• şənbə, 27 Aprel, 00:52
  • Baku Bakı 14°C

Avtomobillərə texniki baxış müddəti bitir

30.10.13 09:28 3680
Avtomobillərə texniki baxış müddəti bitir
“Azərbaycanda avtomobillərin dövlət texniki baxışından keçmə müddəti oktyabrın 31-də başa çatır. Bu müddət ərzində texniki baxışdan keçməyən avtomobillərin sürücüləri qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələnəcək”. Bu sözləri “Trend”-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. K.Əliyevin sözlərinə görə, sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidir: “Məsələn, maşının buraxılışı 2007-ci ildirsə, bunun 5-ci ili 2012-ci ilə düşür. Avtomaşın 2012-ci ildə texniki baxışdan keçibsə, o 2013-cü ildə keçmir, 2014-cü ildə keçir. Digər bir misal: Minik avtomobili 2008-ci ildirsə, maşının 5-ci ili düşür 2013-cü ilə, ona görə də həmin maşın bu il dövlət texniki baxışdan keçməlidir. Yəni minik avtomobili 2008-ci ildisə, baxmayaraq ki, avtomobil keçən il dövlət texniki baxışından keçib, onun keçən il keçdiyi texniki baxış, onun keçməli olmadığı 4-cü ilə düşür. Ona görə də həmin avtomobil bu il texniki baxışdan keçir, gələn il keçmir”.
Qanunvericilik
Qeyd edək ki, Yol Hərəkəti Haqqında “Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası 2013-cü il 5 aprel tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası və onun təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərarı ilə əlaqədar yeni qaydaların tətbiqinə 2013-cü ilin aprelin 20-dən başlanılıb.
Yeni qaydalara əsasən, minik avtomobilləri istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azaddırlar. 4 ildən sonra isə onlar iki ildə bir dəfə, istehsal tarixindən 10 il keçdikdən sonra isə hər il dövlət texniki baxışından keçməlidir. Əgər, məsələn, avtomobil istehsal tarixindən 9 il 8 ay sonra texniki baxışdan keçirsə, o, 10 il tamam olmadığına görə növbəti dəfə iki ildən sonra, daha sonrakı illərdə isə hər il texniki baxışdan keçməlidir”.
Maraqlıdır, ümumiyyətlə ölkəmizdə avtomobillərin texniki baxış prosesi necə həyata keçirilir və avtomobil sürücüsündən nə qədər rüsum tələb olunur?
Rüsum və cərimə
Baş Dövlət Yol Polisi İdarəsinin saytından əldə etdiyimiz məlumata görə, nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər kub santimetrinə görə - 0,01 manat, mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda, 20 manat, mühərrikin həcmi 3000 kub santimetrdən 4000 kub santimetrədək olduqda 40 manat, mühərrikin həcmi 4000 kub santimetrdən 5000 kub santimetrədək olduqda 70 manat, mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda 110 manat dövlət rüsumu ödənilir. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə isə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat miqdarında cərimələnirlər.
“Bəhanə ilə avtomobil sahiblərindən pul qoparmağa çalışırlar”
Məsələyə münasibət bildirən Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, ötən il yol hərəkəti haqqında qanuna edilən əlavə və dəyişikliklər vəziyyəti xeyli yüngülləşdirdi. Ekspertin sözlərinə görə, əgər texniki baxış prosedurası normal şəkildə həyata keçirilsə, çox yaxşı nəticələr əldə edilər. Ən azından insan mindiyi avtomobilin sazlığına əmin olar: “Lakin çox təəssüflər olsun ki, texniki baxış adı altında bəzən sürücülərə böhtan atılır. Məsələn, Maştağa texniki baxış stansiyası heç bir problem tapa bilməyəndə avtomobildə faraların düzgün vurmadığını, çarxların aralanmasını yalandan əsas gətirərək avtomobil sahiblərindən pul qoparmağa çalışırlar. Adını da qoyurlar ki, kompyuter belə deyir. Çox istərdik ki, bu baxış pul yığmaq üçün deyil, texniki təhlükəsizliyi həqiqətən də qorumaq üçün tətbiq edilsin”.
“Sürücülər incidilir”
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, texniki baxış prosesində yeniliklərə imza atılsa da, şəffaflıq hələ də təmin edilməyib: “Müşahidələrimiz göstərir ki, texniki baxışın keçirilməsində müəyyən qüsurlu hallar bu gün də mövcuddur. Əvvəllər olduğu kimi sürücülər incidilir, təhrik edilir. Çox təəssüf ki, bu və ya digər hallar bu gün də qalmaqdadır. Buna görə də mən hesab edirəm ki, bu sahədə islahatların aparılmasına hələ də ehtiyac var”.
Beynəlxalq təcrübə
Onu da deyək ki, yeni avtomobillər Fransa, İspaniya, Cənubi Koreya, Rusiya, Qazaxıstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad edilirlər. Fransa və İspaniyada 3 ili tamam olandan sonra istismar müddətinin 10 ilinə qədər maşınlar 2 ildən bir texniki baxışdan keçirilir. Almaniya və Yaponiyada yalnız 11-ci ilinə keçdikdə hər il texniki baxış tələb olunur. Rusiya və Qazaxıstanda 7, Polşada 4 ildən sonra hər il avtomobillərin texniki baxışdan keçirilməsi məcburi xarakter daşıyır. ABŞ-ın 13 ştatında isə avtomobillərin texniki baxışdan keçməsi vacib deyil. Yəni bu, maşın sahiblərinin istəyindən asılıdır. Digər ştatlarda isə ya hər il, ya da 2 ildən bir bütün avtomobillər texniki baxışdan keçmək məcburiyyətindədirlər.
Ukraynada və Gürcüstanda da avtomobillərə texniki baxış ləğv edilib. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili avtomobillərin texniki baxışın korrupsiya mənbəyi olduğunu düşünür. O hesab edir ki, avtomobil vətəndaşın və təşkilatın mülkiyyətidir və onun texniki sazlığında özü maraqlıdır, özü də qayğısına qalsın.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər