Azadlığı və azad sözü sevən Mehdi Hüseyn
Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında, yeni mövzularla zənginləşməsində,
eləcə də ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth
etməsində Xalq yazıçısı Mehdi Hüseynin özünəməxsus yeri vardır.56 illik
ömrünün 40 ilini ədəbiyyata həsr etmiş Mehdi Hüseyn orijinal yaradıcılıq
xüsusiyyətlərinə malik istedadlı yazıçı, dramaturq və prinsipial, obyektiv tənqidçi
idi. Müxtəlif janrlarda yazıb yaratmış bu unudulmaz sənətkar nəsr və dram əsərlərində
yaşadığı dövrün xarakterik cəhətlərini qabartmağa çalışmış, quruluşun tələbi
baxımından yeni obrazlar yaratmış, tarixi mövzulara müraciət etmiş, ədəbi-tənqidi
məqalələrində isə ədəbiyyatın mühüm problemləri öz əksini tapmışdır. Mehdi
Hüseyn nədən yazırdısa, çalışırdı ki, qələmə aldığı mövzu və problemlər xəlqilik
mövqeyindən işıqlandırılsın, o cümlədən oxucunun vətənpərvərlik duyğularına,
yaratmaq eşqinə təsir etsin. Əlbəttə, Mehdi Hüseyn də, müasirləri kimi,
dövrünün övladı idi, sovet rejiminin tələb etdiyi, daha cidd-cəhdlə qoruduğu çərçivələrdən
o qədər də kənara çıxa bilməzdi. Bununla belə, Mehdi Hüseyn də müəyyən həqiqətləri
söyləmək üçün tarixi mövzulara müraciət edərək ürəyindən keçənləri bu yolla
oxuculara çatdırmağa can atmışdır.
Yaradıcılığa
məqalə ilə başlayan Mehdi Hüseyn Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin
(1928-1930), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1934), Azərbaycan
Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1954-1958), birinci katibi
(1958-1965), Ümumittifaq Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965)
olmuşdur.
Mehdi
Hüseynin yaradıcılıq yolu hamar olmamışdır. Dövrün səhvləri, ədəbi irsə olan
yanlış münasibət ədibin də yaradıcılığına təsir etmişdir. O, APYC (Azərbaycan
Proletar Yazıçıları Cəmiyyəti) fəal rəhbərlərindən biri idi. Bu, onun da
yaradıcılığının başlanğıcında müəyyən səhvlərə yol verməsinə səbəb olmuşdu.
Amma o dövrün ədəbi mühitini təhlil etdikcə bir çox məqamlar aydınlaşır.
Klassiklərə ögey münasibət, onların inkar edilməsi haqsızlıq idi. Mehdi Hüseyn
kimi qələm sahibləri isə bu yanlışlığı sonadək apara bilməzdilər. Sonralar ədib
öz yazılarında bu məsələyə toxunmuşdur: "Biz sovet ədəbiyyatı uğrunda
mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdıq".
2009-cu
ildə ölkə Prezidenti İlham Əliyevın Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsi
bağlı imzaladığı sərəncamda deyilir: "Yeni dövr Azərbaycan ədəbiyyatının
inkişafında istedadlı nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus
yeri vardır. O, tarixi və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini
meydana gətirməklə yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq və
yaradıcılığın nəzəri məsələlərinə dair aktual mülahizələri ilə ədəbi prosesə
istiqamət vermişdir".
Azərbaycan
ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mehdi Hüseyn
yaradıcılığının ən kamil dövründə dünyasını dəyişib. Ona görə də ədibin
yaradıcılığının dərindən və hərtərəfli tədqiqi üçün işlər görülməlidir. Azərbaycan
ədəbiyyatı tarixində özünəməxsus yer tutan bu sənətkarın şəxsi arxivi, əlyazmaları
diqqətlə araşdırılmalı, öyrənilməli, onun yaradıcılığı barədə yenidən sanballı,
layiqli monoqrafiyalar yazılmalıdır. Doğrudur, Mehdi Hüseyn yaradıcılığı hələ
ötən əsrin ortalarından ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Azərbaycan ədəbiyyatının,
tənqidi fikrinin problemlərindən danışan, tədqiqatlar aparan müəlliflərin əksəriyyəti
Mehdi Hüseyn haqqında müəyyən məqalələr yazıblar. Düşünürük ki, yeni nəslə onun
həyat və yaradıcılığı daha ətraflı çatdırılmalıdır.
