ki, belə layihələr sənətkarların birliyini xarakterizə edir: "Layihədə
iştirak edən sənətkarlar mahnını içdən gələn duyğuları ilə səsləndirdilər.
Hesab edirəm ki, vətən mövzusu hər bir mənada bizi birləşdirməlidir, elə
birləşdirir də. Ürəklə, daxildən gələn emosiya ilə görülən iş gözəl nəticə
göstərir. Əgər bir işi ürəklə görürsənsə və ona bütün sevgini bəxş edirsənsə,
onun uğursuz olması qeyri-mümkündür. Bunu təcrübəmə əsasən deyirəm. Onun şansı
yoxdur ki, uğursuz olsun. Bu gün internet dünyasında yaşayırıq. "Youtube”da yerləşdirilən
videoya daha çox baxılması, izləmə sayının artması kimi mövzular bir az da
şansa bağlıdır. Yəni hər an sürprizlərlə qarşılaşa bilirsən. Bu mahnının işıq
sürəti ilə yayılması çox gözəl bir haldır. Bəlkə də onu tək adam oxusaydı, bu
qədər rezonans doğurmazdı. Burada həm gözəl sözlər, həm də gözəl melodiya ilə
yanaşı, peşəkar sənətkarların bir araya gəlməsi rəngarənglik yaratdı. Emin özü
də bizə dəfələrlə təşəkkür edərək bildirdi ki, siz bizim çağırışımıza səs
verdiniz. Biz də birmənalı olaraq dedik ki, bu belə də olmalıdır. Əgər niyyət
gözəldirsə, layihə gözəldirsə, təbii ki, hər sənətkar özünü orada görmək istəyəcək”.
Layihədə iştirak edən Əməkdar artist Ədalət Şükürov bizimlə söhbətində qeyd etdi ki, bu
layihə ölkəmizi tanıtmaq və təbliğ etmək üçün ən gözəl vasitələrdən biridir:
"Emin Ağalarov tərəfindən belə bir təklif aldıqda, məmnuniyyətlə qəbul etdim.
Dünən gördüm ki, hər kəs bu videonu bir-birinə göndərir, paylaşır. Açığı, bu
məni çox sevindirdi. Əsas odur ki, insanların könüllərinə yol tapdıq. Bu günə
qədər Azərbaycan haqqında kifayət qədər mahnılar səsləndirilib. Onların hər
birində Azərbaycanın gözəlliyi tərənnüm olunur, ölkəmizin şəninə gözəl sözlər
səsləndirilir. Bu mahnıda isə birlik, dostluq, Azərbaycan musiqisinin gözəlliyi
öz əksini tapıb. Hesab edirəm ki, bir ölkəni dünyada üç sahə - incəsənət,
siyasət, idman məşhur edir. Musiqinin isə sərhədi olmur. Təbliğat üçün musiqi
ideal vasitədir. Biz də bu vasitədən istifadə etdik. Azərbaycanın peşəkarlarından
yığılan komandanın ifasında möhtəşəm bir layihə meydana gəldi. Biz "Azərbaycan 101” mahnısını rus dilində ifa
etdik. Təbii ki, bunun da öz missiyası var. Uzun müddət SSRİ-nin tərkibində
olmuşuq, təbii ki, orada hər kəs rus dilində danışır. Bu mahnı ilə rusdilli
ölkələrə bir tanıtım etdik”.
Ə.Şükürov əlavə etdi ki, bu mahnı ölkəmizin gözəlliyindən
bəhs edən vətənpərvər ruhda olan bir mahnıdır: "Emindən belə təklif aldıqdan
sonra ilk olaraq studiyada səslərimizi yazdırdıq. Mahnını başdan-ayağa ifa etdik. Daha sonra
layihənin peşəkar yaradıcı heyəti mahnını montaj etdi, müəyyən yerlərini kəsdilər.
Klip çəkilişlərinə Filarmoniyada başladıq. Günorta saat 4-dən səhərə qədər
çəkiliş prosesi getdi. Belə bir layihədə iştirak etdiyim üçün çox məmnunam. İstedadlı
və peşəkar komandadan ibarət kollektivlə çalışmaq insana gözəl hisslər bəxş
edir”.
Xalq artisti, "Natiq”ritm qrupunun rəhbəriNatiq Şirinov
sənətkarlarımızı bir araya toplayan bütün layihələrin alqışlanan olduğunu
vurğuladı: "Hələ üstəlik, bu layihə ölkənin tərənnümündən bəhs edirsə, ikiqat
uğurlu layihədir. Burada iştirak edən hər kəsə təşəkkür düşür”.