AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azadlıq və sənət məbədi

Azadlıq və sənət məbədi

Mədəniyyət
19 Noyabr 2013, 09:53 1402
Qoca Şərqin müdrikliyini, əsrarəngizliyini özündə əsrlər boyu yaşadan Azərbaycan həm də müasir Qərbin dünyəvi dəyərlərinə malik böyük mədəniyyətə sahib bir məmləkətdir. Bu səbəbdən də Azərbaycanda qurulmuş böyük məmləkətlərin sahibi olan cahanşümul sərkərdələr, hökmdarlar buranın sənətinə, sənətkarlığına həmişə böyük qiymət veriblər. Bəli, Azərbaycanı sevmək, Azərbaycanı duymaq yalnız və yalnız bu məmləkətin sənətkarlarını, sənətini sevmək və duymaqla mümkündür. Əslində tarixin ən qaranlıq səhifələrinə baş vurmağa ehtiyac yoxdur. Azərbaycan sənəti və sənətkarlığına qiymətin nə demək olduğunu çox da uzaq olmayan tarixdən bir insan bizə çox gözəl anlatmışdır.

Tarix 1993-cü il. Məkan Azərbaycanın paytaxtı Bakı şəhəri. Dəhşətli xaos, cəmiyyətin bütün sahələrində hökm sürən nizamsızlıq, iqtisadiyyatda, sosial həyatda, mədəniyyətdə müşahidə olunan ətalət, ölgünlük bu böyük şəxsiyyətin qayıdışı ilə aradan götürüləcəkdi. Bu insan nəinki Azərbaycan siyasətinin, iqtisadiyyatının, həm də mədəniyyətinin xilaskarı BÖYÜK HEYDƏR ƏLİYEV idi. Bu yazdıqlarımız sadə, pafosla qələmə alınmış fikirlər deyil. Doğrudur, Heydər Əliyevi bəxş edən məhz Azərbaycan xalqı idi. Ancaq Heydər Əliyev illər əvvəl qayğısına qaldığı, bugünkü inkişafı üçün təməllər atdığı Azərbaycan mədəniyyətinə, incəsənətinə arxalanaraq yenidən canından artıq sevdiyi vətəninin ağır günündə çiyinlərini ağır bir yükün altına verdi.

Mən dəfələrlə həm qəzet səhifələrində, həm də televiziya ekranlarında böyük Heydər Əliyevin Azərbaycanın mədəniyyət, incəsənət insanlarına münasibətinin şahidi olmuşam. Bu böyük şəxsiyyət özünün zəngin həyat təcrübəsi, həm də tarixdə çox nadir insanlarda rast gəlinən fenomenal hissiyyatı ilə Azərbaycanın yetişdirdiyi böyük incəsənət xadimlərini yalnız tarixi zərurətdən deyil, həm də müqəddəs bir sənət məbədinin yetirmələri olduğunu çox gözəl duyurdu. Qarşımda böyük Heydər Əliyevin Azərbaycanın mədəniyyət və sənət məbədi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti haqqında söylədiyi çıxışları, fikirləri ehtiva edən çap nəşrləri durur. Səhifələri bir-birinin ardınca oxuduqca tarix məni çox uzaqlara 1923-cü ilə aparır. Azərbaycanda sovet hakimiyyəti qurulub. Birinci cümhuriyyətin, demokratik ənənələrini yerlə yeksan edən, bolşeviklər bu qədim məmləkətin mədəni tarixi ənənəsi qarşısında aciz qalırlar.
1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə Bakı Teatr Məktəbi yaradıldı. Azərbaycan xalqı işğala məruz qalsa da, özünün müstəqillik arzularını məhz sənətində, teatrında yaşatmaq yoluna qədəm qoydu. Bu tək sənət məbədi yox, həm də azadlıq məbədi idi. Burada körpə ikən beşikdə boğulmuş cümhuriyyət eşqini öz sənətlərində yaşadan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Rza Sarabski kimi nəhəng sənətkarların xatirələrini yad etməmək mümkün deyil. Burada incə bir məqamı mütləq qeyd etməliyəm. Belə ki, teatr sovetlər məkanında öncə digər respublikalar üçün yox, məhz qardaş respublikalar - Özbəkistan, Türkmənistan, Dağıstan və s. üçün kadrlar hazırlamağa üstünlük vermişdi. Bu baxımdan Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti yalnız Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün müqəddəs sənət məbədi rolunu oynayır.