Mehdi Əli
oğlu Hüseynov 1909-cu il martın 22-də Qazax mahalının Şıxlı kəndində ziyalı ailəsində
anadan olmuşdur. Ədibin atası Qori Müəllimlər Seminariyasında təhsil almış görkəmli
pedaqoqlardan biri idi. Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Bakıda
realnı məktəblərdə dərs demişdir. Mehdi ilk təhsilini doğma kənddə almış, sonra
Qazax seminariyasında oxumuşdur. Ədəbi yaradıcılığa seminariyanın ikinci
kursunda oxuyarkən başlayan Mehdi Hüseynin ilk yazısı Tiflisdə çıxan "Yeni
fikir" qəzetində çap edilmişdir. Ailəliklə Bakıya köçdükdən sonra təhsilini
paytaxtda davam etdirən Mehdi Hüseyn burada Pedaqoji Texnikumu bitirmişdi. Onun
bu texnikumda ədəbiyyat müəllimi görkəmli Azərbaycan yazıçısı Abdulla Şaiq
olmuşdur. İlk hekayəsi "Qoyun qırxımı" 1927-ci ildə "Şərq
qadını" jurnalında dərc edilmişdi.
Bakı ədəbi
mühiti Mehdi Hüseynin yazıçı kimi formalaşmasında böyük rol oynamışdır. Bəllidir
ki, o illərdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani
Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq səmərəli fəaliyyət göstərərək öz əsərlərində
köhnəliyi, dini fanatizmi tənqid, qadın hüquqlarını müdafiə edirdilər. O dövrdə
ədəbiyyatda bir sürətli istiqamət var idi: köhnəliyi dağıtmaq, yenisini qurmaq.
Bu köhnəliyin daxilində hansı məsələlər gedirdi, - bu, başqa mövzunun söhbətidir.
Əsas məqsəd bu idi ki, ədəbiyyata yeni mövzular gəlirdi. Məram və məqsəd tərəqqiyə,
inkişafa çatmaq idi. Doğrudur, bəzən təcrübəsizlik, dövrün tələblərinə həddən
ziyadə aludəlik yeni yaranan nəsr nümunələrindən təsirsiz keçmirdi. Ona görə də
istər Mehdi Hüseynin, istərsə də o dövrdə fəaliyyət göstərən yazıçıların ədəbiyyata
gətirdiyi obrazlar zəmanənin, ictimai mühitin, bəzən də ədalətsizliyin məngənəsindən
çıxa bilmirdi.
Mehdi
Hüseyn 1926-cı ildə ADU-nun pedaqoji fakültəsinə daxil olaraq beş il sonra təhsilini
tamamlamışdır. 1938-ci ildə isə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu
yanında akademiya tipli kinossenarist kursunu bitirmişdir.
Bir tərəfdən
yeni eranın başlanması, mədəni inqilabın kəndlərə, ən ucqar yerlərə ayaq
açması, digər tərəfdən də bunun əksi olaraq repressiyaların şiddətli yürüşü əslində
yazıçıları da anlaşılmaz vəziyyətdə fəaliyyət göstərməyə sövq etmişdi. Dünyanın
rəngi elə qarışdırılmışdı ki, bu faciəni kənardan seyr etməklə nə baş verdiyini
anlamaq o qədər də asan deyildi. Həbs edilənlər, gedər-gəlməzə göndərilənlər,
mühakiməyə çağırılanlar, təzyiqə məruz qalanlar əsl həqiqəti bilirdilər. Çoxunun
bu həqiqətləri deməyə imkanı, bəzilərinin isə cürəti yox idi. Quruluş insanları
elə kökə salmışdı ki, onlar hətta evlərində - doğmalarının yanında da nəsə
danışmırdılar. İnsanlar boğulurdu.
Ötən əsrin
20-ci illər ədəbiyyatından bəhs edənlər yazırdılar ki, o dövrdə nəsr, şeir
dramaturgiyaya nisbətən zəif inkişaf etmişdi. Əlbəttə, bu fikirdə də müəyyən
ziddiyyət var. Sovet dövründə qələmə alınmış bu münasibət başqa cür ola bilməzdi.
Halbuki o illərdə Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun və
başqalarının pyeslərinin uğurlu tamaşaları olurdu. Məmməd Səid Ordubadinin,
Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə İbrahimovun, eləcə də Mehdi Hüseynin
hekayələri, povestləri, romanları çap olunurdu. Ədəbiyyat inkişaf edirdi.
"Bədii nəsrin ən gözəl nümunələrini Mehdi Hüseyn yaradırdı" (M.Arif).
Bu başqa söhbətdir ki, nəsr nümunələri sovet quruluşunun tərənnümünə necə xidmət
göstərirdi. Müdrik və uzaqgörən ədiblərimiz tez-tez tarixi mövzulara müraciət
edirdilər. Başqa çıxış yolu yox idi.
Mehdi
Hüseyn bütün yaradıcılığı boyu həyat həqiqətlərinə sadiq qalmağa çalışırdı. O,
sözün əsl mənasında yazıçı kimi fəaliyyət göstərmək istəyirdi. Amma onun hekayələri
nədənsə ədəbi tənqidi qane etmirdi. Hətta o dövrdə mətbuatda dərc edilmiş rəylərin
birində deyilirdi: "Mehdi Hüseyn hekayə ilə tənqidi bir-birinə
qarışdırır".
Uzun müddət
Mehdi Hüseyn mətbuata və nəşriyyatlara nəsr əsərləri təqdim etmədi. On-on beş
il "Daşqın" adlı romanın üzərində işlədi. Üç hissədən ibarət olan bu
roman haqqında xalq şairi Rəsul Rza kitabın nəşrinə yazdığı müqəddimədə
deyirdi: "İki dünyanın diz-dizə gəldiyi böyük günlərin yaralı səhifələri
bu gün belə kimsənin xatirindən çıxmamışdır. Bu günlərin dəhşətli gurultularına
qarışaraq sovrulan dumanların içində itən, sızılan qanlardan boğulan qəhrəmanlar
Azərbaycan əməkçilərinin xatirindən silinməyəcəkdir".
Mehdi
Hüseyn həyatın hər üzünü görən yazıçı idi. O, tez-tez rayonlara gedir,
insanlarla görüşür, bəzən də uzun müddət orta məktəblərdə müəllim işləyirdi.
Daim axtarışda olan Mehdi Hüseynin bir-birinin ardınca hekayələri çap edilirdi.
1940-cı ildə işıq üzü görən "Tərlan" romanı müəllifin bir nasir kimi
yeni üslubunu ortaya qoydu. Azərbaycan ədəbiyyatında Süleyman Rəhimovun
"Saçlı", Ə.Əbülhəsənin "Yoxuşlar" romanı hansı mövqedə
durursa, Mehdi Hüseynin "Tərlan" romanı da həmin sırada ləyaqətlə
dayanır.
1947-ci
ilin sonunda Mehdi Hüseynin "İnqilab və mədəniyyət" jurnalında çap
edilən "Abşeron" romanı ədəbi hadisəyə çevrildi. Bu romana görə, müəllif
1950-ci ildə Dövlət mükafatına layiq görüldü. Əsər rus, ingilis, fransız,
alman, polyak, ərəb, hind, çin, bolqar, macar, rumın və başqa dillərə tərcümə
edildi. Bu roman haqqında nəinki yerli və İttifaq, eləcə də xarici ölkələr mətbuatında
ətraflı yazılar dərc olundu.
Mehdi Hüseyn
mövqeli tənqidçi idi. Xüsusilə də Yazıçılar İttifaqına rəhbərlik etdiyi illərdə
gənclərə - istedadlı şair və yazıçılara qayğı ilə yanaşar, onların əsərləri barədə
mülahizələrini, tənqidi qeydlərini bildirərdi. Mehdi Hüseynin necə tənqidçi
olması barədə filologiya elmləri doktoru, professor, mərhum ədəbiyyatşünas alim
Qulu Xəlilov "Onun yeri görünür" adlı xatirəsində yazırdı:
"Mehdi Hüseyn sözün həqiqi mənasında cəngavər idi. Fikir cəngavəri, söz cəngavəri,
hünər cəngavəri idi. Heç bir yazıçı çıxan bütün əsərləri oxuyub onun qədər
fikir demək iqtidarına malik deyildi. Mehdi Hüseynin ölümü Azərbaycan ədəbiyyatı
üçün ağır itki oldu. O, sanki sənətin, ədəbiyyatın barometri, ölçüsü idi. Mehdi
Hüseyn prinsipiallığın, cəsarətin zirvəsində dayanırdı. Onun sağlığı bizdə
arxayınlıq və narahatlıq yaratmışdı. Arxayın idik, ona görə ki, harada ədəbiyyatın
mənafeyinə bir zərər toxunsa, Mehdi Hüseyn dərhal bir qartal kimi ora
şığıyırdı. Narahat idik ona görə ki, hamı fikir söyləyəndə ondan ehtiyat
edirdi. Mehdi Hüseynin obyektivliyindən, cəsarətindən, düzlüyündən çəkinirdi".