1945-ci ildə isə bu sənət ocağının bazasında Teatr İnstitutu yaradılır. Burada Azərbaycan sənət aləmində özünəməxsus yerləri olan Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, aktyorlardan Hacağa Abbasov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Qənizadə, nəzəriyyəçi alimlərdən Mikayıl Rəfili, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev və başqaları öz bilik və bacarıqlarını gənc sənətkarların yetişdirilməsinə sərf edirlər. Onların rəhbərliyi altında bir çox sənət korifeyləri yetişdirilərək sənət aləminin zirvəsinə yüksəldilmişdir. Həmin yetişdirmələr öz uğurları ilə sənət aləminin zirvəsini fəth edərək orada istər ustadlarının, istərsə də təhsil aldıqları sənət ocağının adını zirvədəki qayalara həkk etmişlər.

İldən-ilə inkişaf edərək öz fəaliyyət dairəsini daim genişləndirən Teatr İnstitutu 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universiteti adını alır və elə həmin il də Qubada filialı açılır. Filial respublikanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçiləri hazırlayaraq xalqın xidmətinə verir. Cəmi iki ildən sonra, yəni mədəniyyətin hamisi olan Heydər Əliyevin qayıdışı ilində - 1993-cü ildə isə universitetin uğurları nəzərə alınaraq fəaliyyət dairəsi bir az da genişləndirilərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) çevrilir.

1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Bir neçə ildir ki, universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilib. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılmışdır. Bu gün ADMİU-da 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlanır. Təhsil sahəsində dövlət siyasəti prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi, bu sahədə milli ideologiyanın tətbiqi, Boloniya təhsil sisteminə keçid - bütün bunlar ali təhsilin inkişafı üçün geniş imkanlar açmışdır. Artıq ADMİU-nun diplomları beynəlxalq aləmdə tanınır ki, bu da son dövrlərdə universitetin qazandığı uğurların ən əsas göstəricilərindən biridir.

Universitetin fəaliyyətilə yaxından tanış olduqda onu da öyrəndik ki, dünyanın bir çox ölkələrinin ali təhsil, elm və mədəniyyət məbədlərilə mütəmadi əlaqələr saxlanılır. Universitet 22 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 24-i ilə ADMİU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ölkədə mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadr hazırlığında və milli mədəniyyətin inkişafında mühüm xidmətlərini nəzərə alaraq, 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Bizim azadlıq və sənət məbədimiz bu gün - yaradılmasının 90-cı ilində daha yeni uğurlara imza atmaq üçün Azərbaycanın böyük ziyalısı rektor Timuçin Əfəndiyevin və onun rəhbərlik elədiyi kollektivin zəhmətiylə hər yeni sabaha doğru addımlayır.

Açığı, ADMİU-nin fəaliyyətinə və uğurlarına nəzər yetirəndə görürsən ki, bütün bunları kiçik bir yazıda əhatə eləmək sadəcə, mümkün deyil. Bunun üçün universitetin bəzi tarixi anlarına toxunub bir sıra məqamları yazıya köçürərək universitetin 90 illik yubileyinə öz vətəndaş töhfəmizi verməyə çalışdıq. 90 İLLİK YUBİLEYİN MÜBARƏK, AZADLIQ VƏ SƏNƏT MƏBƏDİ!

Rəşad Sahil