Bu sözlərdəki böyük həqiqət bu gün hamını düşündürməlidir. Mehdi Hüseynin vəfatından
52 il keçir. İndi ədəbi tənqidimizdə bir tost ənənəsi hökm sürür. Ədəbiyyatımıza
basqılar etmiş cızma-qaraçıların zəif əsərləri barədə baş alıb gedən susqunluq
həqiqətən dözülməzdir. Belə məqamda bizim də ürəyimizdən keçir ki, bu sualı verək:
niyə Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Qulu Xəlilov, Yaşar Qarayev kimi
tənqidçilərin yeri boş görünür? Ədəbiyyata dəxli olmayan kitablar -
makulaturalar haqqında ədəbi tənqid niyə münasibət bildirərək sərt sözünü
demir? Gənclərlə yaşlılar arasındakı əlaqələrin tarazlığı da xoşagələn deyil.
Yeni yazarlar ədəbiyyatı oxumadan, yazıçıların həyatına dərindən bələd olmadan,
dövrləri bilmədən bütünlükdə 70 illik ədəbiyyatın üstündən qara xətt çəkirlər.
Yaşlılar da cavanları bəyənmirlər. Halbuki Mehdi Hüseynin həyat və
yaradıcılığına bələd olduqda fikirləşirsən ki, ötən əsrin 20-30-cu illərində ədəbiyyata
gələnlərin hər birinin həyatı örnəkdir. Təkcə onları oxumaqla, bilməklə, öyrənməklə
çox dəyərli bilgilər əldə etmək olar. Ən azından xalqımızın keşməkeşli taleyindən
xəbər tutarıq. Bu yazıçı və şairlərin hər birinin həyat yolu millətimizin
taleyi ilə üst-üstə düşür. Hər birinin ömründə bir tarix var.
Unudulmaz
yazıçımız həm də görkəmli ictimai xadim kimi tanınırdı. Dəfələrlə deputat seçilmişdi.
1964-cü ildə xalq yazıçısı fəxri adına layiq görülmüşdü.
Repressiyaların
caynaqlarından xilas olaraq sədaqətlə ədəbiyyatımızın inkişafına xidmət edən
Mehdi Hüseynin 1964-cü ildə Yazıçılar İttifaqında öz kabinetində ürəyi
dayanmışdır. Bu, adicə əcəl olmamışdı. O günün şahidləri, hadisəni dərindən bilən
qələm dostları mənə danışmışdılar: "Mehdi Hüseynin ürəyini partlatdılar. O
adamlar ki, sonralar da elə öyrəncəkli olmuşdular ki, tribunalarda odlu-alovlu
çıxışlar edir, digər vətən oğullarının üzünə dirənərək öz ənənələrindən uzaq düşmürdülər.
Amma həyat heç nəyi borclu qoymur".
40 il ədəbi
fəaliyyət göstərərək ədəbiyyatımıza sədaqətlə xidmət etmiş Mehdi Hüseyn əsl sənətkar
ömrü yaşadı. Öyrənə-öyrənə, işləyə-işləyə, yüksələ-yüksələ. Mehdi Hüseyn ruhən
güclü, mənən təmiz insan, millətini sevən ədib olduğundan yazdığı bütün əsərlərində
mənəviyyatın qələbəsinə üstünlük vermişdir. O, qəhrəmanlarını rəğbət və məhəbbətlə,
inanaraq təqdim etmişdir. Əslində, Mehdi Hüseyn azadlığı, azad sözü sevirdi. Bəlkə
elə buna görə Nəriman Nərimanovdan bəhs edəcək əsərinin də adını
"Azadlıq" qoymuşdu. Heyiflər olsun ki, arzuları da ömrü kimi yarımçıq
qaldı.
Flora Xəlilzadə,
əməkdar jurnalist